Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda “XXI əsr, Nuhun gəmisi” adlı sərgi açılıb

15 Aprel 2017
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Bəstəkarlar və Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Xatirə Həsənzadənin “XXI əsr Nuhun gəmisi” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə açılan sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu əsərlər müəllifin təxəyyülünün orijinallığı, dünyaya fəlsəfi baxışı ilə başqalarından fərqlənir. Əsasən qrafik əsərlərdən ibarət sərgidə rəsmlərə verilən adların da fərdi olması və təqdim olunan məzmun yozumu da fərqlidir.

Xalq Rəssamı Arif Hüseynov, Xalq Şairi Nəriman Həsənzadə və digər çıxış edənlər müəllifin çoxmənalı “metamarfoza”larını, təxəyyülünün, dünyaya baxışının rəngarəngliyi, fəlsəfiliyi ilə tamaşaçını ələ aldığını, düşünməyə çağırdığını söyləyiblər.

Bildirilib ki, müəllifin Bakı Miniatür Mərkəzində, Azərbaycan Rəssamlıq Akademiyasında, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Xətai Miniatür Mərkəzində, Çində “Azərbaycan mədəniyyəti günləri”ndə, “ART Kavkaz-2014” layihəsində sərgiləri nümayiş olunub. 2005-ci ildən Rəssamlar İttifaqının, 2006-cı ildən Azərbaycan Yaradıcı Qadınlar Assosiasiyasının üzvüdür. ABŞ, Avstriya, Belçika, Türkiyə və Çində şəxsi kolleksiyalarda əsərləri var.

Sonda Xatirə Həsənzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yaradıcılıq planlarından danışıb.

Sərgi aprelin 21-dək davam edəcək.