Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu evin sonbeşiyi yoxdu...

20 Aprel 2017
 

İxtisaslaşmış uşaq evi, psixonevroloji uşaq evi, uşaq psixonevroloji mərkəzi... Fəaliyyət göstərdiyi ötən əsrin 80-ci illərindən bəri üç dəfə ad dəyişikliyinə məruz qalıb. Həm də təkcə ad dəyişikliyinə yox...

2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərdiyi böyük qayğı nəticəsində Uşaq nevroloji mərkəzin indi yerləşdiyi dördmərtəbəli bina tikilib. 2009-cu il mayın 4-də Prezident İlham Əliyev xanımı ilə birlikdə mərkəzdə olub. 2015-ci ildə yenə də Heydər Əliyev Fondunun yardımı ilə binada rekonstruksiya işləri aparılıb, çoxlu yeni avadanlıq və müalicə aparatları alınıb.

-Bura əsasən üç cür xəstələri qəbul edirik: uşaq serebral iflici, əqli və fiziki inkişaf geriliyi olanlar və autizmlə doğulan uşaqları. Uşaq nə qədər erkən müalicəyə cəlb olunursa, nəticəsi də o qədər yaxşı olur. Amma nə gizlədim, aparılan müalicələrə, gecəli-gündüzlü çalışmağımıza baxmayaraq şəfa tapmayan xəstələr də var. Bizdə 6 yaşında uşaq var, nə fiziki, nə psixi cəhətdən altı aylıq uşaqdan heç nə ilə fərqlənmir. Onu zondla, əmziklə, qaşıqla yedizdiririk, amma zərrə qədər də inkişaf yoxdu...

Uşaq psixonevroloji mərkəzin baş həkimi İradə Musayevanın söylədiklərinə soyuqqanlı qulaq asmaq olmur. Ancaq baş həkim bu qədər qayğının içində işıqlı məqamlar da tapır:

-Bu il 3 uşağı övladlığa vermişik, daha 4 uşağın övladlığa verilməsi üçün sənədlər hazırlanır. Uşaqlardan ikisi ağır əməliyyatdan çıxıb. Onlardan birinin üzərində uğurlu cinsi, digərinin burun-ağız boşluğunda eybəcərliklə əlaqədar bir neçə əməliyyat aparılıb. İndi onlara sahib çıxanlar, övladlığa götürənlər var. Əsas məqsəd ondan ibarətdir ki, sağalan uşaqları valideyn himayəsinə verək.

Asiman Məmmədova bu il fevralın 5-də eybəcərlik, uzunsov beynin atrofiyası və digər genetik problemlərlə dünyaya gəlib, martın 7-də mərkəzə gətirilən qızcığaz müəssisənin sonbeşiyi sayılır, 8 yaşlı Zamiq Əmirov isə serebral iflic xəstəsidir, neçə il davam edən müalicələrdən sonra indi yavaş-yavaş addım atır, tədricən yeriyir. Lakin valideynləri ilə müalicəxanaya gəlib-gedən autizm xəstələrinin də nəzərə alsaq, burada yaşca ondan da böyük xəstələr var. Həmin xəstələrin valideynləri hər səhər onları mərkəzə gətirir, axşam isə evə aparırlar.

Məsələnin çətinliyi və mürəkkəbliyi ondadır ki, mərkəzdə uşaqlar yalnız bir növ deyil, eyni vaxtda bir neçə - həm nevroloji, həm psixoloji, həm fizioterapevtik müalicə almalı, həm defektoloq-loqopedlə məşğul olmalı, üstəlik bütün bunlar həm də xüsusi idman məşğələləri ilə birlikdə xüsusi proqram və layihə əsasında aparılmalıdır. Bunlar bir yana, psixonevroloji xəstə uşaqların sağlamlığı üçün mümkün olan hər cür müalicə üsulundan – atla gəzintidən, su prosedurları, dəniz qumu ilə müalicədən, hətta yeri gələndə delfinoterapiyadan da istifadə edilir. Bütün yay mövsümü autizmli uşaqlar Novxanı və Fatmayi çimərliklərində mütəxəssislərin nəzarəti altında müalicə kursu keçirlər.

Ölkəmizdə yeganə olan bu uşaq müalicə mərkəzinin fəaliyyəti çox əhəmiyyətlidir. Yaxşı ki, bunu dəyərləndirib müalicəxanaya öz yardım əlini uzadanlar da var. Məsələn, bir sığorta şirkəti ensefaloqrama aparatı bağışlayıb, başqa bir xeyirxah iş adamı ağır vəziyyətdə olan xəstə uşağın əməliyyat xərcini öz üzərinə götürüb.

Baş həkim İradə Musayeva problemləri də gizlətmir: “Akt salonunun tikintisinə başlanılsa da, yarımçıq qalıb. Müalicələrin daha keyfiyyətli və səmərəli olması üçün müəssisəmizə qanı ümumi və biokimyəvi analiz edən aparat, ultrasəs aparatı, eyni vaxtda 10-15 xəstə yerləşən oksigen vannası və bunlarla işləməyi bacaran yüksək hazırlıqlı mütəxəssislər lazımdır. Xaricdə xüsusi kurs keçmiş peşəkar diyetoloqa, həkim-laboranta ciddi ehtiyacımız var. Həkim və pedaqoqların xaricdə treninq və kurslar keçməsini də çox istəyirik”.

Uşaq psixonevroloji mərkəzində üç növbədə 100-ə yaxın işçi çalışır. İlk baxışda çox görünsə də, 100 çarpayılıq uşaq müalicə müəssisəsində 117 xəstənin yerləşdiyini və onların hər birinin xüsusi diqqət, qayğı və nəzarətə ehtiyacı olduğu nəzərə alınsa, əslində bu, heç də çox deyil. Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, rayon icra hakimiyyətlərinin göndərdiyi müraciətlər əsasında psixonevroloji xəstələr mərkəzə qəbul edilir.

Baş həkim İradə Musayeva və mərkəzin həkim, pedaqoq və texniki işçiləri iki şeyə ümidlərini itirmirlər: ən ağır vəziyyətdə olan xəstə uşaqların şəfa tapmasına və onlara yardım əli uzadan xeyirxahların varlığına. Ən çətin və ümidsiz vaxtlarda belə...