Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə birgə müəssisələr yaradılmasında maraqlıdır

20 Aprel 2017
 

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sıx əməkdaşlıqda, sənaye, logistika və nəqliyyat sahələrində birgə müəssisələr yaradılmasında maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahil Babayev BƏƏ-də səfərdə olan Azərbaycan nümayəndə heyətinin Dubay Ticarət-Sənaye Palatasının rəhbərliyi ilə görüşündə deyib.

S.Babayevin sözlərinə görə, Azərbaycan, həmçinin ölkəyə ərəb şirkətlərinin cəlb edilməsində maraqlıdır. O deyib: “Azərbaycanın BƏƏ-yə yatırdığı investisiya 300 milyon dollara çatıb. Öz növbəsində Azərbaycanda BƏƏ-dən 255 şirkət fəaliyyət göstərir. Azərbaycan xarici investorlar üçün ideal bazar hesab edilir, ölkədə siyasi və iqtisadi sabitlik hökm sürür, həmçinin ixtisaslaşmış işçi qüvvəsi, qonşu Gürcüstanın, Özbəkistanın, Qazaxıstanın və s. əsas bazarlarına çıxmaq kimi bir çox digər üstünlüklər mövcuddur”.

Nazir müavini xüsusilə vurğulayıb ki, Azərbaycan hökuməti qarşılıqlı ticarət və əməkdaşlığın inkişafı üçün bütün imkanların öyrənilməsində maraqlıdır.

Azərbaycan nümayəndə heyətinə müraciət edən Dubay Ticarət-Sənaye Palatası sədrinin müavini Məcil əl-Şəmsi son illər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əlaqələrinin effektivliyini, hər iki tərəfdən yüksək səviyyədə həyata keçirilən səfərlər nəticəsində bu əlaqələrin daha da gücləndiyini vurğulayıb. Bildirib ki, 2012-ci ildə Bakıda Dubay Ticarət-Sənaye Palatasının birinci nümayəndəliyinin açılmasından sonra Azərbaycan ilə Dubay arasında qeyri-neft sektorunda ticarətin həcmi xeyli dərəcədə artıb. Palatada qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərinin sayı 230-u keçib. Ötən il Dubay ilə Azərbaycan arasında qeyri-neft sektorunda ticarətin həcmi 808 milyon dirhəm (220 milyon dollar) təşkil edib.

 

AZƏRTAC