Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ərdoğan: “ATƏT-ə etimad sarsılıb”

21 Aprel 2017
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 16-da keçirilmiş konstitusiya referendumuna qərəzli qiymət vermiş ATƏT müşahidəçilərinin mövqeyini tənqid etmişdir. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Dövlət başçısı “A News” telekanalına müsahibəsində qeyd etmişdir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun  (DTİHB) müşahidəçiləri arasında PKK terrorçularının tərəfdarları qarşısında çıxış etmiş danimarkalı parlamentar və Türkiyənin Əsas Qanununa dəyişikliklər edilməsinin əleyhdarlarını açıq şəkildə dəstəkləyən Bundestaq üzvü olmuşlar.

DTİHB müşahidə missiyası üzvlərinin hərəkətlərindən təəssüfləndiyini bildirən Prezident demişdir: “ATƏT-in müşahidəçiləri qərəzsiz olmalıdırlar, çünki yekunda seçkilərlə bağlı obyektiv hesabat hazırlamaq lazımdır. Onlar siyasi qüvvələrin, yaxud terrorçuların təbliğat mexanizminin tərkib hissəsinə çevrilməməlidirlər. ATƏT Türkiyəyə terrorçuların rəmzləri fonunda kameralar qarşısında poza verən, yaxud Türkiyə Konstitusiyasına dəyişikliklərin əleyhdarlarının aksiyalarında iştirak etmiş şəxsləri göndərir. İndi biz bu sənədləri ortaya qoyduqdan sonra ATƏT özünü necə müdafiə edəcək? Şübhəsiz, bu, beynəlxalq təşkilatın obyektivliyini və müstəqilliyini sual altına qoyur”. Ərdoğan əlavə etmişdir ki, ATƏT-ə etimad sarsılıb, çünki təşkilat üzərinə götürdüyü öhdəlikləri pozur.