Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ömrün dəyəri halal zəhmətdədir

21 Aprel 2017
 

Yurdumuzun yazı badam, gilənar ağaclarının çiçəklənməsi ilə başlayır. Yazın vaxtında-vədəsində gəlişinə əkinçi-biçinçi hamıdan çox sevinir. Gözünü torpağın barına-bərəkətinə dikən bu adamlar yazın gəlişindən bir halallıq, bərəkət ətri duyurlar. Zərdabın ucqar kəndində - Seyidlərdə də yazın gəlişi torpağa bir oyanış, dirçəliş gətirib. Kəndin yaşlı sakini İsfəndiyar kişi deyir ki, bu ilin yazı bərəkətli olacaq. Ona görə ki, sabahın gözü açılan kimi bu yerlərdən yaz dumanı çəkilmir. 

Axı müdriklər deyib ki, qış dumanı qar gətirər, yaz dumanı bar. Bir də İsfəndiyar kişi deyir ki, gərək ötən illərin səhvlərini təkrar etməyək. Növbəli əkinə, çoxşaxəli təsərrüfata üstünlük verək. Dövlət də bunu tələb edir. Qədərincə subsidiya, vəsait də ayrılır. Qalır əkinçinin bacarığı, qabiliyyəti, işə münasibəti... Bir vaxtlar belə şeylər üçün vaxt ayırmazdılar. Elə bil əkinçiyə, biçinçiyə hər şey hazır resept şəklində göndərilirdi. O çərçivədən kənara çıxmaq olmazdı. İsfəndiyar kişi deyir ki, bu illərdə təsərrüfat bir yön üzrə inkişaf edirdi. Bütün gücü pambıqçılığa sərf edirdik, daha doğrusu, ailəvi bu işə cəlb olunurduq. Açığını deyim ki, gəlirimiz o qədər də çox olmurdu. Pambığın hər kiloqramına cəmi 8-10 qəpik pul verirdilər. Bu dəyişməz rəqəm il boyu davam edirdi. Elə gəlirimiz də bununla tənzimlənirdi. Ayrı əlacımız yox idi...
İsfəndiyar kişi əlini günlük edib gözünün üstünə qoydu. Sonra böyük əkin sahəsini göstərdi ki, bu gün bu yerlərdə təkcə pambıqçılıq yox, nədən çox qazanırıqsa, onu da əkib-biçirik. İndi əkin-biçinə çox sərbəstlik verilib. Gərək vaxtdan-vədədən, verilən imkandan düzgün istifadə edəsən. Gəlirini-çıxarını da özün hesablayasan. Nə qədər diribaşlıq, çeviklik göstərsən, bir o qədər çox qazanarsan.
Söhbətimizin bu yerində İsfəndiyar kişi bəzi gileylərini də gizlətmədi: - A bala, bu yerlər Kür qırağının qızıl fondunu yaradır. Gördüyün bu Tuqay meşələrinin başına o qədər bəlalar gətiriblər ki... Bəzən bu meşələr hektarlarla seyrəldilirdi. Doğrusu, buna etiraz edə bilmirdik, səsimiz eşidilmirdi. Nə yaxşı ki, o vaxt xeyirxah adamlar, təpərli kişilər vardı. Yoxsa bu Tuqay meşələri seyrələ-seyrələ yox olardı.
İsfəndiyar kişi dedi ki, o illəri yaxşı xatırlayıram. Yenə qərar verilmişdi ki, Kürqırağı Tuqay meşələrinin bir hissəsi əkinçiliyə ayrılsın. Onda harayımıza akademik Həsən Əliyev çatdı. Bu yerləri qarış-qarış gəzirdi. O yerdə ki təbiətə qayğı, diqqət tələb olunurdu, o kişi köməyini əsirgəməzdi. Ciddi bir qərəz, təbiətə zərbə görəndə etiraz səsini qaldırar, ötkəmliklə deyərdi: “Gərək bu yerləri naşı adamların əlində oyuncağa çevirməyək. Meşə əvəzsiz sərvətdir. Onu qorumağa hamılıqla cəlb olunmalıyıq. Mal-qaranın, təsadüfi adamların ümidinə qalan meşə sabah görkəmini tamamilə dəyişəcək. Bunun qarşısını vaxtında almalıyıq”. O, öz məqsədinə çatana qədər çalışırdı. Biz ona müraciət edəndə bilirdik ki, mütləq nəticə olacaq. Doğrudan da, məsələyə tələbkarlıqla, prinsipiallıqla yanaşdı. Deyirdi ki, meşəni beş-on günə ərsəyə gətirmək olmaz. Gərək hər şeyin dəyərini vaxtında-vədəsində verək. İsfəndiyar kişi o illərdə akademik Həsən Əliyevə müraciət etdiklərinə görə özünə bir təskinlik verdi: - Bu gün hər şeyi öz qabiliyyətin, bacarığın həll edir. Bazarın tələbinə uyğun məhsul əkib-becərə bilərsən, amma onda belə şeylərə məhəl qoyan yox idi. Müqayisə üçün bir fakt deyim: ötən illər ölkəmizdə nisbətən soğan qıtlığı yarandı. Əkinçi-biçinçi də bütün gücünü bu sahəyə ayırdı. Bir ucdan əkdilər. Sonra bazarın tələbi ilə təklifi uyğun gəlmədi. Məhsulumuz anbarda qaldı. Soğanın qiyməti xeyli aşağı düşdü. Belə olanda əkinçi bir çaşqınlıq keçirir. Sözün düzü, plansız təsərrüfatın taleyindən narahat oluruq.
