Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMT KXDR-ə qarşı yeni sanksiyalar tətbiq edəcək

21 Aprel 2017
BMT-nin Təhlükəsizlik Şurası bu yaxınlarda Şimali Koreyanın keçirdiyi raket sınaqlarını kəskin şəkildə pisləmişdir. Aprelin 20-də qəbul olunmuş bəyanatda KXDR-in hərəkətləri sabitliyi pozan addımlar kimi qiymətləndirilmişdir. Təhlükəsizlik Şurasının üzvləri Pxenyandan müvafiq qətnamələri pozmağa dərhal son qoymağı tələb etmişlər.

Sənəddə həmçinin deyilir ki, Təhlükəsizlik Şurası hadisələrin inkişafını izləyəcək və KXDR-ə münasibətdə növbəti tədbirlər, o cümlədən yeni sanksiyalar qəbul edəcək.

Son vaxtlar Şimali Koreya ətrafında vəziyyət gərginləşmişdir. Aprelin 16-da KXDR növbəti raket sınağı keçirmişdir. Sınaq uğursuz alınmışdır. Raket startdan dərhal sonra partlamışdır. Bundan bir gün əvvəl isə Pxenyanda keçirilmiş hərbi parad zamanı 56 tip raket nümayiş etdirilmişdir. Onların arasında yeni qitələrarası ballistik raketin də olduğu güman edilir.

Vaşinqton bundan əvvəl bildirmişdi ki, Şimali Koreyadan qaynaqlanan təhlükə ilə əlaqədar hadisələrin inkişafının “hərbi variantlar”ını təhlil edəcək. Bundan sonra ABŞ Koreya yarımadasına bir neçə hərbi gəmi göndərmişdir.