Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Lənkəran çayı yenidən dünya bazarına çıxır

20 Aprel 2017
 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsini hamı kimi mən də diqqətlə izlədim. Prezident bir daha Azərbaycanın hərtərəfli tərəqqisi, əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafının vacib olduğunu vurğuladı.

Ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olub. Ölkəmizdə aqrar sahədə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. İstehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar. Bu yaxınlarda İqtisadiyyat Nazirliyindən həm çay əkini, həm də çay emalı fabriki ilə bağlı “İnvestisiya təşviqi sənədi”ni almışıq. Bu sənədlər dövlətimizin biz iş adamlarına böyük qayğısıdır. Yeddi il müddətinə bütün vergilərdən azad olunmuşuq. Əlbəttə, dövlət başçısının təbirincə desək, dünyada ikinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, aqrar sahədə sahibkarlıq fəaliyyətinin gücləndirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış addımlardır. Yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsi başlıca hədəf olaraq seçilmişdir. Bu məqsədə çatmaq üçün ölkəmizdə hər cür imkan, ən başlıcası isə dövlət dəstəyi mövcuddur. Məhz Yevlax şəhərində məhsul ixracatçıları ilə keçirilən müşavirə də bu məqsədə nail olmaq üçün əsas hədəfləri müəyyənləşdirmişdir. Müşavirədən əvvəl Prezident İlham Əliyevin imzaladığı “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmanı və “Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da aqrar sahənin sürətli inkişafında yeni bir mərhələdir desək, yanılmarıq.
Mən dövlət başçısının ardıcıl şəkildə həyata keçirdiyi tədbirlərdən yararlanaraq “Yaşıl çay” Fermer Təsərrüfatı MMC-ni yaratmışam. Təsərrüfatımız çoxsahəlidir. Əsas istiqamətimiz çayçılıq və heyvandarlıq olsa da, ölkə əhalisinin tələbatına uyğun digər kənd təsərrüfatı məhsulları da istehsal edirik. 2006-cı ildən fəaliyyətə başlayan təsərrüfatımızın 140 hektar torpaq sahəsi var. Bunun 61 hektarında çay plantasiyası salmışıq. Fermamızda heyvanların sayını 17 başdan 300 başa çatdırmışıq. Həmçinin ötən ilin payızında 40 hektarda taxıl əkilib, 1,2 hektarda 10150 tut tingi olan bağ salınıb, qalan sahələrdə bostan bitkiləri, sarımsaq və digər əkinlər aparmışıq.
Qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlət başçısı Azərbaycan brendinin dünyada təbliğ edildiyini, ticarət-ixrac missiyalarının həyata keçirildiyini xüsusi qeyd etdi. Biz də cənab Prezidentin çağırışına əsasən istehsal etdiyimiz yüksək keyfiyyətli yaşıl çay yarpağını özümüzdə emal etmək üçün fəaliyyətimizi genişləndirməyə çalışırıq. Artıq mini çay emal fabrikimiz fəaliyyət göstərir. Bu sahəni daha da genişləndirmək üçün tədbirləri davam etdiririk.
Prezidentin qonşu İran İslam Respublikasına səfərindən sonra mən bu ölkədə oldum. Burada çay emalı və qablaşdırıcı avadanlığının alınması üçün razılaşma əldə etdik. Çalışacağıq ki, cari ildə “Çay emal fabriki kompleksi”ni də işə salaq. Keyfiyyətli quru çay istehsalını artırmaqla “Made in Azerbaijan” brendini almaq üçün əlimizdən gələni edəcəyik. Hazırda müəssisəmizdə ekoloji təmiz “Buket çayı”, “Gül çayı”, “Premium”, “Feyxoa çayı”, “Narın çay” və “Ekstra” növ çaylar istehsal olunur. Bu ildən daha 3 növdə - “Zəncəfil çayı”, “Kəklikotu çayı” və Azərbaycanda ilk dəfə olaraq Tibet texnologiyası əsasında quru çay istehsal etməyi nəzərdə tutmuşuq. Bütün fəaliyyətimizi cənab Prezidentin tələb və göstərişlərinə uyğunlaşdırmağa səy göstərməklə istehsalımızı ildən-ilə artırmağa çalışırıq.
Ötən il bizim üçün də uğurlu olmuşdur. İlk dəfə məhsul verməyə başlayan 42 hektar sahədən 90 ton yüksək keyfiyyətli çay yarpağı əldə etmişik. Bu il sahələrdən daha çox məhsul gözləyirik. İndidən payız əkinlərinə də hazırlıq aparılır. Bu məqsədlə uzun müddət dövriyyədən kənarda qalan 50 hektar torpaq sahəsində şum və digər aqrotexniki tədbirlər həyata keçirilir. Payız aylarında burada yeni çay sahələri salmaqdan ötrü 1 hektara yaxın sahədə çay tingliyi salınır. Burada ilk dəfə öz sahələrimizdən toplanmış yüksək keyfiyyətli toxumdan istifadə etməklə əkin aparırıq.
Təsərrüfatımızda ailə üzvlərimizlə bərabər 60-a yaxın kənd sakini çalışır ki, bunların da əksəriyyəti qadınlardır. Başlıca məqsədimiz çay sahəsini 100 hektara çatdırmaq, Lənkəran çayının əvvəlki şöhrətini bərpa etməkdir. Möhtərəm Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdi: “Bir sözlə, kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu məsələyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır”. Biz fermerlər də yeni iş yerləri yaratmaqla məşğulluğu təmin edir, keyfiyyətli məhsul istehsal etməklə ölkədə ərzaq bolluğu yaradır və xarici bazarlara yol tapmaqla ölkəyə valyuta gətiririk.
“Yaşıl çay” FT MMC Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında mütəmadi olaraq iştirak edir. Novruz bayramı münasibətilə Dənizkənarı Bulvarda təşkil olunan yarmarkada təqdim etdiyimiz çay məhsulları cənab Prezident İlham Əliyevin də diqqətini cəlb etmişdir. Dövlət başçısı “Yaşıl çay”ın istehsalı olan ekoloji cəhətdən təmiz çayla xüsusi maraqlandı və yeni məhsul barədə həmin vaxt Bakıda olan Beynəlxalq Forumun iştirakçılarına həvəslə məlumat verdi. Bu, möhtərəm Prezidentin aqrar sahədə çalışanlara nə qədər diqqət və önəm verməsinin əyani nümayişi idi. Buna görə, öz adımdan, “Yaşıl çay” MMC-nin kollektivi adından cənab Prezidentə minnətdarlığımızı bildirirəm. Bu diqqət bizdə böyük ruh yüksəkliyi yaratmışdır. Çalışacağıq ki, bundan sonra da cənab Prezidentin müşavirədəki müdrik nitqində səsləndirdiyi tapşırıq və tövsiyələri, biz aqrar sahədə çalışan iş adamlarına göstərilən yüksək etimadı və qayğını əməli işimizlə doğruldaq, işimizin həcmini və keyfiyyətini yüksəltməklə ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəmizi verək.

Araz YAĞUBOV,
Lənkəran rayonundakı “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri