Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin açılış mərasimi keçirilib

14 Aprel 2017
 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə icra olunan “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP GB-nin əlaqələndiricisi Elmar Məmmədov tədbirdə çıxış edərək Azərbaycan xalq tətbiqi sənətinin ən qədim növlərindən olan xalçaçılığın xalqımızın mədəniyyətində özünəməxsus yer tutduğunu və böyük inkişaf yolu keçdiyini bildirib.

YAP-ın Azərbaycan Xalça Muzeyi üzrə ərazi ilk təşkilatının sədri, layihənin əlaqələndiricisi Fuad Rəsul bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində xalqımızın milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. O, layihənin məqsədinin Azərbaycan xalqının əsrlər boyu qoruyub yaşatdığı qədim xalçaçılıq sənətinin tarixinin öyrənilməsi, bu zəngin irsin gənclər arasında təbliği olduğunu vurğulayıb.

Sonra muzeyin elmi işçisi Təranə Məlikova xalçaçılıq sənətinin tarixi haqqında gənclərə ətraflı məlumat verib.

Tədbirdə xalça sənətindən bəhs edən videoçarx nümayiş olunub.

Layihə çərçivəsində gənclərin Azərbaycan Xalça Muzeyinə ekskursiyaları təşkil ediləcək, burada nümayiş olunan qiymətli eksponatlar barədə ətraflı məlumat veriləcək. Eyni zamanda gənclərə milli naxışları çəkmək, xalçatoxuma üsulları öyrədiləcək.