Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Made in Azerbaijan” brendi artıq dünyada şöhrət qazanır

18 Aprel 2017
 

 

İlham Əliyev yeni iqtisadi modelin əsas hədəfini açıqladı: bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik

 

* Fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir.

 

* Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir, gözəl regional inkişaf mərkəzləri yaradılır.

 

* Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq.

 

* Dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir.

 

* Regional inkişaf proqramlarının icrası öz gözəl nəticələrini vermişdir. Minlərlə yeni müəssisə yaradılıb. Bir milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların bir milyon 300 mini daimi iş yeridir. Regionlarımız abadlaşıb, şəhərlərimiz gözəlləşib. İndi hər bir bölgəyə səfər edərkən gözəllik, abadlıq görürsən. Bütün bunları biz etdik. Bunlar bizim siyasətimiz nəticəsində mümkün olmuşdur. Bu, bir daha onu göstərir ki, tutduğumuz yol düzgün yoldur və bu təşəbbüslərin yerinə yetirilməsi artıq tam yeni bir vəziyyət yaratdı.

 

* 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini vermişdir. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılmışdır. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalmışdır. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artmışdır. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. 2017-ci il çox uğurlu il olacaq.

 

* Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsulu istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini ona qaytarır.

 

* Qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd verilmişdir. Bu proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulur və qoyulacaqdır.

 

* “Azexport” portalı bu gün artıq dünya miqyasında özünü tanıtdıra bilib. Bu portala maraq getdikcə daha böyük olacaq. İndi əsas vəzifəmiz ondan ibarətdir ki, biz xaricdən sifariş olunan malların istehsalını təmin edə bilək. İndi bəzi hallarda sifariş olunur, ancaq ixraca göndəriləcək kifayət qədər məhsulumuz hələ ki olmur.

 

* “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır.

 

* Biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik. Əlbəttə ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. Növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək.

 

* Biz daim inkişafda olmalıyıq. Çünki ölkə dinamik şəkildə inkişaf edir və əhali artır. İnkişaf etmiş ölkələrdə əhalinin sayı ya sabit qalır, ya da ki, azalır. Bizim ölkəmizdə isə əhali artır. İndi əhalinin sayı 10 milyona yaxınlaşır. Bu, əlbəttə ki, bizim böyük üstünlüyümüzdür, eyni zamanda, onu göstərir ki, iqtisadi inkişaf çox sürətli olmuşdur. Ona görə insanlar daha da yaxşı yaşamağa başladılar, rifah yüksəldi və təbii ki, əhali də artır.