Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Made in Azerbaijan” brendi ixrac coğrafiyasını genişləndirır

19 Aprel 2017
 

Azərbaycanda biznes mühitinin inkişafına və sahibkarların fəaliyyətinə dövlət tərəfindən göstərilən böyük dəstək öz müsbət nəticəsini verir. Təkcə bu ilin birinci rübündə Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunan kənd təsərrüfatı və sənaye məhsulları üzrə yarım milyona yaxın ixrac təşviqinin ödənilməsi bunun əyani göstəricilərindəndir. Dövlət sahibkarların fəaliyyətinə həm də siyasi dəstək verir.

Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezidenti İlham Əliyev sahibkarların sosial məsuliyyətinin də gündəlikdə duran məsələlərdən olduğunu bildirib. Yəni, sahibkar qazandığı vəsaitlə həm istehsalı genişləndirməli, həm də sosial layihələrdə yaxından iştirak etməlidir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, Azərbaycanda çox gözəl ənənələr mövcuddur. Məsələn, bizim iri şirkətlərimiz var, hansıların ki, sırf illik büdcələrində korporativ sosial məsuliyyət proqramları nəzərdə tutulub. “Azərsun”, “PAŞA Holding” kimi şirkətlər korporativ sosial məsuliyyət proqramlarını həyata keçirirlər. Bu sahədə sahibkarların maarifləndirilməsi çox vacibdir. Biz korporativ sosial məsuliyyətin inkişaf etdirilməsi sahəsində bir çox silsilə tədbirlər keçirmişik. Bu il nəzərdə tutulan tədbirimizdə biz ən yaxşı təcrübələrimizi bölüşəcəyik.

Yaxşı təcrübənin təşviqi sahibkarlar arasında sağlam rəqabətin təmin olunmasına da elə yaxşı zəmin yaradır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi isə həm onların, həm də sadə vətəndaşların işini asanlaşdırır. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun xəttilə son illər sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlərin verilməsi yeni iş yerlərinin açılması ilə nəticələnib. Eyni zamanda, ixrac-idxal əməliyyatlarının sadələşdirilməsi də sahibkarların fəaliyyətini genişləndirmək üçün əlavə stimul verir. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbələr, cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular, şirələr, unlu qənnadı məhsulları, dəri məmulatları, ipək parçalar, xalçalar kimi digər məhsullar daxil edilib. Bu məhsulların xarici bazara çıxışını asanlaşdırmaq üçün "azexport.az" portalı da yaradılıb. Əsas məqsəd tələbatın daxili istehsal hesabına ödənilməsi və ixrac potensialının yüksəldilməsidir.