Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

21 Aprel 2017
 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AZƏRTAC xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 21-də Qobustandakı Gənclər mərkəzində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər qoyublar.

Qəbula gələn vətəndaşların müraciəti əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların fəaliyyəti, Quran kurslarının təşkili və sair məsələlərlə bağlı olub.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Qəbula gələnlər yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.