Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2921 çeşiddə məhsul, 116 ölkəyə ixrac...

21 Aprel 2017
 

İlham Əliyev “Made in Azerbaijan”ı dünya bazarında nüfuzlu brendə çevirməyə müvəffəq oldu

 

Milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi aparılan iqtisadi siyasətin düzgünlüyünü təsdiq edir. Azərbaycan qlobal böhranın yeni mərhələyə keçdiyi bir dövrdə iqtisadi və siyasi çağırışlara adekvat olaraq islahatları davam etdirir. 2017-ci ilin birinci rübündə iqtisadiyyatda əldə olunan müsbət nəticələr deməyə əsas verir ki, müstəqil Azərbaycan qlobal böhran şəraitində belə davamlı inkişaf edir.

İqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. İqtisadiyyatın liberallaşdırılması, investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Bu gün iqtisadiyyatımızın təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Cari ilin üç ayında ticarət dövriyyəsi 15 faiz, kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. Müsbət saldo 1 milyard dollardan artıq olub.

Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi rəqabətqabiliyyətliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsi həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Bu, təsadüfi olmayıb, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gəlir. Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən Azərbaycanda yerli və xarici sahibkarların qüdrətli hamisinə çevrilmiş dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına ölkəmizdə özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə qəbul olunmuş qanunla 2015-ci il noyabrın 1-dən sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətinə dayandırılması da bu islahatların praktik davamı kimi xüsusi vurğulanmalıdır. Bu addımlar mahiyyətcə qlobal maliyyə böhranı dövründə təkcə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına deyil, həm də demokratik inkişafın, sabitliyin qarantı olan orta burjuaziyanın formalaşmasına yönəlmişdir.

Son illər Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. İqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanında qeyd olunduğu kimi, “Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir”.

Bu strateji sənəd deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın hazırkı uğurları ilə arxayınlaşmağı düzgün saymayaraq uzunmüddətli inkişafın dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını təmin etmişdir. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu, azı üç dəfədən çox artım deməkdir. Qlobal böhran şəraitində reallaşdırılan inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir.

Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə 18 yanvar 2016-cı il tarixində “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da mühüm əhəmiyyətli sənəd oldu. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi istiqamətində görülən işlər real nəticələr verməkdədir. İxrac məlumat bazasının (elektron portal) formalaşdırılması da bu istiqamətdə görülən işlərdəndir. “Azexport” portalı bu gün artıq dünya miqyasında özünü tanıtdıra bilib və bu portala maraq getdikcə artır.

Prezident İlham Əliyev Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirib ki, “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır: “Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Mənə verilən məlumata görə, bir neçə sərgidə artıq kontraktlar da imzalanmışdır. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir”.

Qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını artırıb. Cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6 faiz (üzən platformanı istisna etsək, 32,5 faiz), o cümlədən sənaye məhsullarının ixracı, həmin platformanı istisna etsək, 25 faiz artıb. Bu dövr ərzində tərəvəz ixracı 45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6 dəfə, süd məhsulları ixracı 3,6 dəfə, spirtli və spirtsiz içki ixracı 2,3 dəfə, emal olunmuş meyvə-tərəvəz məhsulları ixracı isə 39 faiz artıb. Kimya sənayesi məhsulları 85 faiz, toxuculuq məmulatları 65 faiz, alüminium və ondan məmulatlar 43 faiz, plastiklər 33 faiz, avadanlıqlar, mexaniki qurğular və hissələri 2,1 dəfə çoxalıb. Qeyri-neft ixracının 45 faizi MDB dövlətləri və Gürcüstanın, 26 faizi Türkiyənin, 12 faizi Avropa İttifaqı ölkələrinin, 4 faizi Çinin, 13 faizi isə digər ölkələrin payına düşüb.

İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına təşviq verilir. “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları” təsdiq olunduğu tarixdən ötən 5 ay ərzində Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Çin Xalq Respublikasında keçirilən beynəlxalq şərabçılıq sərgisində şərab məhsullarımızdan biri qızıl medala layiq görülüb və 500 min şüşə şərabın Çinə ixracına dair imzalanmış müqavilənin icrasına başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində nar şirəsi, alma və balın ixracına dair razılaşmalar əldə edilib.

Yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin açılması yerli tələbatı ödəməklə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialını artımağa da imkan verib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəz, 23 taxıl anbarı, 16 meyvə-tərəvəz emalı, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatı, 10 süd emalı müəssisələri yaradılıb ki, bu da aqrar sektorda ixracın artırılmasına böyük imkanlar açıb.

Prezident İlham Əliyev tərəfindən qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul edilən qərarlar sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına gətirib çıxarıb. Ölkə iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə geniş infrastruktur quruculuğu aparılıb və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb. Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən və ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluğuna öz töhfəsini verəcək.

Qeyd edək ki, Azərbaycan ümumilikdə 186 ölkə ilə ticarət əlaqələrinə malikdir. Ən uğurlu göstərici isə ixrac prosesindədir. Belə ki, respublikamız 2921 çeşiddə məhsulu 116 ölkəyə ixrac edir.

Azərbaycanda həyata keçirilən kompleks islahatlar qeyri-neft sektorunun davamlı inkişafına stimul yaradıb. Respublikanın əldə etdiyi nailiyyətlərin dünyanın ən nəhəng reytinq təşkilatlarının hesabatlarında əksini tapması ölkəmizdə aparılan islahatların uğurlarından xəbər verir.

 

Elnur HACALIYEV,

“Azərbaycan”