Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi sabitliyi təmin edən uğurlu antiböhran strategiyası

15 Aprel 2017
 

Mükəmməl islahatlar kursu Azərbaycanın inkişafda olan ölkələr arasında ilk yerdə qərarlaşmasını şərtləndirib

 

Xalqa layiqli xidmət amalını qarşıya məqsəd qoyaraq fəaliyyətində hər bir vətəndaşın maraq və mənafeyini uca tutan hakimiyyət komandası şəffaf idarəçiliyi təmin etməklə, ilk növbədə, ictimai gözləntiləri nəzərə almağa çalışır.

Bu mənada ictimai rəy nəzarət funksiyasını yerinə yetirərək hakimiyyətin fəaliyyətini stimullaşdıran və onu mövcud problemlərin həllinə doğru istiqamətləndirən hərəkətverici mexanizm rolunu oynayır. Müstəqil Azərbaycanın bir çox region və dünya ölkələrini ciddi sınaqlarla üz-üzə qoymuş qlobal maliyyə böhranının mənfi təzahürlərini dəf edərək iqtisadi islahatlar yolunda inamla irəliləməsi də məhz hökumətin son illərdəki fəaliyyətinin səmərəlilik göstəricisi kimi yüksək qiymətləndirilməlidir.

 

Möhkəm iqtisadi təmələ söykənən inkişaf modeli

 

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü geridə qoymuş müstəqil respublikamızın hazırda iqtisadiyyatın bütün sferaları üzrə kompleks islahatlar həyata keçirərək böhran şəraitində nəzərəçarpacaq nəticələrə imza atması, ilk növbədə, möhkəm iqtisadi bazisə söykənən milli inkişaf modeli ilə şərtlənir. Başqa sözlə, Azərbaycanın müstəqillik yolunda nail olduğu inanılmaz iqtisadi nailiyyətlərin milli inkişaf modeli ilə bağlılığı bu gün aksiom kimi qəbul edilən həqiqətdir. Bu da danılmaz reallıqdır ki, 1993-cü ildə yeni ictimai-iqtisadi formasiyaya keçidin çətinliklərini yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülurdü. Fəqət, ümummilli lider Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymamış, milli resurslarla yanaşı, xalqın mentalitetini, tarixi ənənələrini, inkişaf yolunun özəlliklərini ciddiliklə nəzərə almışdır.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı bilirdi ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur.

Ulu öndərin təşəbbüsü ilə bu mərhələdən ölkədə aqrar islahatların aparılması üçün normativ hüquqi sənədlər hazırlanmış, 1994-1996-cı illərdə “Aqrar islahatların əsasları”, “Sovxoz və kolxozların islahatı”, “Torpaq islahatı” haqqında qanunların, habelə digər vacib hüquqi aktların qəbulu aqrar sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açmışdır.

“Torpaq islahatı haqqında” qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər əksini tapmışdır.

Ulu öndər Heydər Əliyevin 22 mart 1999-cu il tarixli “Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” fərmanına əsasən, Milli Məclisdə kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi barədə qanunun qəbul edilməsi isə öz praktik əhəmiyyətini bugünün özündə də tam doğruldur. Ümumilikdə aqrar bölmədəki islahatlar radikallığı və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan, hətta postsovet respublikalarındakı islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynamışdır.

 

Sahibkarlıq fəaliyyəti üçün mükəmməl qanunvericilik

 

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin müstəsna rolunu nəzərə alan ümummilli ilder Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun iştirakını vacib saymışdır. 1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə “Haqsız rəqabət haqqında”, “İnvestisiyaların qorunması haqqında”, “İstehlak bazarı haqqında”, Vergi Məcəlləsi və digər zəruri sənədlər qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz, xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı” özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Sahibkarlığa dövlət maliyyə dəstəyinin hüquqi əsaslarını müəyyənləşdirmək üçün ulu öndər Heydər Əliyev Sahibkarlığa Kömək Milli Fondunu formalaşdırmaq üçün qərar qəbul etmişdir. Bu gün də uğurla fəaliyyət göstərən fondun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında isə dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 75 faizə yüksəlmişdir.

