Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

90 həkim briqadası və 40 sanitar maşın İslam Həmrəyliyi Oyunları iştirakçılarına xidmət göstərəcək

18 Aprel 2017
Ötən hər gün bizi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına yaxınlaşdırır. Ölkəmizin tibb müəssisələri də həmin tədbirə çox ciddi şəkildə hazırlaşırlar. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında da mühüm beynəlxalq idman tədbiri zamanı üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün bütün hazırlıq işləri başa çatıb.

AZƏRTAC-ın müxbirinə bu barədə məlumat verən baş həkim Rauf Nağıyev deyib: “IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar stansiyanın tibb işçiləri iştirakçıların və qonaqların məskunlaşdığı 40-a yaxın obyektə xidmət göstərəcək, eləcə də yarışların keçirildiyi idman meydançalarında növbədə dayanaraq iştirakçılar, qonaqlar və tamaşaçılar arasında təcili tibbi xidmətə ehtiyacı olanlara xidmət göstərəcəklər.

İndidən növbətçilik qrafiki tərtib etmişik. 40 sanitar avtomobili və 90 həkim briqadası Oyunlar zamanı qrafik əsasında öz xidməti borclarını yerinə yetirəcəklər. Daha ciddi tibbi yardıma ehtiyacı olanlar isə sanitar maşınlarla Bakı Sağlamlıq Mərkəzinə və Bakı Kliniki Mərkəzə çatdırılacaqdır”.