Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səhiyyə nazirliyində Cibuti Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

18 Aprel 2017
 

Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin ölkəmizdə rəsmi səfərdə olan Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okiehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyev və görkəmli akademik Zərifə Əliyevanın məzarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Cibuti Respublikasının səhiyyə naziri 2017-ci ilin “İslam Həmrəyli İli” elan edilməsinin bütün İslam dünyası ölkələrində rəğbətlə qarşılandığını xüsusi olaraq vurğulayıb. Qonaq həmçinin İslam Həmrəyli Oyunlarının Azərbaycanda keçirilməsini ölkə rəhbərliyinin sağlam həyat tərzinin təbliği və ölkədə aparılan sosialyönümlü siyasətin bariz nümunəsi olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın qurulması və Azərbaycanın səhiyyəsinin qazandığı müsbət təcrübədən cibutili həmkarların istifadəsi və azərbaycanlı həkimlərin həmin ölkədə qısa müddətdə cərrahi əməliyyatlar aparması barədə təkliflər verilib.

Səhiyyə naziri Oqtay Şirəliyev son illər ərzində səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan uğurlar barədə qonağa məlumat verib.

Görüş başa çatandan sonra naziri Cama Elmi Okieh və nümayəndə heyəti Elmi Tədqiqat Pediatriya İnstitutunda müəssisə rəhbərliyi ilə görüş keçirib. Görüşdə Azərbaycanda uşaqların sağlamlığının qorunması nəinki səhiyyənin prioritet sahəsi kimi, eləcə də dövlətin sosialyönümlü siyasətinin əsas istiqamətlərindən biri olduğu bildirilib.

Digər tanışlıq görüşü Azərbaycan Tibb Universitetinın rəhbərliyi və professor-müəllim heyətinin iştirakı ilə keçirilib. Qonaqlara tibbi təhsildə aparılan islahatlar, Boloniya sisteminə keçid və tibbi rezidentura sistemindən məlumat verilib. Cibutili tələbələrin Tibb Universitetində təhsil almaq imkanlarına dair təkliflər qəbul edilib.

Milli Onkologiya Mərkəzində keçirilən görüşlərdə xərçəngin erkən aşkarlanması üzrə respublikada səyyar briqadalarla mütəmadi monitoringlərin aparılması, xəstələrin müalicəsi üzrə Dövlət Proqramı haqqında müzakirələr aparılıb. Azərbaycanlı mütəxəssislərin Cibutiyə qısa müddətli ezamiyyəyə gedərək orada nəzəri təcrübi kursların təşkili haqqında təkliflər verməyi planlaşdırılıb.

Milli Oftalmologiya Mərkəzində keçirilən görüşdə Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin rəhbərliyi də iştirak edib. Həmin təşkilatının xətti ilə Azərbaycanlı oftalmoloqlar Cibuti də daxil olmaqla Afrikanın bir sıra ölkələrində oftalmoloji cərrahi əməliyyatlar aparıblar.

Həmin layihənin davamı və Azərbaycanlı mütəxəssislərin Cibutiyə qısa müddətə ezam olunaraq nəzəri təcrübi kursların təşkili etməsi barədə müzakirələr aparılıb.

Səfər proqramı çərçivəsində Cibuti nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində də olub.

Görüşlərdə Azərbaycanın Cibuti səhiyyəsinə texniki və maddi yardımı məsələləri müzakirə edilib, bir sıra tibbi cihaz və xəstəxana ləvazimatının həmin ölkəyə verilməsi barədə razılaşma əldə olunub.