Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mey Brexitlə bağlı təkrar referendumu istisna edir

19 Aprel 2017
Böyük Britaniyada elan edilmiş növbədənkənar parlament seçkiləri ölkənin Avropa İttifaqında (Aİ) üzvlüyü məsələsi ilə bağlı ikinci referendumun keçirilməsinə dəlalət etmir. Bu barədə Baş nazir, hakim Mühafizəkarlar Partiyasının lideri Tereza Mey BBC-yə müsahibəsində bildirmişdir.

Hökumətin başçısı qeyd etmişdir ki, ikinci referendum olmayacaq: “Britaniya xalqı bundan əvvəl Aİ-dən ayrılmağa səs vermişdir. Artıq bu proses gedir və geriyə yol yoxdur”.

Bundan əvvəl Mey bildirmişdi ki, iyunun 8-ə təyin olunmuş növbədənkənar parlament seçkiləri Brexiti pozmağa çalışan müxalifət partiyalarına maneçilik törətməlidir. Baş nazir vurğulamışdı ki, “xalq bu məqsəd uğrunda birləşmişdir və ictimaiyyət istəyir ki, Aİ-dən çıxaraq gələcəkdə daha güclü Böyük Britaniya quraq”.

Xatırladaq ki, Böyük Britaniyanın Aİ-də üzvlüyü barədə referendum ötən il iyunun 23-də keçirilmişdir. Avropaya inteqrasiyanın əleyhdarları 51,9 faiz səslə qələbə qazanmışlar.