Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vaşinqton KXDR, İran və Suriyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

19 Aprel 2017
ABŞ KXDR, İran və Suriyaya qarşı sanksiya rejimini sərtləşdirəcək. Bu barədə Britaniyada çıxan “Financial Times” qəzetinə müsahibəsində Amerikanın maliyyə naziri Stiven Mnuçin məlumat vermişdir.

Nazirin dediyinə görə, KXDR-a qarşı daha çox sanksiya tətbiq olunacaq. Birbaşa sanksiyalar bu ölkə ilə biznes quran Çin şirkətlərinə qarşı deyil, KXDR şirkətlərinə və vətəndaşlarına qarşı olacaq.

Mnuçin həmçinin demişdir ki, ötən həftə insan hüquqlarının pozulması ilə əlaqədar İrana qarşı sanksiyalar tətbiq edilmişdir. Tehrana qarşı yeni sanksiyalar nüvə problemi ilə əlaqəli olmayacaq. Vaşinqton Tehranın davranışını diqqətlə izləmək niyyətindədir.

Bundan əlavə, Suriyaya qarşı xeyli sanksiya tətbiq olunacaq. Yaxın perspektivdə təxminən 200 şəxs və təşkilat məhdudiyyətlərlə üzləşəcək.

Xatırladaq ki, aprelin 1-də ABŞ Maliyyə Nazirliyi KXDR-ın 11 vətəndaşına və bir hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq etmişdir. Aprelin 13-də Tehrandakı həbsxanalar təşkilatı, habelə onun rəhbərlərindən biri ABŞ-ın “qara siyahı”sına düşmüşdür.