Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Milli irs mükafatı” təqdim edilib

18 Aprel 2017
 

Aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə sarayın foyesində tarix və mədəniyyət abidələrinə həsr edilən və neft ilə işlənmiş rəsm əsərləri sərgisi ilə tanış olublar. Əsərlərin müəllifi Sabir Çopurov və Xəzər Nəbiyevdir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə qiymətinin təzahürüdür: “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ölkəmizdə geniş şəkildə qeyd edilir. Paytaxt Bakı ilə yanaşı, respublikamızın bir çox bölgələrində də müxtəlif formatlı layihələr icra edilir. Bu əlamətdar gün münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərdə aprelin 18-də “açıq qapı” günləri keçirilir. Tarix və mədəniyyət abidələrinin qorunması və inkişafı istiqamətində ardıcıl işlər görülür. Azərbaycan xalqı tərəfindən yaradılan tarixi abidələr bu gün yalnız bizim deyil, UNESCO-nun mədəni irs siyahısına salınaraq bəşəriyyətin sərvəti kimi tanınır. Qobustan, İçərişəhər, muğam, tar, xalça, aşıq sənəti, çövkən oyunu, kəlağayı artıq bəşəriyyət tərəfindən Azərbaycan xalqının mədəni sərvəti kimi qəbul olunur, qorunur və təbliğ olunur”.

Əbülfəs Qarayev diqqəti Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində qalan tarixi abidələrə çəkərək, onların acınacaqlı vəziyyətdə olduğunu bildirib. Qeyd edib ki, işğal olunmuş ərazilərimizdə qalan bütün abidələr bərbad vəziyyətdədir. Onların bəziləri dağıdılıb, bəzilərinin üzərində tarixi faktlar təhrif olunub və bu cür addımlar davam etdirilir. İşğal altındakı torpaqlarımızda olan bütün abidələr, Azıx mağarasından tutmuş Alban kilsələrinə qədər abidələrin hamısı Azərbaycan xalqına məxsusdur. Biz oradakı vəziyyət haqqında dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara öz narahatlığımızı çatdırmışıq.

Nazir qədim abidələrin, tarixi məkanların xalqımızın keçmişini yaşatmaqla yanaşı, gələcəyimiz üçün də çox böyük əhəmiyyət kəsb etdiyini deyib. Vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində ölkəmizin mədəni irsi qorunur, tədqiq olunur və dünya arenasında geniş təbliğ olunur. Nazir deyib: “Bu sırada Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xüsusi əhəmiyyətini qeyd etmək istərdim. Azərbaycanda dövlət tərəfindən tarixi abidələrə diqqət və qayğı cəmiyyət üçün də nümunə olmalıdır. Vaxtilə sıradan çıxarılmaq təhlükəsi ilə üzləşən İçərişəhər indi dünya tərəfindən bərpa olunmuş ən yaxşı tarixi şəhər kimi qəbul olunur. Qobustan muzeyi 2013-cü ildə Avropanın 5 ən yaxşı muzeyi sırasına daxil olub. Azərbaycan Xalça Muzeyi artıq müasir Azərbaycan memarlığının bir abidəsinə çevrilib. Milli Azərbaycan Tarix Muzeyi, Milli İncəsənət Muzeyi də ön sırada olan muzeylərimizdəndir. Biz cəmiyyətdə elə bir mühit formalaşdırmalıyıq ki, insanlar müvafiq qurumların fəaliyyətinin keçmişin, tarixi irsin qorunmasına xidmət etdiyini dərk etsinlər. Bu işdə ictimaiyyət də fəal, təəssübkeş olmalıdır”.

Sonra Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslərə və təşkilatlara Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı” təqdim edilib. Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Səfər Aşurov, Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Rahibə Əliyeva, Azərbaycan irsinin təbliğində xidmətlərinə görə “Kaspi” gündəlik ictimai-siyasi qəzetinin baş redaktoru İlham Quliyev “Milli irs mükafatı”na layiq görülüblər.

Mədəni irsin qorunması və təbliğindəki xidmətlərinə görə Masallı rayon regional mədəniyyət və turizm idarəsinin rəisi Lətifə Mövsümova, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun direktoru Təranə Abdullayeva, mədəni irsin qorunması və tədqiqi sahəsində xidmətlərinə görə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, mədəni irsin qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə isə Goranboy rayonundan abidə mühafizəçisi Akif Mustafayev və Siyəzən rayonundan abidə mühafizəçisi Mahir Ağayev Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.

Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin birgə layihəsi olan smartfonlar vasitəsilə tarix-mədəniyyət abidələri haqqında maarifləndirmə və tanıtım məqsədi daşıyan “Sirli Bakı” layihəsi də təqdim olunub.

“PAŞA Sığorta” ASC-nin İdarə Heyəti sədri Ülviyyə Cabbarova “Sirli Bakı” layihəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi yerli əhalinin və əcnəbi qonaqların tarixi abidələrimiz barədə maariflənməsinə dəstək olmaqdır. Layihəyə əsasən, Bakıda yerləşən tarixi obyektlər qarşısında xüsusi stendlər quraşdırılacaq. Bu stendlərə yaxınlaşaraq smartfonlar vasitəsilə tarixi obyektlər barədə virtual şəkildə interaktiv informasiya əldə etmək mümkün olacaq. Android və İOS əməliyyat sistemlərində işləyən mobil tətbiq Azərbaycan, rus və ingilis dillərində çalışır ki, bu da həm yerli sakinlərin, həm də şəhərimizin qonaqlarının ondan faydalanmasına şərait yaradır. Tətbiqdə 46 tarixi abidə haqqında ən maraqlı və interaktiv məlumatlar təqdim olunur.