 

Mütərəqqi inkişaf strategiyası uğurla həyata keçirilir

 

Ümummilli lider Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasəti XXI əsrin başlanğıcında layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 14 ildə Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bu müddətdə ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər özünün sistemli və ardıcıl səciyyə daşıması ilə diqqət çəkir.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” fərman bu baxımdan mühüm sənədlərdən biri olmuşdur. Belə bir fərmanın imzalanması o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının aradan qaldırılması sahəsində, sözün əsl mənasında, inqilabi dəyişikliklərə yol açmışdır. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının “bir pəncərə” - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır.

Ölkə rəhbərinin “Dövlət orqanlarında elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının tələblərinə əsasən “Elektron xidmət növlərinin Siyahısı”na sahibkarlıq subyektlərinə göstərilən xidmətlər də daxil edilmişdir. Həmin siyahıya sahibkarlıq fəaliyyətini tənzimləyən, müxtəlif dövlət qurumları tərəfindən verilən icazələr, lisenziyalar, sertifikatlar və müxtəlif cür digər tənzimləyici sənədlər daxil edilmişdir.

Dövlət başçısının “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” fərmanına əsasən, yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə, icazələr barədə sorğulanan məlumatların asan tapılmasına, bu sahədə şəffaflığın daha da artırılmasına səbəb olmuşdur.

Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafında və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Fond vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmışdır. “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında” fərmana uyğun olaraq, güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, həmçinin kiçik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını genişləndirmiş, güzəştli kreditlər üzrə müddətin maksimum həddi 10 ilədək, məbləği isə 10 milyon manatadək artırılmışdır.

Son illər müəyyən çətinliklərə əzmlə sinə gərərək fəal antiböhran tədbirlərini reallaşdıran Azərbaycan bu gün bölgədə iqtisadi inkişafı və inteqrasiyanı təşviq edən lider dövlət statusunu qoruyub saxlayır. Realist siyasətçi kimi yeni dövrün çağırışlarını düzgün dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyevin xüsusən də 2015-ci ilin əvvəlindən həyata keçirdiyi antiböhran tədbirləri sistemliliyi və ardıcıllığı ilə diqqəti çəkir. Antiböhran tədbirlərinin ana xəttində yenə də sahibkarlıq fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələləri dayanır. Etiraf etməliyik ki, hazırda respublikamızda inkişaf dövrünü yaşayan qeyri-neft sektoru neftin qiymətinin üç dəfəyədək aşağı düşdüyü bir şəraitdə ölkənin mövcud tələbatını təmin etmək iqtidarında deyildir. Məhz buna görə də dövlət başçısı hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda da qeyd olunduğu kimi, dövlət başçısı İlham Əliyevin son 14 ildə imzaladığı bir sıra dövlət proqramları qeyri-neft sektorunun möhkəmləndirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks sənədlər olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına təkan vermişdir. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır.

Bu və digər tədbirlər sistemi qısa müddətdə inanılmaz nəticələrin əldə olunmasına imkan yaratmışdır. Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti

İlham Əliyevin qeyd etdiyi kimi, “iqtisadiyyatın qeyri-neft sektoru

2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır. Bu onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir... Birinci rübdə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıbdır. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir. Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik”.

 

Makroiqtisadi sabitlik təmin edilir

 

Cənab İlham Əliyevin iclasdakı dərin məzmunlu nitqi deməyə əsas verir ki, dövlət başçısı hazırkı mərhələ üçün hökumət qarşısında hansı əsas problemlərin, vəzifələrin dayandığını aydın təsəvvür edir. Nazirlər Kabinetinin son iclasında açıqlanmış rəqəmlər bir daha göstərir ki, qlobal səviyyədə cərəyan edən mürəkkəb siyasi proseslərin mənfi təsirlərinə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu il böhran mərhələsinin son fazasını da uğurla adlayır.

2017-ci ilin ilk rübünün uğurlu nəticələri hələ bir il əvvəl 2016-cı ili “Dərin iqtisadi islahatlar ili” elan edərək kompleks islahatların həyata keçirilməsini təmin etmiş Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu antiböhran strategiyasının məntiqi göstəricisidir. Bu strategiya Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişafına etibarlı zəmin formalaşdırır. Nazirlər Kabinetinin son iclası bir daha təsdiqləyir ki, 2014-cü ilin ortalarından etibarən dünya iqtisadiyyatını iflic edən qlobal böhran dalğası qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsi prosesində Azərbaycana tormozlayıcı amil olmamışdır. Böhranın ən pik mərhələsi sayılan 2015-2016-cı illərdə Azərbaycan üçün müəyyən çətinliklər yaransa da, hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər səmərə vermiş, nəticədə bir çox makroiqtisadi parametrlər üzrə inkişafa nail olunmuşdur.

İqtisadiyyat Nazirliyində keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayevin də bildirdiyi kimi, əvvəlki illərdə görülmüş işlər, yaradılmış potensial və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin edilmişdir: 2016-cı ildə qeyri-neft sənayesində məhsul istehsalı 5 faiz, kənd təsərrüfatı

2,6 faiz, informasiya və rabitə sahəsi 4,4 faiz artmışdır. Ötən il ölkə iqtisadiyyatına 11,7 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır ki, bunun 3,7 milyard dolları daxili sərmayələrdir.

Ötən il həyata keçirilmiş təşkilati-hüquqi, qanunverici və institusional islahatların ana xəttini sahibkarlar sinfinin dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafı və idxal-ixrac əməliyyatlarında balansın təmin edilməsi, ümumən makroiqtisadi dayanıqlığın qorunması olmuşdur. Bu məqsədlə ötən ilin əvvəlindən sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə apelyasiya şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması reallaşdırılmışdır.

 

Elmi əsaslara söykənən islahatlar

 

Son 2 ildə iqtisadi islahatların elmi şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış mühüm qurumlar sırasında Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi Şurasının, Turizm Şurasının yaradılmasını xüsusi qeyd etmək lazımdır. Bu qurumların yaradılmasında məqsəd ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdır.

Ümumilikdə ölkə rəhbərinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında”, “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” və “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanları, habelə “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”, “Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında” sərəncamı, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanı ölkədə sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilməlidir.

 

Strateji hədəflərə aparan yol xəritələri

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı isə keyfiyyətcə yeni mərhələdə iqtisadi inkişafı stimullaşdırmaq və böhranın mənfi təsirlərini aradan qaldırmaq məqsədi güdür. Fərmanla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair strateji yol xəritələrinin təsdiq olunması həm də qlobal böhrandan çıxış yollarını özündə ehtiva edir. Konkret olaraq “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji yol xəritəsi” ölkəmizdə sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı imkanlar açmışdır. Sahibkarlığın inkişafı məqsədilə həyata keçiriləcək kompleks tədbirlər sistemini özündə ehtiva edən sənəddə islahatların konkret istiqamətləri də əksini tapmışdır.

Strateji yol xəritələrinə əsasən yaxın illərdə respublikamızın qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Bu baxımdan dövlət investisiya siyasətində əsas istiqamətlərdən biri də sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması və qeyri-neft sənayesinin inkişaf etdirilməsi ilə bağlıdır. Sumqayıt, Balaxanı, Mingəçevir, Neftçala və s. sənaye parkı və məhəllələrinin yaradılması bu istiqamətdə atılmış ilk addımlardır. Bu baxımdan orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur.

Bu gün aksiom kimi qəbul olunan həqiqət ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirmişdir. Prezident Nazirlər Kabinetinin sonuncu iclasında ölkəmizin iqtisadi qüdrətini belə izah etmişdir: “Göstəricilər bizim iqtisadi vəziyyətimizi real əks etdirir. Əgər əlavə etsəm ki, bu il Davos Ümumdünya İqtisadi Forumu iqtisadiyyatların rəqabətqabiliyyətliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb, artıq mənzərə tamamlanır. Biz böhranlı illərdə öz reytinqimizi üç pillə artıra bilmişik. İnkişafda olan ölkələr arasında reytinqə görə isə Azərbaycan 1-2-ci yerləri bölüşür. Budur bizim işimizə verilən real və etibarlı qiymət. Biz bu yolla gedəcəyik, iqtisadi potensialımızı gücləndirəcəyik”.

Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Əminliklə demək olar ki, Azərbaycan xalqının milli mənayefinə cavab verən bu siyasət qarşıdakı illərdə də inamla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında böhran mərhələsini tamamilə geridə qoyacaq, sürətli inkişafı təmin edərək qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”