Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tillerson İranla nüvə sövdələşməsini səhv hesab edir

20 Aprel 2017
İranın atom proqramı ilə bağlı beynəlxalq saziş dünya tarixində ən parlaq diplomatik nailiyyətlərdən sayılır. Lakin ABŞ-ın dövlət katibi Reks Tillerson onu səhv hesab etmiş və Tehrana münasibətdə siyasətə yenidən baxılacağını bildirmişdir. Tilliersonun fikrincə, bu sövdələşmə İranı nüvə silahı hazırlamaqdan çəkindirmir, sadəcə bu ölkənin böyük nüvə dövlətinə çevrilməsinin qarşısını müvəqqəti olaraq alır. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Dövlət katibi vurğulamışdır ki, İranın nüvə proqramı ilə bağlı imzalanmış sənəd bu ölkədən qaynaqlanan bir sıra digər təhlükələri nəzərə almır. Bu səbəbdən ABŞ İranın siyasətinin bütün aspektlərini diqqətlə öyrənir və təhlilin yekunlarına görə müvafiq qərarlar qəbul edəcək.

Tillerson İran hökumətini çoxsaylı münaqişələri qızışdırmaqda, ABŞ-ın Suriya, Yəmən, İraq və Livanda maraqlarına xələl gətirməkdə, habelə İsrailə qarşı təxribatları dəstəkləməkdə ittiham etmişdir.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın dövlət katibi Konqresin Nümayəndələr Palatasının sədri Pol Rayana məktubunda Tehranın nüvə proqramı barədə sazişə riayət etdiyini təsdiqləmişdi. O eyni zamanda qeyd etmişdi ki, İran terrorizmin əsas sponsorlarından biri olaraq qalır.