Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

30 minlik şəxsi heyət, 250-dən çox zirehli texnika, 200 artilleriya qurğusu, 25 döyüş aviasiyası...

19 Aprel 2017
 

Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri başlayıb

 

Hər bir ölkədə ordunun gücünü şərtləndirən əsas amil onun döyüş qabiliyyətidir. Əlbəttə, döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırmaq üçün həm arsenal güclü olmalı, həm də hərbçilərin nəzəri bilikləri praktikada daha çox tətbiq olunmalıdır. Bu zəncirvari bağlılıqda hansısa həlqənin zəifliyi qarşıda duran hədəflərin dəf olunmasını çətinləşdirər.

 

Güclülər sırasında yer alan ordu

 

Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialına, istifadəsində olan müasir silah-sursatlara görə dünyanın güclü orduları sırasında yer alması məlumdur. Dünyanın nüfuzlu hərbi nəşrləri dəfələrlə bunu öz hesabatlarında qeyd ediblər. Təbii ki, onların araşdırmaları aysberqin görünən tərəfidir və Azərbaycan da digər dövlətlər kimi hərbi sirlərini açıqlamaq niyyətində deyil. Bununla belə məlumdur ki, Prezident İlham Əliyevin fəaliyyətində hərbi quruculuq məsələləri son dərəcə prioritet təşkil edir.

Dövlət başçısı hələ 12-13 il əvvəl Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması ilə bağlı qarşıya təxirəsalınmaz vəzifələr qoymuşdu. Bu vəzifələrin hamısı qısa müddətdə reallaşıb. Artıq 10 ildən çoxdur ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini üstələyib. Bu dövrdə Rusiya, Türkiyə, İsrail, Pakistan kimi ölkələrdən arsenalımıza yeni silahlar qəbul olunub. İndiyədək keçirilmiş hər paraddan sonra Azərbaycan ictimaiyyəti ordumuzun artan döyüş imkanlarının bir hissəsini görüb.

Bütün bunlar həm də onu göstərir ki, Azərbaycanın hərbi quruculuğu əsasən Silahlı Qüvvələrin modernləşməsi istiqamətində gedib. Çünki cəmiyyət daim inkişafda olduğu kimi, ordu da döyüş qabiliyyətini artırmaq üçün arsenalını yeni silahlarla yeniləməlidir. Aparılan islahatlarda ordumuzun rabitə və idarəetmə sistemləri ən müasir hərbi texnoloji sistemlərlə yenilənib. Azərbaycan bu baxımdan kəmiyyət dəyişikliyi ilə yanaşı, keyfiyyət dəyişikliyinə də üstünlük verib.

Hərbi hissələrin ən müasir hərbi texnika ilə təchiz olunması ilə yanaşı, yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları da yaradılıb.

Bunların nəticəsidir ki, hazırda torpaqlarımızı düşməndən azad etməyə qadir, yüksək döyüş ruhuna malik ordumuz formalaşıb. Bu, özünü uğurlu aprel döyüşləri zamanı əyani şəkildə təsdiqlədi. Ötən il cəbhə xəttində baş verənlər həm də onu göstərdi ki, Azərbaycanın yeni silahları zamanı gələndə düşməni məhv etməyə qadirdir. Düzdür, həmin günlərdə Azərbaycan Ordusu arsenalında olan yeni silahların cüzi bir qismindən yararlandı. Lakin dördgünlük müharibənin yekunu olaraq düşmənin 22 il ərzində möhkəmləndiyi mövqelərdən, xüsusən strateji yüksəkliklərdən geri otuzdurulması, iki min hektar işğal olunmuş ərazinin azad edilməsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən əzici gücə və üstünlüyə malikdir. Aprel hadisələri həm də Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Ordusu güclü ordular sırasındadır: “İlk növbədə, ordumuzun sifarişləri təmin edilməlidir və büdcə xərclərinin tərkibində ən böyük xərclər hərbi xərclərdir. Yeni şəhərciklər salınır, hərbi bazalar tikilir, ən müasir silah, texnika alınır. Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanmışdır və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilmişdir. Onların bir hissəsi Azərbaycana gətirilib. Sadəcə Ermənistan rəhbərlərindən fərqli olaraq biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım gələrsə və vaxt gələndə, lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var. Qoy, onlar bilsinlər ki, bu gün Azərbaycan Ordusu həm də döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır”.

 

Döyüş qabiliyyətini artıran hərbi təlimlər

 

Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması məqsədilə təkcə yeni hərbi texnikalar alınmır. Eyni zamanda mütəmadi olaraq keçirilən hərbi təlimlərdə müasir döyüş vərdişləri artırılır. Bu məsələ Ali Baş Komandan İlham Əliyevin xüsusilə nəzarətindədir. Təsdiq edilən plana əsasən, il ərzində bir neçə dəfə hərbi təlimlər keçirilir.

Bu mənada ordunun döyüş qabiliyyətinin artırılmasına xidmət edən digər mühüm faktor vaxtaşırı hərbi təlimlərin keçirilməsidir. Çünki təlimlərdə hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılır, döyüş texnikalarının, müasir silahların tətbiqi imkanları öyrənilir, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili səviyyəsi yoxlanılır. Bütün bu praktik tətbiqlər son nəticədə ordu birliklərinin döyüş təcrübəsinin artırılmasında mühüm rol oynayır.

Xatırladaq ki, ötən il keçirilən təlimlərdən biri Hərbi Hava Qüvvələrinin idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə və ən yüksək texniki standartlar səviyyəsinə çatdırılmasına xidmət edirdi. Noyabr ayında keçirilən növbəti irimiqyaslı təlimlərdə səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqi yoxlanıldı. Həmin təlimlərdə qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olundu. Həmçinin hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə edildi. Təlimlərdə bir çox yeniliklərə imza atıldı, döyüş qabiliyyətinin artırılması istiqamətində uğurlar əldə edildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprelin 16-dan etibarən qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər başlayıb.

Budəfəki təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Aprelin 21-dək davam edəcək təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdirilir. Təlim çərçivəsində qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlara köçürülməsi, raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması kimi tapşırıqlar icra olunur.

Keçirilən təlimlər qoşunlar və hərbçilər üçün döyüşün praktik məktəbidir. Bu isə gələcəkdə döyüş meydanlarında ordumuzun daha parlaq qələbələr əldə etməsinə zəmin yaradacaq ən əsas amillərdəndir. Hazırda Silahlı Qüvvələrimizin qarşısında dayanan bir nömrəli vəzifə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir. Ordumuzun gündən-günə gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, aparılan məqsədyönlü islahatlar məhz bu vəzifənin uğurla yerinə yetirilməsinə yönəlib.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”