Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yolumuz su kimi aydın, niyyətimiz su kimi təmizdir

20 Aprel 2017
 

Xəzərdən başlayan su səyahəti Gəncədə böyük bayram əhvali-ruhiyyəsi yaratdı

 

İndi Azərbaycan təkcə ictimai-siyasi, ideoloji fəaliyyətinə, beynəlxalq aləmdə qazandığı hörmətə və inama, inkişaf dinamikasına görə deyil, eyni zamanda müsəlman ölkəsi olaraq keçdiyi şərəfli tarixi yola, milli, dini dəyərlərinə sadiqliyinə, yüz illərlə sahib olduğu zəngin islam mədəniyyətinə görə də nümunə göstərilən ölkələr sırasındadır. 25 illik müstəqillik və inkişaf dövrünə, qazandığı nailiyyətlərə nəzər salmaqla bunu daha aydın görmək olar.
Sevindirici haldır ki, bu gün Azərbaycan sürətli inkişaf dinamikasından əlavə bir idman ölkəsi kimi də tanınır. Necə ki, I Avropa Oyunlarında iştirak etmək üçün 50 ölkədən 10 mindən çox idmançı Azərbaycana gəldi. Azərbaycana daha bir mötəbər yarışların keçirilməsinə də etimad göstərilib. IV İslam Həmrəyliyi Oyunlarında isə 57 ölkədən 3 mindən çox idmançı yarışacaq ki, bu da Oyunların tarixində rekord göstəricidir. Əlbəttə, müasir dövrdə hər hansı ölkənin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışa maraq ilk növbədə orada mövcud olan sabitliyin və əmin-amanlığın göstəricisidir. Səmimi münasibət, saf niyyət olmasa söz yox ki, hər hansı etimaddan söhbət gedə bilməz. IV İslam Həmrəyliyi Oyunlarının rəmzi kimi suyun seçilməsi də məhz saf niyyətdən irəli gəlir.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 19-da qədim Nizami yurdunda davam etdirildi. Bakıdakı Daş Salnamə Muzeyindən start verilən tədbirdə Prezident İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün respublikamızın müxtəlif bölgələrindən gəlmiş uşaqlara təqdim etdi. Bu uşaqlar arasında Gəncədən olan Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbin 4-cü sinif şagirdi Aysu Salahova da var idi.
Son illər Azərbaycanın ikinci ən böyük şəhəri olan qədim Nizami yurdunun siması tanınmaz dərəcədə dəyişmişdir. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri nəticəsində Gəncə elə inkişaf etmişdir ki, indi Avropa şəhərləri ilə müqayisə olunur. 400 hektar sahəsi olan Heydər Əliyev park-kompleksi, burada inşa edilən möhtəşəm Heydər Əliyev Mərkəzi, Gənclər sarayı, amfiteatr, Zəfər Tağı abidəsi, yaradılmış süni göl nəinki şəhər sakinlərinin, eləcə də xarici qonaqların maraq dairəsindədir. Yenidən qurulmuş və daha da genişləndirilmiş dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsində hər il minlərlə ziyarətçi olur. Gəncə çayının sağ və sol sahilində salınmış park-bulvar kompleksi, çoxlu sayda muzeylər, bərpa edilmiş Karvansaray kompleksi, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa edilmiş Comərdi qəssab və Cavad xan türbələri də turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir.
Gəncə hazırda özünün adlı-sanlı idmançıları ilə də fəxr edir. Burada fəaliyyət göstərən olimpiya idman kompleksində, çoxlu sayda idman qurğularında hər il onlarla Avropa və dünya çempionları yetişir. Ölkə başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısından bəhrələnən gəncəli idmançılar keçirilən mötəbər yarışlarda Azərbaycanın şərəfini layiqincə qoruyurlar. Nəticədə son üç ildə 46 nəfər beynəlxalq yarışlarda, 71 nəfər Avropa çempionatlarında, 47 nəfər isə dünya çempionatlarında Azərbaycan idmanını uğurla təmsil edərək fəxri kürsünün ən yüksək pillələrinə qalxmışlar. Bir nəfər idmançı XXX Yay Olimpiadasında qızıl, bir nəfər isə XXXI Yay Olimpiadasında gümüş medal qazanmışdılar.
