Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dillər Universitetində görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd olunub

21 Aprel 2017
 

Aprelin 21-də Azərbaycan Dillər Universitetində (ADU) Əməkdar Elm Xadimi, görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında Aqil Əliyevin xidmətləri” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə ADU-nun mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanova görkəmli alimin yubileyinin Prezident İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 8 dekabr tarixli Sərəncamına müvafiq olaraq təşkil edildiyini bildirib. “Dəyirmi masa”nın mahiyyətindən danışan S.Zamanova görkəmli alimin həyat və yaradıcılığı barədə məlumat verib. Professor A.Əliyevin zəngin elmi yaradıcılığı, əsərlərinin əhəmiyyəti və yüksək insani keyfiyyətlərindən söz açan kafedra müdiri onun Azərbaycan elminə qiymətli töhfələr verdiyini diqqətə çatdırıb. Görkəmli alimin yüksəkixtisaslı tibbi kadrların hazırlanmasındakı xidmətlərinə görə 1982-ci ildə Əməkdar Elm Xadimi fəxri adına layiq görüldüyü bildirilib, bu sahədə göstərdiyi yüksək xidmətlər haqqında danışılıb, onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılmasının mühüm yer tutduğu diqqətə çatdırılıb.

Universitetin sosial elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva görkəmli alimin səhiyyənin iqtisadiyyatına həsr etdiyi tədqiqatları ilə Azərbaycan elmində yeni istiqamət açdığını söyləyib, A.Əliyevin fəaliyyətində səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələlərinə toxunub. Professor A.Əliyevin Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi sxeminin tərtibçilərindən biri olduğu vurğulanıb.

A.Əliyevin Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən danışan dosent Zərifə Hüseynova alimin cəmiyyətin inkişafinda sosial sahənin roluna və əhəmiyyətinə həsr edilən qiymətli elmi əsərləri ilə iqtisad elmindəki boşluqların aradan qaldırıldığını bildirib. O, alimin “Aqrar iqtisadiyyatın aktual problemləri”, “Azərbaycanın sosial inkişafında islahatların rolu”, “İpək yolunun bərpası bəşəriyyətin tərəqqisi yoludur”, “Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri” və başqa əsərlərindən söz açıb, görkəmli iqtisadçının məhsuldar elmi tədqiqatları ilə yanaşı, pedaqoji fəaliyyətinə də diqqət çəkib.