Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllıda aprel döyüşçüləri ilə görüş keçirilib

19 Aprel 2017
 

İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində böyük bir qələbəlik var idi. Burada yaşlı və gənc nəslin nümayəndələri daha çox gözə dəyirdi. Tədbir hərbi xidmətini başa vurmuş gənclər və keçən ilin aprel döyüşlərində iştirak etmiş ismayıllılıların qarşılanmasına həsr olunmuşdu. Təşkilatçılar isə rayon icra hakimiyyəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi idi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlov tədbiri açaraq əvvəlcə  hərbi xidmətlərini başa vurmuş gəncləri salamladı. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra X.Bədəlov vurğuladı ki, biz hər an öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad etməyə hazır olmalıyıq. Gənclər bilməlidirlər ki, müharibə hələ bitməyib, torpaqlarımızın bir hissəsi işğal altındadır. Bugünkü Azərbaycan Ordusunu fərqləndirən əsas cəhətlərdən biri də hərbi hissələrdə zabit və əsgərlərin yüksək səviyyədə döyüş hazırlığının və qələbə əzminin olmasıdır. İsmayıllı rayonunun gəncləri hər zaman öz vətənlərinə sevgisi və hərbi sahəyə meyilliliyi ilə seçiliblər, ordu sıralarında ləyaqətlə xidmət ediblər.

Orduda zabit kimi qulluq edən hərbçilərimizin sayına görə bu rayon ön sıralardadır. Onlar hər an döyüşə hazır vəziyyətdə Ali Baş Komandanın əmrini gözləyirlər.

Qüdrətli, güclü ordunun yaradılmasının ən əsas amillərindən biri də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarıdır.

Əvvəllər rayonda hərbi xidmətə gedən gənclərimizin yolasalma mərasimləri təşkil olunurdu. Artıq hərbi xidmətə yolasalma mərasimi ilə yanaşı, hərbi xidmətini başa vurmuş gənclərin təntənəli surətdə qarşılanması da ənənəvi hal alıb. Bunun çox böyük əhəmiyyəti var. Aparılan bütün sülh danışıqlarına baxmayaraq, hər bir azərbaycanlı torpaqlarımızı hərbi yolla azad etməyə hazır olmalıdır. Onun üçün də bu gün respublikamızda mütəmadi olaraq səfərbərlik təlimləri, komanda-qərargah hərbi oyunları keçirilir. Son iki il ərzində iki dəfə belə təlimlərə İsmayıllı rayonu da cəlb olunub. Hər iki təlimdə verilən tapşırıq 100 faiz yerinə yetirilib.

Azərbaycan Prezidentinin sərəncamı ilə aprelin 16-da orduda hərbi təlimlərə başlanıb. Həmin təlimlərə 30 min nəfər şəxsi heyət cəlb olunub. Təlimlər zamanı İsmayıllı rayonunda da səfərbərlik hazırlığını yoxlamaq məqsədilə həyəcan siqnalı verilə bilər. Ona görə də hərbi xidmətini başa vuranlar da hər zaman toplantılara hazır olmalıdırlar.

Gəncləri təbrik etmək üçün dövlət qulluğu veteranı Valeh Salehova söz verildi. O da tədbirin keçirilməsinin əhəmiyyətinə diqqət çəkərək 2016-cı ilin 2-5 aprel tarixlərində mənfur düşmənlərimizlə aparılan müharibənin Azərbaycanın döyüş əzmini göstərdiyini bildirdi. Lələtəpə və Talış kimi strateji əhəmiyyətli yüksəkliklərin düşməndən geri alınmasında İsmayıllı gənclərinin də iştirakından qürurlandıqlarını ifadə etdi.

Rayon Ağsaqqallar Şurasının sədri Əlaləm Babayev, rayon prokuroru Ülvi Abbasov da çıxışlarında Milli Ordumuzun mükəmməl səviyyədə olmasını, hərbçilərimizin düşmənin istənilən həmləsini dəf etməyə qadir olmalarını  vurğuladılar.

İsmayıllı Rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov isə  gənclərin münasib işlərlə təmin olunması üzərində ciddi çalışdıqlarını dedi. Hazırkı vəziyyətdə müəssisələr üzrə verilən sorğuların nəticəsinə görə, 223 vakant iş yerinin  mövcudluğu vurğulandı.

Tədbirdə aprel döyüşçüləri də təəssüratlarını bölüşdülər.

İsmayıllı rayon Qalacıq kənd sakini Vüqar Mahmudov bildirdi ki, o, çağırışçı kimi əsgərliyə gedib. 6 ay xidmət keçdikdən sonra müharibə başlayıb. Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi istiqamətində döyüşlərdə iştirak edib.

Sərxan Aydınzadə  isə İsmayıllı rayonunun Balik kəndindəndir. Aprel döyüşləri başlayanda 6 ayın əsgəri olub. Buna baxmayaraq, yağı düşmənin üzərinə gedərək verilən tapşırığın yüksək səviyyədə yerinə yetirilməsində fəal iştirak edib.

Tahir Muştaqov Vəng kəndindəndir. Müharibə zamanı  o da 6 ayın əsgəri olub. Tərtər rayonundan Ağdərə istiqamətinə olan döyüşlərdə iştirak edib. Əməliyyatlar zamanı düşmənin mövqelərinə ağır zərbələr endirilib.

Rəsmi hissənin sonunda hərbi xidmətdə fərqlənən və aprel döyüşləri əməliyyatlarında iştirak etmiş gənclərə hərbi biletlər və hədiyyələr təqdim olundu. Sonra foyedə tədbirin bədii hissəsi oldu və məşğulluq mərkəzinin gənclərə təqdim etdiyi vakant iş yerləri ilə bağlı təkliflər dəyərləndirildi.

 

Əli SƏLİMOV,

“Azərbaycan”