Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sənətə ehtiram nümunəsi

20 Aprel 2017
 

O, istedadlı aktrisa idi. İfa etdiyi bütün rolları bacarığının, sənətkar kimi bənzərsizliyinin təsdiqi idi. Ona heyran olmamaq mümkünsüz idi. Səhnədə canlandırdığı rollar həm də Fatma Qədrinin böyük zəhmətinin, teatr sənətinə vurğunluğunun, ehtiramının təcəssümü idi.

1954-cü ildə İrəvanda qastrolda olan teatr truppasını avtobuslarla Eçmiədzinə apardılar. Geri qayıdanda təsadüfən avtobusda Fatma xanımla bir oturacaqda əyləşməli oldum. Doğrusunu deyim, o vaxtadək Fatma Qədri ilə heç söhbət etməmişdim. Onun yalnız rollarına heyranlıqla tamaşa etmişdim. Avtobusla mehmanxanaya yaxınlaşa-yaxınlaşa mən Fatma xanımın tərcümeyi-halından bəzi məlumatlar öyrənə bildim. O, Odessa şəhərində doğulub, rus məktəbində təhsil alıb, cəlbedici, gözəl bir qız olub. Ailəsi 1914-cü ildə Bakıya köçüb. Fatma Qədrinin teatr sənəti ilə bağlılığı məhz Bakı dövründən başlayıb.

1926-cı ildə o, Teatr Texnikumunu bitirib. Rza Əfqanlı ilə bir sinifdə oxuyub, Aleksandr Tuqanovdan dərs alıblar. Bakı İşçi Teatrında sənət fəaliyyətinə başladığı o unudulmaz illərdən Fatma xanım çox böyük həvəslə danışdı. 1933-cü ildə onun işlədiyi teatr Gəncəyə köçürülüb, Beriya adına Gəncə Dövlət Dram Teatrı yaradılıb.

Fatma xanımın etirafına görə, o, Gəncə Teatrında bir-iki rol oynayıb. Sonra xəstələnib, müalicə üçün Bakıya qayıdıb. Fatma xanım deyirdi: “Müalicədən sonra kinostudiyaya dəvət olundum. Zəngəzur dağlarında çəkiliş zamanı qəzetdən oxudum ki, məni Azərbaycan Dövlət Dram Teatrına işə dəvət edirlər. 1935-ci ildən bu günədək, düz 19 ildir bu teatrda çalışıram. Azərbaycan Dövlət Universitetində dram dərnəyi aparıram, tələbələrlə yeni tamaşalar hazırlayıram”. Fatma xanım teatrın başqa aktrisalarına bənzəmirdi. Sənət dostları ilə oturub uzun-uzadı söhbətlər etməzdi. Teatrda keçirilən iclaslarda az-az çıxış edərdi. Bütün fikri oynayacağı rol ətrafında birləşərdi və teatra daxil olduğu anlardan rolun aləmində yaşayardı. Hamıya böyük mədəniyyətlə salam verərdi. Gənclərə xüsusi hörmət nümayiş etdirərdi. Çünki Fatma xanım əsl pedaqoq idi. 1933-cü ildən Teatr Texnikumunda, 1946-cı ildən sonra isə Azərbaycan Dövlət Teatr İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dərs demişdi.

Fatma Qədrini Mərziyə Davudovanın, Şövkət Məmmədovanın, Sona Hacıyevanın qərar tutduqları sənət zirvəsinə ucaldan ilk rolu, S.Vurğunun “Vaqif” dramındakı Xuraman oldu. Elə birinci rolu ilə şöhrəti dillərə düşdü. Fatma Qədri öz qəhrəmanının - Xuramanın etdiyi səhvlərdən doğan peşmançılığını dərindən, faciəvi bir şəkildə yaşaya bilirdi. “Vaqif” tamaşasında Xuramanın Vaqifin yanına geri dönməsi və ona: “Vaqif, ey sərvərim, ey tacidarım” - deyə yalvarması ilə başlayan monoloqu tamaşaçıların dilində əzbər olmuşdu.

Fatma Qədrinin böyük ustalıqla yaratdığı rollardan biri də S.Vurğunun “Fərhad və Şirin” tamaşasındakı Məryəm rolu idi. Tamaşada Xosrovun Şirinə vurulması Bizans hökmdarının qızı Məryəmi son dərəcə hiddətləndirir. Məryəm Xosrovla, Şirinlə böyük tələbkarlıqla danışır. Oğlu Şiruyənin ona qarşı çıxması və qılınc çəkməsi Məryəmə ən ağır zərbə olur. Fatma xanım - Məryəm təhqir olunduğunu duyur və özünü öldürür.

Tamaşaçılar Fatma Qədrini çox vaxt müsbət rollarda görürdülər. Bu mənada Ə.Haqverdiyevin “Pəri cadu” əsərində mənfi rol - Hafizə xanım aktrisanın ifasında tamaşaçılar üçün yenilik oldu. Hafizə amansız, insafsız və zülmkardır. O, öz niyyətini həyata keçirmək üçün hər cür hiyləyə əl atır. Odunçu Qurbanı cadu vasitəsilə yoldan çıxarıb evinə gətirir, ondan bir qul kimi istifadə etməyə çalışır. Tamaşada Hafizə xanımın tərəf-müqabili Qurban rolunu Rza Əfqanlı ifa edirdi. Tamaşanın sonuncu səhnəsində Hafizə öz ehtirasının, qəzəbinin qurbanına çevrilir. Qeyd edim ki, Fatma Qədrinin bu rolu da tamaşaçılar tərəfindən çox sevilirdi.

1955-ci ildə şair İslam Səfərli teatra yeni yazdığı “Göz həkimi” pyesini təqdim etdi. Fatma xanım bu əsərdə professor Nina Nikolayevna rolunu oynadı. Fatma Qədri son dərəcə mədəni, təmkinli, xəstələrə qayğı ilə yanaşan bu obrazı da böyük aktyorluq məharəti ilə canlandırdı.

Aktrisa istər M.Hüseynin “Cavanşir” əsərində Zübeydə Xatun, istər S.Rüstəmin “Qaçaq Nəbi”sində Həcər rollarını da eyni peşəkarlıqla təqdim etdi.

Dünya və rus dramaturgiyasından Fatma xanımın yaratdığı Ostrovskinin “Tufan” pyesində Katerina, “Cehizsiz qız”ında Larisa teatr tarixində ən gözəl obrazlar kimi yaddaşlarda qaldı. Şekspirin “Otello” faciəsində isə onun oynadığı Emiliya rolu xüsusilə fərqlənirdi. Biz bu tamaşa ilə 1959-cu ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etdik. Fatma Qədrinin yüksək estetik gözəlliyə malik davranış və danışıq tərzi Moskva tənqidçilərinin rəğbətini qazandı.

Fatma xanım Qədri 1968-ci ildə 61 yaşında dünyasını dəyişdi. Kazanda “Aydın” tamaşasını hazırladığıma görə, onun dəfn mərasimində iştirak edə bilmədim. Lakin onun böyük sənətini heç vaxt unutmuram. Azərbaycan teatrının inkişafında misilsiz xidmətləri olan Fatma Qədri Mərziyə Davudova, Şövkət Məmmədova, Sona Hacıyeva və Barat Şəkinskaya ilə bir sırada dayanan böyük sənətkarlarımızdan idi.

 

Ağakişi KAZIMOV,

xalq artisti, professor