Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti

21 Aprel 2017
 

Sovet hakimiyyəti dövründə bütün respublikaların, o cümlədən Azərbaycanın təhlükəsizliyini Moskva qoruyurdu. Bu təhlükəsizliyin əsası sərhədlərin qorunması olsa da, cap məhsullarına nəzarət yüksək səviyyədə aparılırdı. Belə ki, “QLAVLİT” (mətbuatda dövlət sirlərini mühafizə edən idarə) deyilən senzura qurumunda bütün ölkədə nəşr olunan kütləvi informasiya vasitələri “süzgəcdən” keçəndən sonra çapına icazə verilirdi.

İndi vəziyyət dəyişib. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk növbədə təhlükəsizliyin qayğısına qaldı, vahid informasiya siyasətini formalaşdırmağa başladı. Bu, yenicə müstəqilliyə qovuşmuş Azərbaycan üçün bir o qədər də asan deyildi. Keçən əsrin sonlarında bir sıra xarici qüvvələrin ölkəmizə qarşı həyata keçirdikləri informasiya müdaxiləsi etnik qruplar arasında qarşıdurma yaradılmasına hesablanmışdı. Məqsədləri ölkədə xaos yaratmaq idi. Bir sözlə, ölkəmiz “ayaq üstə durmağa başlayanda”, öz dəyərlərini dünyaya nümayiş etdirmək gücündə olanda gözü götürməyən bədxahlar qarayaxma kampaniyasına start verirlər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun təbirincə desək, xarici dairələr bununla kifayətlənməyərək Azərbaycanın ictimai rəyinə, daxili və xarici siyasətinə təsir göstərmək məqsədilə çoxsaylı, dini, ideoloji, informasiya və təbliğat şaxələri yaratmış və öz məqsədləri üçün istifadə etmişlər. Belə təxribatçı hərəkətlər ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətin cəmiyyət üzərindəki nəzarətinin itirilməsinə və daxili anarxiyanın yaranmasına yönəlmişdi.
Həmin dövrdə Azərbaycanda informasiya texnologiyaları iflic vəziyyətində olduğundan xaricə çıxış çox çətin idi . “Beynəlxalq informasiya gücləri” xaricə çıxışı nəzarət altında saxlayırdı. Bu da istər-istəməz informasiya təhlükəsizliyi sahəsində problem yaradırdı. Belə vəziyyətlə barışmaq olmazdı. Odur ki, Azərbaycan dövləti informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına mühüm əhəmiyyət verir və bu sahədə milli qanunvericilik bazasını təkmilləşdirirdi. Bu da imkan yaradırdı ki, jurnalistikamız dünyanın sivil təcrübəsinə söykənsin. “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya haqqında”, “Dövlət sirri haqqında” və s. qanunların qəbulu bir daha göstərir ki, Azərbaycan İKT sahəsinə xüsusi diqqət yetirir, onun inkişafı və təkmilləşdirilməsi qayğısına qalır.
Onu da qeyd edək ki, informasiya təhlükəsizliyinin təmin olunması məsələləri Azərbaycan Respublikasının qəbul etdiyi bir sıra sənədlərdə, o cümlədən “Milli Təhlükəsizlik Konsepsiyası”nda və “Milli təhlükəsizlik haqqında” qanunda da öz əksini tapmışdır. Konsepsiyada qeyd olunur ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsinə əsaslanır. Konsepsiyada eyni zamanda qeyd olunur ki, kəşfiyyat və əkskəşfiyyat qabiliyyətinin uzlaşdırılması və səmərəliliyinin artırılması, habelə məxfi informasiyanın mühafizə olunmasının koordinasiyası milli təhlükəsizlik sektorunun bu sahəsində əsas məsələlərdəndir.
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti “Milli təhlükəsizlik haqqında” qanunda geniş əks olunub. Qanunda Azərbaycanın informasiya sahəsində əsas milli maraqlarını vətəndaşların məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi konstitusiya hüquqlarının təmin edilməsi, dünya rabitə və informasiya sisteminə daxil olması, informasiya məkanının formalaşması və onun qorunmasının təmin edilməsi qeyd olunur. Qanunun 7-ci maddəsində isə göstərilir ki, milli maraqların həyata keçirilməsinə mane olan və onlara təhlükə yaradan şərait, proses və amillər Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər yaradır. Bu təhdidlər şəraitdən asılı olaraq xarici və daxili təhdidlərdən ibarətdir.
İnformasiya təhlükəsizliyi sahəsindəki əsas təhdidlər qanunda belə təsvir olunur:

* informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkanına daxil olmağa maneələrin mövcudluğu;
* informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər;
* dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər;
* digər ölkələr tərəfindən Azərbaycana informasiya təcavüzü, beynəlxalq aləmdə ölkə həqiqətlərinin təhrif edilməsi;
* informasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər və s.

