Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bakı-2015”-dən “Bakı-2017”-dək

16 Aprel 2017
 

Azərbaycan mükəmməl təşkilatçılığı ilə yanaşı, həm də idmançılarının qələbələri ilə də fərqlənəcək

 

Mayın 12-22-də İslam dünyasının diqqəti Azərbaycanda olacaq. Bakı İslam və idman həmrəyliyinin paytaxtına çevriləcək. On gün davam edəcək yarışlarda 50-dən çox ölkənin ən güclü atletləri Bakıda qüvvələrini sınayacaqlar. Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. Oyunların təşkilinə və keçirilməsinə 57 ölkəni özündə birləşdirən İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) nəzarət edir. “Bakı-2017” İHİF-in 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında üzv ölkələrin nümayəndələrinin səsverməsi yolu ilə təsdiq olunub.

Ümumiyyətlə, Azərbaycanda təşkil olunan dünya, Avropa çempionatları silsilə xarakteri daşıyır. Dünyanın ən nüfuzlu beynəlxalq idman yarışlarının təşkili ölkəmizə böyük imic qazandırıb. “Bakı-2015” ilk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycana həvalə edilməsi son illərdə bu sahədə görülən işlərə verilən yüksək qiymətdir.

Son iki ilə nəzər yetirdikdə görürük ki, ən böyük idman hadisəsi, sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi idi. Ölkəmiz 2 ildən çox davam etdirilən yüksəksəviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, “köhnə qitə”nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.

Nümunəvi təşkilatçılığı, olduqca möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrildi. 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu. Bir daha şahidi olduq ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir.

2016-cı il də Azərbaycan idmanı təqviminə qızıl hərflərlə yazıldı. Həm ölkəmizdə təşkil olunan idman yarışları, həm də atletlərimizin planetin ən mötəbər yarışında uğurlu çıxışları Azərbaycanın reytinqinə daha bir əlavə xal qazandırdı. Ümumiyyətlə, 2016-cı ildə ölkəmizdə 52 beynəlxalq yarış keçirilib. Ötən ilin ən yaddaqalan idman turnirlərindən biri dünyanın nüfuzlu avtomobil yarışlarından olan “Formula-1” Avropa Qran-prisinin Bakı mərhələsinin keçirilməsi idi.

İyunun 17-19-da təşkil olunan sürət yarışında 11 komandanın 22 pilotu qələbə uğrunda mübarizəyə qatılmışdı. Təxminən saat yarım davam edən yarışda bolidlər 6 kilometr məsafədə 51 dövrə vurdular. “Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq 1 dəqiqə 48,942 saniyə nəticə ilə qələbə qazandı. İkinci yerə daha bir almaniyalı pilot, “Ferrari” komandasının üzvü Sebastyan Fettel çıxdı. Üçüncü yeri isə “Force India”nın meksikalı pilotu Serxio Peres tutdu.

Ötən ilin may ayında Bakıda 17 yaşlı futbolçular arasında 34-cü Avropa çempionatı keçirildi. Qitə birinciliyində 16 ölkənin - Azərbaycan, Belçika, Portuqaliya, İsveç, İngiltərə, Ukrayna, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Hollandiya, Danimarka, Serbiya, Fransa, İspaniya, Şotlandiya və Avstriya milli komandaları iştirak etdilər.

Azərbaycan qitə çempionatını qəbul edən sayca 26-cı ölkə oldu. Belə bir turniri təşkil etmək hüququnun ölkəmizə  verilməsi təsadüfi deyildi. Çempionatın final mərhələsinin ölkəmizdə təşkil olunması haqqında qərar 20 mart 2012-ci ildə UEFA İcraiyyə Komitəsinin İstanbulda keçirilmiş iclasında qəbul edilib. Turnirin qalibi adını isə finalda İspaniya yığmasına qalib gələn Portuqaliya millisi alıb.

Paytaxtımızın 2016-cı ildə evsahibliyi etdiyi möhtəşəm turnirlərdən biri də Ümumdünya Şahmat Olimpiadası idi. Sayca 42-ci dəfə təşkil olunan yarışda 175 ölkədən 181 kişi və 142 qadın medallar uğrunda mübarizə aparırdı. Bu, ölkələrin sayına görə olimpiadalar tarixində rekord göstərici idi. Ölkəmiz bu yarışlarda üç qadın və üç kişi komandası ilə təmsil olunurdu.

Olimpiadanın qalibi kişilərin mübarizəsində 20 xal qazanan ABŞ millisi olub. Eyni xala malik Ukrayna yığması əlavə göstəricilərə görə ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 18 xalla Rusiya millisi tutub.

 Qadınların yarışında olimpiadanın qalibi 20 xal toplayan Çin şahmatçıları olub. Polşa yığması 18 xalla 2-ci, Ukrayna millisi isə 17 xalla 3-cü yerlərə yiyələnib.

Təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində qazandıqları nəticələr də çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Ötən il idmançılarımız dünya və qitə miqyaslı yarışlarda uğurlu çıxışlarını davam etdirərək 837 medal qazanıblar ki, bunlardan 297-sinin əyarı qızıl, 250-si gümüş, 290-ı bürüncdür.

Sözsüz ki, ötən ilin ən böyük idman yarışı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirildi. İdmançılarımız XXXI Yay Olimpiya Oyunlarında böyük uğur qazanaraq vətənə 18 medalla (1 qızıl, 7 gümüş, 10 bürünc) qayıtdılar. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının qatıldığı yarışlarda respublikamız 56 idmançı ilə mübarizə apardı. Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq İslam, türk və Qafqaz ölkələri arasında lider oldu.

Başqa bir rekord medal sıralamasına aiddir. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu, Londonda 204 ölkə arasında 30-cu yeri tutmuşdusa, son olimpiadada medalların sayına görə 15-ci olduq. Medal sayına görə MDB-də 2-ci, müsəlman dövlətləri arasında 1-ci, Avropa qitəsində 7-ci yeri tutmağımız Azərbaycan idmanının inkişafının göstəricisidir.

Olimpiyaçılarımızın uğur estafetini paralimpiyaçılarımız da davam etdirdilər. Sentyabrın 7-18-də Braziliyanın Rio-de-Janeyro şəhərində dünyanın 170 ölkəsindən 4 mindən çox idmançının mübarizə apardığı XXXI Yay Paralimpiya Oyunlarında atletlərimiz 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazandılar.

Qarşıda bizi daha bir təşkilatçılıq və doğma divarlar amilindən istifadə edərək idmançılarımızın qazanacaqları medallarla dolu bir mötəbər yarış gözləyir. İlk Avropa Oyunlarında təşkilatçılığı və hazırlığı ilə dünyaya nümunə göstərən Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da mükəmməl şəkildə evsahibliyi edəcəkdir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”