Gəncə eyni zamanda göllər tacı olan Göy göllə də fəxr edir. 1139-cu ildə Gəncədə baş verən zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsmiş və beləliklə, füsunkar gözəlliyi, suyunun şəffaflığı ilə seçilən məşhur Göy göl yaranmışdır. Dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşən Göy göl ətrafında irili-xırdalı 19 göl də yaranmışdır ki, bunlardan da 7-si iri göllər sırasına daxildir.
Aprelin 19-da şəhərdə böyük canlanma var idi. Həmin gün su səyahəti tədbirinin növbəti mərhələsinə əzəmətli Kəpəz dağının ətəklərində yerləşən Göy göldən saf, göz yaşı kimi dumduru suyun götürülməsi ilə başlanıldı. Səfalı Hacıkənd meşələrindən, buz bulaqların yanından keçərək Göy gölə tərəf irəliləyən idmançılar çox çəkmədi ki, bu füsunkar məkana çatdılar. 2012-ci il London Yay Olimpiya Oyunlarının, eləcə də 2015-ci ildə Azərbaycanda yüksək səviyyədə keçən I Avropa Oyunlarının sərbəst güləş üzrə qızıl medalçısı, “Şöhrət” ordenli Toğrul Əsgərov və onun məşqçisi, 1973-cü ildə keçmiş SSRİ-nin idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına və 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri ada layiq görülmüş “Şöhrət” ordenli Elçin Zeynalov göldən suyu götürərək məktəbli Aysu Salahovanın əlində tutduğu mis qaba tökdülər.
Su səyahəti tədbiri Gəncədəki möhtəşəm Heydər Əliyev park- kompleksindəki amfiteatrda davam etdirildi. Minlərlə sakinin toplaşdığı məkanda əsl bayram əhvali-ruhiyyəsi hökm sürürdü. IV İslam Həmrəyliyi Oyunlarını əks etdirən transparantlarla, üçrəngli Azərbaycan bayraqları ilə bəzədilmiş parkda böyük izdiham yaşanırdı. Hətta ətraf rayonlardan da maraq göstərərək su səyahətinin Gəncə mərhələsini izləməyə gəlmişdilər.
Sonra su səhəngini daşıyan gəncəli idmançılar - məşqçi Elçin Zeynalov, onun yetirməsi güləşçi Toğrul Əsgərov və Mir Cəlal Paşayev adına şəhər 39 nömrəli orta məktəbin 4-cü sinif şagirdi Aysu Salahova alqış sədaları altında səhnəyə dəvət olundular.
Aprelin 5-də Prezident İlham Əliyevin su səyahəti mərasiminin açılışında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi Gəncə məktəblisinə təhvil verməsi görüntüləri nümayiş etdirildikdən sonra tanınmış incəsənət ustalarının iştirakı ilə konsert oldu. “Su festivalı” Gəncədə atəşfəşanlıqla başa çatdı.
Tanınmış heykəltəraş, respublikanın əməkdar rəssamı Şərif Şərifov ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışaraq sevincini belə ifadə etdi: “70 yaşım var. Son illər Azərbaycanın belə mötəbər yarışlara evsahibliyi etməsi məni həddindən artıq sevindirir.
I Avropa Oyunlarının xoş təsirindən ayrılmamış, digər mötəbər yarışların vətənimizdə keçirilməsi barədə qərar qəbul olundu. Bu o deməkdir ki, artıq bütün dünya ölkəmizə böyük etimad göstərir”.
Bolqarıstanın Sofiya şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirin qızıl medalçısı Elvin İsayev fikirlərini belə ifadə edir: “Son illər Azərbaycan əsl idman ölkəsi kimi dünyaya səs salıb. Ən mötəbər yarışlarda idmançılarımızın qələbəsi bunu deməyə əsas verir. Artıq dünya ölkələri Azərbaycan həqiqətlərini görüb, uğurlarına şahidlik edirlər. Söz yox ki, bu uğurlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin əməyinin məntiqi nəticəsidir”.
Ümumiyyətlə, su səyahətinin iştirakçıları olan Gəncə sakinlərinin hansına yaxınlaşdıqsa, eyni fikirləri eşitdik: “Biz bugünkü Azərbaycanla fəxr edirik”.

Sabir ƏLİYEV,
“Azərbaycan”