Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan İslamiada tarixinin ən möhtəşəm yarışını keçirəcək

19 Aprel 2017
 

I Avropa Oyunlarında qazanılan zəngin təcrübə və möhtəşəm qələbələr IV İslam Həmrəyliyi Oyunlarının da uğurla keçiriləcəyinə təminat verir

 

Azərbaycan mötəbər idman bayramının astanasındadır. Sivilizasiyaların toqquşduğu, müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşadığı Odlar Yurdu IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə bir daha mədəniyyətlərin qovuşduğu məkan olduğunu nümayiş etdirəcək.

İki il öncə I Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Avropa idmanı tarixinə möhür vuran Azərbaycan dövləti dünyaya yüksək təşkilatçılıq nümunəsi göstərdi. Avropa ölkələri, onların olimpiya komitələri, beynəlxalq təşkilatlar ölkəmizin qısa müddət ərzində belə bir beynəlxalq miqyaslı idman tədbirini yüksək səviyyədə keçirə bilməsinə və Azərbaycan dövlətinin qüdrətinə şahid oldular. İdman yarışlarının təşkilinin ən mükəmməl örnəyini yaradan ölkəmiz elə bir nümunə göstərdi ki, milyonlarla insan heyran qaldı və Avropa Azərbaycanı yenidən kəşf etdi.

Növbəti ay paytaxtımız müsəlman aləminin böyük səbirsizliklə gözlədiyi IV İslamiadaya qucaq açacaq. Ölkəmizin həyatında əlamətdar hadisə kimi tarixə düşəcək İslam Həmrəyliyi Oyunları bütün müsəlman ölkələrinin birliyini, həmrəyliyini dünyaya isbat etdirəcək. Prezident İlham Əliyevin söylədiyi kimi bu idman bayramında müsəlman ölkələri İslam aləminin birliyini və bu birliyin bizim gücümüzü daha da artırdığını Bakıdan dünyaya nümayiş etdirəcək. Hər kəs bir daha şahidi olacaq ki, İslam sülh, mərhəmət dinidir.

Prezident İlham Əliyev tərəfindən bu il ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunub. Məhz İslam həmrəyliyi ilində belə bir mötəbər turnirin ölkəmizdə keçirilməsi müsəlman ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürüdür. İslam aləminin bir parçası olan ölkəmiz də bu şərəfli missiyasını uğurla gerçəkləşdirəcək. IV İslam Həmrəyliyi Oyunları tarixdə heç vaxt indiki qədər güclü olmayan və müstəqilliyinin cəmi 25 yaşı olan Azərbaycanın həm siyasi, həm də idman tarixində yeni səhifə açacaq.

IV İslamiadaya evsahibliyi edəcək ölkəmiz həm də yeni rekord müəyyənləşdirəcək. Çünki bu yarışma tarixində ilk dəfə 57 islam ölkəsinin 3 mindən çox idmançısı Azərbaycanda medal uğrunda mübarizə aparacaq. Bu Oyunlar həm də nəcib əxlaq və əsl dəyərlərlə yanaşı, yarışmaq, dözümlülük və yüksək çalışqanlıq ruhu ilə seçilən idmançıların əsl performansını göstərmək üçün əlverişli fürsətdir.

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi “Bakı-2017”nin ən yüksək səviyyədə təbliğatı, həyata keçirilməsi istiqamətində çox böyük işlər görür. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan İslam dünyasına səs salacaq. Ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlərin, idman yarışlarının təşkilində Mehriban xanım Əliyevanın xüsusi rolu var. Təkcə “Eurovision” mahnı müsabiqəsi və I Avropa Oyunlarını buna misal göstərmək yetərlidir. Bu tədbirlərin gerçəkləşməsində Azərbaycan həm də təşkilatçılıq nümunəsini ortaya qoydu. Bütün bu işlər məhz Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində həyata keçirildi.

“Bakı-2017”nin Xəzərdən başlayan su səyahətinə start verilmə mərasimində İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Təşkilat Komitəsinin işini yüksək qiymətləndirərək qeyd etdi ki, Oyunlara son hazırlıq işləri ilə əlaqədar gördükləri tam qane edicidir. Prezident İlham Əliyevin Oyunların uğurla keçirilməsi üçün ən yaxşı imkanları təmin etmək işində böyük dəstəyi və diqqəti tərtibat və təşkilat işlərində öz bəhrəsini verib və uğura, fərqlənməyə əminlik yaradır.

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev qeyd etdi ki, bütün hazırlıq işləri yekunlaşır: “Bu, böyük bir idman bayramı olacaq. Bu, təkcə idman Oyunları deyil, həm də birlik Oyunlarıdır. Biz bu istiqamətdə də səylərimizlə müsəlman ölkələri arasındakı birliyi möhkəmləndirəcəyik”.

Oyunların keçirilməsində könüllülərin rolu da xüsusi əhəmiyyət daşıyır. İslamiadada 8 mindən çox könüllü iştirak edəcək. Fevral ayının 21-dən etibarən İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə qeydiyyatdan uğurla keçmiş könüllülər üçün təlim mərhələsi başlayıb. Aprel ayının sonuna qədər könüllülərə Ümumi, Rol və Məkan təlimləri keçiriləcək. Bununla yanaşı, Oyunlara hazırlıq mərhələsində könüllülərin cəmiyyətdə fəal iştirakını təmin etmək məqsədilə tədbirlər təşkil olunur.

İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə də start verilib. Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi. Paklıq və birlik rəmzi olan su səyahəti ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edəcək. 3 min kilometrdən çox məsafəni qət edən su səyahəti Naxçıvan, Astara, Şirvan, Sabirabad, Ağcabədi  və Horadizdə böyük coşqu ilə qarşılanıb və əsl bayrama çevrilib.

İlkin Təqdimat Mərasiminin keçirilməsindən 37 gün sonra, may ayının 12-də səyahət Bakı Olimpiya Stadionunda başa çatacaq. Ölkəmizin müxtəlif guşələrindən toplanan su Bakıya gətiriləcək və açılış mərasiminin tərkib hissəsi hesab olunmaqla Azərbaycanın İslam Həmrəyliyi Oyunlarının idmançılarını salamlamasını simvolizə edəcək.

Bir sözlə, daim İslam dünyasına öz töhfələrini verən ölkəmiz daha bir mötəbər idman yarışına yüksək səviyyədə evsahibliyi etməklə dünyaya səs salacaq və bu, qüdrətli Azərbaycan dövlətinin idman tarixinə qızıl hərflərlə yazılacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”