Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır

21 Aprel 2017
 

Dubay Əmirliyində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının iclasında ölkəmizi komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Görüşdə, həmçinin Azərbaycanın BƏƏ-ki səfiri Daşqın Şikarov iştirak edib.

Ölkəmizi təmsil edən hökumət rəsmiləri və iş adamlarından ibarət nümayəndə heyəti keçirdikləri görüşlərdə Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi, ticarət, investisiya, logistika, səhiyyə və turizm sahələrində əməkdaşlığının mövcud durumu və perspektivlərini müzakirə edib.

BƏƏ-nin iqtisadiyyat naziri, komissiyanın həmsədri Sultan bin Said Əl-Mənsuri ölkəsinin Azərbaycanla çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib. Nazir Əl-Mənsuri münasibətlərin son 3 ilinə dair statistik göstəricilərə nəzər salaraq qeyd etdi ki, Azərbaycandakı əlverişli biznes mühiti və investisiya imkanları, habelə dövlətin Körfəz regionu ilə əməkdaşlığa verdiyi önəm iki ölkə arasında ticarət və turizm əlaqələrinin qısa zamanda sürətli inkişafına səbəb olub.

Birgə hökumətlərarası komissiyanın iclasında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, komissiyanın həmsədri Şahin Mustafayev BƏƏ ilə əlaqələrin mövcud durumunu və gələcək perspektivlərini dəyərləndirib. Nazir iqtisadi, ticarət, logistika və turizm sahələrində əməkdaşlığın qısa müddətdə verdiyi töhfələri qeyd edərək bildirib ki, son illər Azərbaycanda Ərəb Əmirliklərini təmsil edən investor şirkətlərin sayının artması ölkəmizdə həyata keçirilən mütərəqqi iqtisadi islahatlar sayəsində gerçəkləşib. Nazir növbəti ildən təhsil və səhiyyə sahələrində də qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı layihələrin hazırlandığını qeyd edib. Ş.Mustafayev 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladıb və bildirib ki, bu il ərzində Azərbaycan Birləşmiş Ərəb Əmirliklərində öz ticarət və turizm imkanlarına həsr olunmuş tədbir keçirməyi planlaşdırır.

Sonda Dubayda keçirilən Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri arasında İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokolu imzalanıb.

 

AZƏRTAC