İsfəndiyar kişi çox şeylərdən danışdı: - Qiymətlərin mütəhərrikliyindən, gübrə qıtlığından, su çatışmazlığından, bir də mütəxəssis azlığından. O illərin aqronomlarını indi çıraqla axtarırıq. Bilirsən, ay oğul, zər qədrini zərgər bilər. Aqronom hiss edəndə ki onun əməyi qədərincə qiymətləndirilmir, onda gec-tez təsərrüfatdan uzaq düşür. Onları da qınamıram. Axı hər kəs qabiliyyətini sınamaq istəyir. Elə ki zəhmətinin dəyərini görmür, təsərrüfatdan birdəfəlik ayrılır.
İsfəndiyar kişi yaşının bu çağında,
80-i haqlayan vədəsində köhnə vərdişlərindən ayrılmır. Deyir ki, hər gün sübh tezdən əkinəyararlı torpaq sahələrini qarış-qarış gəzirəm. Ona sevinirəm ki, bizim bu yerlərdə torpaq verimsiz deyil. Elə ki işə can yandırdın, torpağa istədiyini verdin, onda səni gözü yolda qoymaz, barını-bərəkətini əsirgəməz. Torpaqla ülfətini pozdunsa, yenə ziyan sənə dəyəcək...
İsfəndiyar İsmayılov ömrünün dəyərini halal zəhmətdə görür. Deyir ki, məni yaşadan, gümrah saxlayan torpaqdır. Bu gün adamlar şəhərə can atırlar. Gedib kirayə evlərə sığınır, çətin günlər yaşayırlar. Övladlarıma, iki oğluma - Oruca, İldırıma məktub yazmışam. Yazmışam ki, daha mən qocalmışam, qayıdın gəlin. Bu torpağa, ev-eşiyə sahib olun. Zorla şəhərə pərçim olmağın mənası yoxdur. Gec-tez şəhər öz seçimini edəcək. Vallah, bu balaca kəndin boşalmasını görəndə o qədər kövrəlirəm ki... Bura ata-baba yurdumdur axı! İstəyirəm ki, boş qalmasın. Bizim varislərimiz var. Qoy ənənəmiz uzun illər yaşasın. Əkinçinin yurdu boş qalanda təkcə kənd yox, şəhər də korluq çəkir. Deyəsən, belə şeylər müraciətlə, məktubla düzələn deyil. Gərək adamın öz canında təpər olsun. Torpaq sevgisi, yurd-yuvaya bağlılıq başqa şeydir, ay oğul. Nə deyim, vallah. Mən bacardığımı edirəm ki, uşaqlar doğma yerlərdən ayrı düşməsinlər.
Bir vaxtlar bu balaca kənd evlərinin çal-çağırlı, toy-büsatlı günləri vardı. Adamlar yaz axşamlarını bir yerdə keçirər, şirin söhbətlərdən ötrü qəribsəyərdilər. Nədənsə bu gün kəndin o dadı-tamı azalıb, adamlar bir-birindən uzaq düşüb. Bunun da xiffətini çəkirik.
İsfəndiyar kişi bu balaca kəndlə bağlı o qədər maraqlı xatirələr danışdı ki... Amma sözünün sonucu bu oldu ki, gərək əkin-biçindən ayrılmayaq, kəndi öz gücümüzlə özümüz dirçəldək.
İsfəndiyar kişi ilə söhbətimizin sonunda o qədər səmimi etiraflar oldu ki... Dedim ki, bu yerlər üçün hər gün darıxıram. Lap qarğı atlara minib kəndin bu başından o başına səyirtdiyimiz günləri xatırlayıram. O günləri unutmaq çətindir. Bu gün kəndin sosial dirçəlişi, inkişaf yönümü bir qədər dəyişib. Müasirlik, yenilik diqqəti çox cəlb edir. Nə yaxşı ki Zərdabın bu ucqar kəndi sosial görkəmi ilə yeniləşməkdədir. Müasir məktəbi, xəstəxanası, abad yolu, qazı, suyu... Bir sözlə, sosial dirçəlişə xidmət edən hər şey var. Heydər Əliyev Fondunun bu yerlərdə gördüyü işlər hər kəsin ürəyincədir. Bu gün kəndin tələbi nədirsə, ona uyğun iş görülür. İsfəndiyar kişi ayrılanda dedi ki, bu yerlərə tez-tez gəlin. İnkişaf, abadlıq görəcəksiniz. Görəcəksiniz ki, kənd fəsil-fəsil dəyişir. Elə adamlar da bu inkişafın tərəfdarıdır...

Bəşir ŞƏRİFLİ,
“Azərbaycan”