Deməli, informasiya təhlükəsizliyinə təhdidlərin qarşısı vaxtında alınmalıdır. Əgər belə təhdidlər vaxtında aşkar edilib qarşısı alınmasa, müdafiə və digər sahələrdə milli maraqlara ciddi zərbə vurulmasına gətirib çıxara bilər.
Azərbaycanda dünyəvi, hüquqi və demokratik prinsiplərin həyata keçirilməsi istiqamətində xeyli iş görülüb. O cümlədən, demokratik cəmiyyətin atributu olan mətbuat və söz azadlığının təmin olunması üçün maneələr aradan qaldırılıb. Hər bir jurnalist kütləvi informasiya azadlığından sui-istifadə etməməli, qanun çərçivəsində fəaliyyət göstərməli, öz peşəsinə vicdanla yanaşmalıdır. Jurnalist bilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə çağırmaq, dövlətin bütövlüyünə qəsd etmək, o cümlədən müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunması qanunla qadağandır.
Azərbaycanın informasiya təhlükəsizliyi məsələlərini diqqətdə saxlayan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş illik toplantısında demişdir ki, hazırda bizə qarşı dünyada sistemli informasiya müharibəsi aparan qüvvələr mövcuddur. Elə ölkələr var ki, orada hər həftə, hər gün Azərbaycanla bağlı böhtan xarakterli yazılar dərc edirlər. Təbii ki, bu, əlaqələndirilmiş bir antiazərbaycan siyasətidir. Bu işdə ilk növbədə erməni lobbisinin fəallığını qeyd etmək lazımdır.
Azərbaycanın informasiya təhlükəsizliyi dövlət siyasətidir və ölkənin milli maraqlarından irəli gəlir. 2014-cü ilin sentyabr ayında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilən müşavirədə də informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilmişdir. Ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin də iştirak etdiyi müşavirədə vurğulanmışdır ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-in fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV cəmiyyətdə, xüsusilə gənc nəsil arasında vətənə sevgi hisləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına öz töhfəsini verməlidir.
Bəs, görəsən, Azərbaycanın kütləvi informasiya vasitələri qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilirmi? Müharibə şəraitində xaotik informasiyalara son qoyubmu? Ermənilərin antiazərbaycan yazılarına tutarlı cavab verirmi? Mətbuat Şurasının keçirdiyi “Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” adlı konfransda medianın məsuliyyət məsələsi diqqət mərkəzinə gətirildi. Medianın bu sahədəki nöqsanları qeyd olundu. Göstərildi ki, qəzetlərdən fərqli olaraq, cəbhə xəbərlərində aktiv olan və tanınmayan saytlar informasiyaları araşdırmadan yayır. Əgər belə demək mümkünsə, bəzən yalan baş alıb gedir. Konfrans iştirakçıları problemlərin həlli üçün jurnalistlərin məsuliyyətinin artırılmasının vacibliyini qeyd etdilər.
Ermənistanın hərbi doktrinası, milli təhlükəsizlik strategiyası qondarma “Dağlıq Qarabağ respublikası”nın maraqlarına xidmət edir. Bu sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın milli maraqları çərçivəsində həll edilməsi Ermənistanın milli təhlükəsizliyinin əsas vəzifəsi kimi göstərilir. Ermənistanın təbliğat maşını gecəli-gündüzlü bu istiqamətdə fəaliyyətdədir.
Sirr deyil ki, Azərbaycan da Ermənistana qarşı informasiya müharibəsi aparır. Həm Azərbaycanın, həm də Ermənistanın informasiyalarını diqqətlə oxuduqda məlum olur ki, ermənilər daha ehtiyatlı mövqe tuturlar. Bizim qəzetlər isə bəzən erməni mətbuatının yazdıqlarını öz səhifələrində tirajlayırlar. Halbuki şərhlər vermək, ermənilərin məkrli niyyətlərini faktlarla ifşa etmək lazımdır. Özü də yaxşı olardı ki, Azərbaycanda çıxan xarici dilli mətbuat orqanları və internet saytları bu işdə fəallıq göstərsin. Odur ki, bir neçə dildə mətbuat orqanlarının çapına və onların elektron variantına nail olmalıyıq. Bu da Azərbaycanın mövqeyinin möhkəmlənməsinə dəstək verər.
Yeri gəlmişkən onu da bildirək ki, informasiya təhlükəsizliyini təmin etmək üçün dünya ölkələri informasiya təhlükəsizliyi üzrə standartlar qəbul ediblər. İnformasiya təhlükəsizliyi sahəsində tarixən ilk standart ABŞ Müdafiə Nazirliyinin “Etibarlı kompüter sistemlərinin qiymətləndirilməsi meyarları” olmuşdur. Cildin rənginə görə çox vaxt “Narıncı kitab” adlanan bu standart ilk dəfə 1983-cü ildə nəşr edilmişdir. Bu kitabın nəşri informasiya təhlükəsizliyi sahəsində çox böyük əhəmiyyətli hadisə idi.
Son illər Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində dövlət səviyyəsində bir sıra tədbirlər görülmüşdür. Bu tədbirlər sırasında “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanını (26 sentyabr 2012-ci il) qeyd etmək olar.
İndiki şəraitdə informasiya, silahlardan fərqli olaraq, daha dağıdıcı qüvvəyə malikdir. Bu gücü dərk etmək, ölkənin informasiya üstünlüklərini qoruyub saxlamaq, düşmənin informasiya sistemini dağıtmaq üçün mübarizə gücləndirilməlidir.

Akif RÜSTƏMOV,
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru