Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident qeyri-neft məhsullarının ixracını təkcə valyuta mənbəyi kimi yox, həm də Azərbaycanı tanıtmaq vasitəsi kimi dəyərləndirir

20 Aprel 2017
 

İnanmırıq indi elə adam tapılsın ki, istifadə təyinatından asılı olmayaraq hər hansı mal alanda onun harada və hansı şirkət tərəfindən istehsal edildiyinə fikir verməsin. Çünki bu, formaca brend, məzmunca keyfiyyət məsələsidir. Bu mənada hazırda, ingilislərin sözü olmasın, heç kimin artıq pulu yoxdur ki, ucuz, yəni keyfiyyətsiz və tanınmamış brendin malını alsın. Əgər məlum ölkənin qeyri-leqal istehsalçılarını nəzərə almasaq, bunu sayı gündən-günə artan, bazara bir-birindən keyfiyyətli mal çıxaran şirkətlər də yaxşı bilir. 

Odur ki, bu gün dünya bazarlarında neçə onilliklər öncə olduğu kimi, mal üstündə yox, müştəri uğrunda mübarizə gedir. Özü də həmin mübarizə mövcud olan və olmayan bütün biznes, öz dilimizdə desək, alver qaydalarının çərçivəsini aşaraq getdikcə gərginləşir. Nə udan qazandığına qane olub dayanır, nə də uduzan itirdiyi ilə barışıb geri çəkilir. Kapital uğrunda adına rəqabət qoyulan mübarizə beləcə davam edir. Davam etdikcə də yaşı yüz illərlə hesablanan bu mübarizəyə, yəni rəqabətə yeni tərəflər - ölkələr qoşulur. Çünki müasir dünyada liberal iqtisadiyyatın qanun və qaydaları elə düzənlənib ki, rəqabətsiz inkişaf mümkün deyil.
Azərbaycan məhsulları dünya bazarlarında yeni olmasa da (respublikamızda istehsal olunan müxtəlif çeşidli məhsullar, xüsusən də kimya və yüngül sənaye malları, neft-maşınqayırma avadanlıqları 70 il keçmiş SSRİ-nin adı ilə ixrac olunmuşdur), “Made in Azerbaijan” brendi təzədir. Buna baxmayaraq, brendimiz kəskin rəqabətli dünya bazarlarında özünə tədricən də olsa yer eləməyə başlayıb. Özü də bu zaman söhbət qeyri-neft məhsullarının ixracından gedir. Çünki ən yüksək səviyyədə tələb belə qoyulub. Prezident İlham Əliyev iqtisadiyyatla bağlı müxtəlif toplantılarda “Made in Azerbaijan” brendindən danışanda, bu brend altında istehsalı artırmaq üçün tapşırıq və tövsiyələr verəndə, eləcə də onun təbliği və tanıdılması, həmçinin digər vacib tədbirlərlə bağlı sənədlər imzalayanda yalnız qeyri-neft məhsullarını nəzərdə tutur.
Bu isə təsadüfi deyil. Dövlət başçısı hələ ölkədə neft hasilatının bum vaxtında qeyri-neft sektorunun vacibliyini ön plana çəkmişdi. Prezident yaxşı bilirdi ki, karbohidrogen ehtiyatları tükənməz deyil və bu səbəbdən ölkə iqtisadiyyatı gec-tez qeyri-neft sektoruna köklənməlidir. Və elə həmin dövrdən də Azərbaycanda iqtisadi sahədə aparılan bütün islahatlar və görülən tədbirlər qeyri-neft sektorunun inkişafına istiqamətlənib. Nəticə göz qabağındadır - təkcə cari ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektorunda məhsul istehsalı 2,4, o cümlədən bu sektorun sənaye bölməsində 2, kənd təsərrüfatında 3,5 faiz artım qeydə alınmışdır. Bu dövrdə kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artmışdır. Ümumiyyətlə, ilin əvvəlində Azərbaycanın ixracatında 50 faizə yaxın artım müşahidə olunmuşdur. Məhz bu hesaba xarici ticarət dövriyyəsində 1 milyard dollarlıq müsbət saldo yaranmışdır.
Göründüyü kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafı eyni zamanda qeyri-neft məhsullarının ixracını artırmışdır ki, bu da iqtisadiyyatımızın Prezident İlham Əliyev tərəfindən müəyyən edilən ən mühüm hədəflərindən biridir. Həmin hədəfin məqsədi isə, qeyd etdiyimiz kimi, “Made in Azerbaijan” brendini dünya bazarında tanıtmaqdır.
“Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır”, - deyən dövlət başçısı Azərbaycan brendinin önə çəkilməsi, inkişafı və dünya bazarında nüfuz qazanmasına kompleks yanaşır. Hər il şəxsən sahibkarlarla bir neçə dəfə görüşən, onların qayğıları ilə maraqlanan, bizneslərinin inkişafı üçün ciddi tədbirlər görən, iri tutumlu investisiyaların həyata keçirilməsini onlara həvalə edən Prezident iş adamlarının qarşısında dünya bazarına rəqabətə duruş gətirən məhsullar çıxarmağı bir tələb kimi qoyur. Bu, Azərbaycan brendinin inkişafına təkən verən ciddi yanaşmadır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda sahibkarlığın tərəqqisinə xidmət edən iki Regional İnkişaf Mərkəzi yaradılmış, sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi çoxalmış, qəbul edilən qərarlar, qanunlar, imzalanan fərman və sərəncamlar qeyri-neft ixracatının həcminin artmasına səbəb olmuşdur.
Prezident aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu sözləri də təsadüfi söyləməmişdir: “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır”.
Əgər dövlət başçısı brend məsələsini bir zərurət kimi daim çıxışlarında qabardırsa, onun bütün istiqamətlərdə ciddi inkişafı üçün vacib addımları atırsa və qərarlar qəbul edirsə, sahibkarlar da Prezidentin tələb etdiyi kimi çalışmalı, istehsal etdikləri məhsulları dünya bazarına çıxarmaq üçün ağlabatan və bəzən də hamını heyrətləndirə bilən addımlar atmağı bacarmalıdırlar. Başa düşməliyik ki, gəl-gəl deyən çox olsa da, dünya bazarındakı rəqiblərimiz bizə asanlıqla yol verməyəcəklər. Bu baxımdan ölkəyə Azərbaycan brendini yarada bilən, onu hamının yaddaşına həkk etməyi bacaran yaradıcı insanlar lazımdır. Məhz belələri məhsula elə keyfiyyətləri aşılaya bilirlər ki, onlar şirkətin və ya ölkənin inkişafına təkan verir, məhsulu bazarda digərlərinə nisbətən daha cazibədar edir, başqa sözlə, onu brendə çevirir. Və çox sevindirici haldır ki, artıq ölkəmizdə belə bacarıqlı, savadlı iş adamları var və onların ən müxtəlif çeşiddə istehsal etdikləri məhsullar “Made in Azerbaijan” brendinə şöhrət gətirir, etibar qazandırır.
Yevlaxdakı müşavirədə dövlət başçısı keçən il Azərbaycana ən çox valyuta gətirən məhsullardan bəhs edərkən birinci yerdə fındığın olduğunu bildirmişdir. Belə ki, bu məhsul bir ildə ölkəyə 105 milyon dollar həcmində valyuta gətirib.
FINDIQÇILIĞIN inkişafından son dövrlər çox söhbət gedir. Təsadüfi deyil ki, axır vaxtlar ölkədə 15 min hektar yeni fındıq bağları salınıb və bu iş davam edir. Lakin ölkədə fındıqçılığın inkişafı, bu sahədən indikindən dəfələrlə çox qazanc götürmək üçün daha geniş imkanlar mövcuddur. Fındıqçılıqla əsasən Azərbaycanın şimal-qərb bölgəsində məşğul olsalar da, digər rayonlarda da geniş fındıq bağları salmaq mümkündür. Başqa sözlə desək, bu sahəni ölkənin bir çox yerlərində inkişaf etdirmək, yeni-yeni fındıq bağları salmaq potensialı böyükdür.
İndiyədək kifayət qədər diqqət yetirilməyən bu məhsul bir çox üstünlüklərə malikdir. Məhz bu səbəbdən son onilliklər bütün dünyada fındıqdan istifadə ikiqat artıb. Çox faydalı olduğu üçün ondan iqtisadiyyatın bir çox sahələrində istifadə edilir. Əgər milli mətbəximizdən başlasaq, fındıqla bir çox bişintilərin hazırlandığını deyə bilərik. Qənnadı sənayesində fındıqdan bir çox konfetlərin, şokoladların, tortların, piroqların və digər şirniyyat məmulatlarının hazırlanmasında istifadə olunur.
Fındıq həm də bərəkətli bitkidir. Əvvəla, fındıq kolunun özü çox böyük olmasa da, bol məhsul gətirir. Bir də, fındıq o qədər də ucuz qiymətə satılmır axı... Sadəcə, sahənin inkişafına dövlət başçısının da dediyi kimi, dəstək vermək, diqqət və qayğı göstərmək, zəhmət yönəltmək lazımdır. Həm də bunun üçün fındıq sahələrini genişləndirmək məsələnin bir tərəfidir. Məhsulun toplanması, satılması işi də mütəşəkkil təşkil edilməlidir. Eləcə də toplanmış fındığın qurudulması, saxlanılması üçün infrastrukturun olması vacibdir.
Sözügedən tədbirdə Prezident İlham Əliyev demişdir: “Birinci yerdə fındıqdır. İkinci yerdə pomidordur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır - 68 milyon dollar. Dördüncü yerdə şəkərdir - 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni, şəkərin istehsalı üçün xaricdən xammal gətirilib... Beşinci yerdə pambıqdır. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq”.
Xaricdə Azərbaycan torpağının yetişdirdiyi ləziz nemətlərdən olan XURMANI da çox sevirlər. Azərbaycanda isə xurmanın müxtəlif növləri becərilir. Əsas növ Şərq xurmasıdır ki, ona da müxtəlif bölgələrimizdə rast gəlirik. Şərq xurması dadına, həcminə, bərkliyinə-yumşaqlığına, tərkibindəki maddələrə, rənginə, formasına və s. görə fərqlənən ayrı-ayrı növlərdən ibarətdir.
Lənkəran-Astara, Gəncə-Qazax zonasından başqa, Göyçay, Ağdaş, Ağdam, Zaqatala və digər rayonlarda da xurma ağacları çoxdur. Şərq xurmasından əlavə, Azərbaycanda daha iki növ yabanı xurma növünə rast gəlinir. Bunlar Qafqaz və Virgin xurmalarıdır.
Təəssüf ki, biz hələ də bu faydalı nemətdən səmərəli istifadə edə bilmirik. Bunun üçün çətinlik törədən səbəblərdən biri xurmanın almaya, heyvaya və başqa uzun müddət qalan meyvələrə nisbətən tez xarab olmasıdır. Əgər ərik, gilas, şaftalı kimi tez sovuşan meyvələrdən mürəbbə, kompot, cem hazırlayıb qışa tədarük etmək, alçanı, gavalını, ənciri qurudub xeyli müddət saxlamaq mümkündürsə, xurmadan bu və ya digər şəkildə istifadə etməyə öyrəşməmişik. Doğrudur, Novruz qabağı aldığımız çərəzlər arasında bəzən qurudulmuş xurmaya rast gəlirik. Amma bu, kütləvi şəkil almayıb. Halbuki xurmadan cem, mürəbbə, povidla, hətta spirtli içkilər hazırlamaq mümkündür.
Digər önəmli bir məsələ bu məhsulun saxlanılmasıdır. Təcrübəli bağbanlar, aqronomlar bazarlarda qısa müddətdə görünən, yaza qədər keyfiyyətini və görkəmini itirən bu az ömürlü meyvənin imkan daxilində olduğu kimi qorunub qalmasının sirrini yəqin ki, bilməmiş deyillər. Bu təcrübəni öyrənib tətbiq etmək vacibdir.
Ən mühüm problemlərdən biri də xurmanın satışının təşkilidir. Payızda bağının məhsuluna alıcı axtaran, fürsət düşəndə bəzən onu su qiymətinə satan kənd sakininin, bağbanın bu məsələdə köməyə ehtiyacı böyükdür. Başqa sözlə, xurmanın qarşısında yaşıl işıq yandırmaq, onu bazara, yarmarkaya, evimizə, süfrəmizə gətirən yolları geniş açmaq lazımdır. Elə etmək lazımdır ki, xurmanın alıcısı satıcısını, satıcısı isə alıcısını asanlıqla tapa bilsin. Xurma vaxtında və itkisiz kəndlərdən bazarlara, o cümlədən şəhərli alıcılara çatdırılsın.
İxracyönümlü məhsullardan biri də BADAMdır. Maraqlıdır ki, badam ağacı heç də hər yeri özünə məskən seçmir. Azərbaycan onun bitdiyi azsaylı regionlardan biridir. Bu imkandan lazımınca istifadə edilmədiyi, yəni ölkəmizdə badam bağlarının az olduğu isə təəssüf doğuran faktdır.
Qeyri-neft sektorunun inkişafının prioritet olduğu indiki dövrün Azərbaycanda badam istehsalının artırılmasını da gündəmə gətirməsi təsadüfi deyil. Badamın birinci üstünlüyü ləpəsinin dadlı, yağlı və şirin olmasıdır. Onun tərkibinin 40-60 faizi yağdan, 20-30 faizi zülaldan, 13 faizi karbohidratdan, qalan hissəsi bir sıra vitaminlərdən ibarətdir. Badamı sevməyən az insan tapılar. Çünki badam ləpəsi həm təbii halda yeyilir, həm də ondan qənnadı sənayesində geniş istifadə olunur.
Amma badamın yemək üçün yararsız olan acı növü də var. Acı badamdan badam yağı və az miqdarda efir yağı hazırlanır. Bu məhsuldan ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya hazırlanmasında istifadə edilir. Badamın qabığı da itkiyə getmir. Belə ki, o, konyakın, likörün, bəzi şərabların ətirləndirilməsində və rənginin yaxşılaşdırılmasında işlədilir. Təbii ki, belə faydalı məhsula hər yerdə tələbat var. Ona görə də badamın ixracı ölkəyə xeyli gəlir gətirə bilər.
Azərbaycanda gəlirli sahə olan ÜZÜMÇÜLÜK və ŞƏRABÇILIĞIN zəngin ənənələri var. Regionların sosial-iqtisadi inkişafına aid dövlət proqramları və “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ölkədə üzümüçülük və şərabçılığın inkişafına böyük dəstək verib. Nəticədə Azərbaycanın şərab və konyakları mötəbər sərgi və dequstasiyalarda ən yüksək qiymətə və təltiflərə layiq görülməyə başlayıb.
Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası yarandığı qısa müddət ərzində ətrafında 25-dən çox müəssisəni birləşdirib. Məqsəd şərabçılıq sahəsində mövcud potensialı tam reallaşdırmaqdır. Dövlət başçısı bu barədə demişdir: “Mənə verilən məlumata görə, şərab zavodlarının istehsal potensialı ildə 100 milyon butılkadır. Ancaq biz bunun təqribən 20-30 faizini istifadə edirik. Ona görə üzüm istehsalı, o cümlədən texniki üzümün istehsalı artmalıdır, şərab zavodlarımız tam gücü ilə işləməlidir və ixrac da kəskin şəkildə artmalıdır... Biz şərab və konyak məhsullarının istehsalını və ixracını ən azı 5 dəfə artıra bilərik, özü də qısa müddət ərzində”. Dövlət başçısı üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı əlavə tədbirlərin hazırlanacağını da bildirmişdir.
Ölkədə PAMBIQÇILIĞIN yeni dövrü başlanıb. Əgər pambıqçılığın dirçəldildiyi 2016-cı ildə Azərbaycan bu məhsulun ixracından 24 milyon dollar vəsait əldə edibsə, perspektivdə daha uğurlu nəticələrin olacağı şübhə doğurmur. Ölkədə pambıqçılığın inkişafı sürətlə gedir. Cari il ümumilikdə ən azı 250 min tona qədər pambıq toplanacağı gözlənilir. Bu temp yaxın bir neçə ilə pambıq istehsalının təqribən 400-500 min tona çatacağı vədini verir.
Azərbaycanda TÜTÜNÇÜLÜYÜN də böyük potensialı var. Sovet dönəmində indikindən on dəfə çox tütün tədarük edildiyi göstərir ki, indi də bu həddə çatmaq mümkündür. Bu il 3000 hektar sahədə tütün əkilib və 3-4 min tona yaxın quru tütün tədarük ediləcəyi gözlənilir. Hədəf bu rəqəmi qısa müddətdə 10 min ton səviyyəsinə çatdırmaqdır. Bu məqsədlə pambıqçılıqda olduğu kimi, tütünçülüklə məşğul olanlara da subsidiyalar verilir. Eləcə də yeni tütün fabriklərinin tikintisi nəzərdə tutulur. Təsadüfi deyil ki, Yevlaxdakı müşavirədə dövlət başçısı tütünçülük məhsullarının ixracının gəlir gətirən sahələrdən olduğunu vurğulamışdır.
Sovetlər dönəmində Azərbaycan ən çox BARAMA istehsal edən respublikalardan biri idi. Tarixə ötəri nəzər saldıqda onu da görürük ki, baramaçılıq əsrlər boyu ölkəmizdə inkişaf etmiş, kəndlinin əsas gəlir mənbəyi olmuşdur. 1831-ci ildə Quba qəzasının kameral təsvirində göstərilir ki, Xucbala kəndində və qışlağında 30 meyvə bağından 26-sı tut bağları olmuşdu.
2015-ci ildə isə ölkədə cəmi 200 kiloqram barama tədarük edilmişdi. Dövlətin xüsusi diqqət və qayğısı sayəsində keçən il bu ənənəvi məhsulun istehsalı 70 tona çatdırıldı. Bu il isə 100 ton civarında barama istehsalı nəzərdə tutulmuşdur.
Maraqlısı odur ki, baramanın yetişdirilməsində ətraf mühitə ziyan dəymir, əksinə, əkilən tut ağaclarının hesabına yaşıllıqlar atır, insanlar az bir zamanda çox qazanmaq imkanı əldə edirlər.
Çində ipəkçilikdə 1 milyon, Hindistanda isə 700 min nəfər çalışır. Tailandda 20 min ailənin güzəranı ipəkçilikdən asılıdır. Bu gün dünyada yalnız 5 dövlət dünyanın ən nəhəng ipək istehsalçılarıdır: Çin, Hindistan, Özbəkistan, Braziliya və Vyetnam. Dünyada illik 80 min ton ipək xammalı istehsal olunur. Bunun 70 faizi Çinin payına düşür. ABŞ ipək tekstilinin və geyimin ən nəhəng ixracatçıları sırasındadır. Qlobal bazarda ipəyin qiyməti artmaqdadır. Avropa ipəyin emalında ciddi rol oynayır.
Yəni bunlar onu deməyə əsas verir ki, Azərbaycan ipək-barama istehsalını artırmaqla yanaşı, gələcəkdə emal sənayesini də yarada bilər. Belə ki, ipəkdən hazırlanan məhsullar bir qayda olaraq yüksək dəbin rəmzi sayılır və həddən artıq bahadır. İpək geyimlərin üzərində ən məşhur modelyer və dizaynerlərin çalışması da onu deməyə əsas verir ki, bu sahənin perspektivləri düşündüyümüzdən qat-qat artıqdır.
Azərbaycan brendi yalnız sənaye və aqrar sektorda istehsal edilən məhsullardan ibarət deyil. Burada həmçinin milli-mədəni irsimizi təbliğ edən XALÇAÇILIĞIN da xüsusi, özünə məxsus yeri var. “Koroğlu” dastanında qəhrəmanlardan biri digərlərinin seçə bilmədiyi atlını uzaqdan tanıyıb kim olduğunu deyir. Dastanda izah edilir ki, qəhrəmanın uzağı yaxşı görməsinin səbəbi anasının onu uşaq vaxtı xalça üstündə gəzdirməsidir. Bu sənətə xüsusi məhəbbət uçan xalçaları nağıllarımıza ən gəzəl əfsanələr kimi gətirib. Bu o deməkdir ki, biz xalçanı dünya bazarına çıxaranda onun xalqımız üçün hansı mənanı kəsb etdiyini də unutmalı deyilik.
Dövlət başçısı indi xalçaçılığın geniş təbliğ edildiyini deyir və təsdiqləyir ki, bu həqiqətən də Azərbaycan xalqının ən qədim sənət növlərindən biridir: “Azərxalça” yaradılıbdır, 13 şəhərdə yeni xalça kombinatları yaradılır. Onlardan birinin açılışında mən özüm olmuşam - Füzuli rayonunda. Qalan xalça fabrikləri bu il istifadəyə veriləcək. Bu, minlərlə iş yerinin yaradılması deməkdir və bu, bizim gözəl ixrac potensialımızdır”.
Azərbaycan Prezidenti belə hesab edir ki, biz TURİZMə də ixrac məhsulu kimi baxmalıyıq: “Çünki turizm bizə nə verir? Valyuta. İxrac nə verir? Valyuta. Biz turizmin inkişafından milyardlarla valyuta qazanacağıq. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, dünya miqyasında turizmin ən sürətlə inkişaf etdiyi yer də Azərbaycandır”.
