Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sumqayıt və Xaçmaz məktəbliləri “Şahin” hərbi-idman oyunlarının final mərhələsində yarışacaq

21 Aprel 2017
 

Yuxarı sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının final mərhələsində şimal zonasını təmsil edən komandalar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Qusardakı N saylı hərbi hissədə təşkil olunan birincilikdə Sumqayıt, Abşeron, Qubadlı, Quba, Xaçmaz, Siyəzən, Şabran və Xızını təmsil edən komandalar qələbə uğrunda mübarizə aparıb.

Yarışlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Gənclər və İdman və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Komandalar yarış ərzində müxtəlif tapşırıqları yerinə yetirməklə bir neçə mərhələdə qüvvələrini sınayıblar. Sıra hazırlığı, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açma, maneənin dəf olunması, mülki müdafiə hazırlığı kimi mərhələlər gərgin mübarizə ilə yadda qalıb.

Yekun qərara əsasən Sumqayıt komandası birinci, Xaçmaz məktəbliləri isə ikinci pilləyə yüksəlib. Hər iki komanda “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıb.

Yarışın qalibləri fəxri fərmanlarla təltif olunublar.