Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sakinlər tibbi müayinə tədbirindən razılıq edirlər

14 Aprel 2017
Prezident İlham Əliyevin göstərişinə əsasən əhalinin fevralın 15-dən başlanan növbəti tibbi müayinə tədbiri Suraxanı rayonunda mütəşəkkil qaydada və uğurla davam edir.

Rayonda 216,3 min nəfər sakin və burada məskunlaşan 20,2 min nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Hər bir sakin yaşadığı əraziyə yaxın olan 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada müayinə olunur. İndiyədək 108,2 min vətəndaş və 110 müəssisənin kollektivi tibbi müayinədən keçib. Müayinələr nəticəsində 3172 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb, 94 nəfər stasionar müalicəyə cəlb edilib, 231 nəfər təkrar müayinə və müalicə olunmaq üçün müxtəlif xəstəxanalara göndərilib.

Hövsan qəsəbəsində əsaslı təmirdən çıxan 23 nömrəli şəhər poliklinikasında idarə və müəssisələrdə, təhsil ocaqlarında çalışanlarla yanaşı pensiyaçı, ixtiyar qocalar və tək yaşayanların tibbi müayinəsinə xüsusi diqqətlə yanaşılır. Poliklinikanın baş həkimi Şərəbanı Yusifzadə AZƏRTAC-ın müxbirinə bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması və xəstəliklərin erkən aşkarlanıb müalicəyə cəlb olunması məqsədilə keçirilən tədbiri qəsəbə sakinləri böyük razılıq hissi ilə dəyərləndirirlər. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.

Müayinə tədbiri tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər terapevt tərəfindən müayinə olunandan sonra zərurət və ehtiyac yarandığı təqdirdə cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərə üz tuturlar.

Tibbi müayinə başlayandan indiyə kimi poliklinikada 14, 7 min nəfər müayinə olunub. Qəsəbə sakinlərindən 259 nəfərində xəstəlik aşkar olunub, 81 nəfəri təkrar müayinələrə göndərilib. Müraciət edənlərin 1,9 min nəfərindən laborator analizləri götürülüb, 434 nəfər exokardioqrafiya, 1,5 min nəfər rentgen və 2,1 min nəfər isə ultrasəs müayinələrindən keçib.

Tibbi müayinə mayın 1-dək davam edəcək.