Paytaxtın, bölgələrin simasının büsbütün dəyişməsi, müasir memarlıq abidələrinin ucaldılması, beynəlxalq standartlara uyğun hər cür infrastrukturun yaradılması bütünlükdə Azərbaycanın simasını dəyişmiş, onu dünyanın müasir ölkələrindən birinə çevirmişdir. Ölkəyə olan marağın artması turist axınına ciddi təkan vermişdir. Ötən il Azərbaycana gələn turistlərin sayı 11, bu ilin 3 ayında isə 25 faiz artmışdır. Artıq Bakı əcnəbi turistlərin yaddaşına yüksək mədəniyyəti, qədim tarixi və ecazkar memarlığı olan bənzərsiz və həm də təhlükəsiz Şərq şəhəri kimi həkk edilmişdir. Ölkəmizdə son illər 6 beynəlxalq hava limanı tikilmiş və ya yenidən qurulmuşdur. Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən gözəl hava limanlarındandır. İndi Gəncədən, Naxçıvandan, Qəbələdən, Lənkərandan dünyanın bir çox şəhərlərinə açılan reyslərin sayı artmaqdadır.
Prezident İlham Əliyev qeyd edir ki, bizim təbii şəraitimiz, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəximiz, tarixi abidələrimiz turizmin inkişafına ciddi təkan verir. “ASAN viza”nın fəaliyyətə başlaması və vizanın sadələşdirilmiş elektron yollarla əldə edilməsi də ölkəmizə gələn əcnəbilərin sayını artırır. Turizmin inkişafında həmçinin ölkəmizdə keçirilən müxtəlif məzmunlu beynəlxalq tədbirlər, o cümlədən idman oyunları əhəmiyyətli rol oynayır. Bir sözlə, ölkəmiz həqiqətən də dünyada milyonlarla turisti öz gəzəllikləri və yenilikləri ilə riqqətə gətirir, onları təkrar-təkrar Azərbaycana dönməyə, bu diyarın gözəlliklərindən zövq almağa sövq edir.
Azərbaycanı tanıdan, ona şöhrət gətirən təkcə bunlar da deyil. Bu gün ölkəmiz neft və neft məhsullarından savayı, dünya bazarlarına müxtəlif SƏNAYE MALLARI da çıxarır. Bu barədə dövlət başçısı Yevlaxdakı müşavirədə demişdir: “Sənaye məhsulları arasında birinci yerdə plastik məmulatlardır - təxminən 100 milyon dollar. İkinci yerdə alüminium və ondan hazırlanan məmulatlardır - bu da 100 milyon dollara yaxındır... Üçüncü yerdə qara metallar və onlardan hazırlanan məmulatlardır - 96 milyon dollar. Dördüncü yerdə qiymətli metallardan hazırlanan məmulatlardır - 77 milyon dollar. Beşinci yerdə kimya sənayesi məhsullarıdır - 55 milyon dollar. Mən bu rəqəmləri nəyə görə səsləndirirəm? Ona görə ki, sahibkarlar da, ictimaiyyət də bunu bilsin, həm müsbət dinamikanı, həm də bizim potensialımızı görsünlər. Ona görə ixracın inkişafı, artırılması ən əsas məsələlərdən biridir. Bir daha demək istəyirəm ki, dövlət sahibkarlar üçün hər şey edir”.
Həqiqətən, bu sahədə Azərbaycanda dövlət səviyyəsində görülən işlərin əvəzi yoxdur. Təkcə ixracın təşviqi tədbirləri çərçivəsində AZPROMO tərəfindən cari ilin üç ayında 50-dən çox tədbir keçirilib, 30-dan çox şirkətə ixrac üzrə fərdi xidmət göstərilib, ixrac portalları istifadəyə verilib, “GO EXPORT” layihəsi üzrə 5 proqram və regionlarda təlimlər təşkil olunub, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “İxracatçılar Klubu” və digər assosiasiyalar yaradılıb. Bunlardan əlavə, ölkədə ticarət evləri, “Azexport” portalı fəaliyyət göstərir. Bir sözlə, dövlət başçısının qeyd etdiyi kimi, qalır bunlardan istifadə etmək, imkanları genişləndirmək və ölkəyə daha böyük fayda gətirmək üçün çalışmaq.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”