Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Binəqədi rayonunda əhali icbari tibbi müayinədən keçirilir

13 Aprel 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin icbari tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqlara əsasən, paytaxtın Binəqədi rayonunda da tədbirlər planı uğurla icra olunur. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin keçirilməsi üçün rayonda xüsusi komissiya yaradılıb. Əhali arasında aşkar edilən xəstələr dispanser müşahidəsinə götürülür və müalicəyə cəlb edilirlər.

AZƏRTAC xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işi həyata keçirir. Bu məqsədlə yaşayış evlərinin girişlərinə elan lövhələri yerləşdirilir. Rayon icra hakimiyyətində “Qaynar xətt” yaradılıb.

Binəqədi rayonundakı 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında bu günə kimi 10 mindən çox sakin müayinədən keçib. Xəstəxananın poliklinika şöbəsinin müdiri İsa Cahanovun sözlərinə görə, səhiyyə ocağı 3 il əvvəl əsaslı təmir olunub və hər cür lazımi avadanlıq və preparatlarla tam təchiz edilib və burada yüksək ixtisaslı tibbi personal xidmət göstərir. Müayinə zamanı xəstəlik aşkar edilən 267 şəxs qeydiyyata alınıb, 57 nəfər isə stasionar müalicəyə cəlb olunub. Hazırda rayonda müayinə davam etdirilir və tədbir uyğun qrafiklə həyata keçirilir.

Sakinlər dövlət başçısına bu aksiyaya görə minnətdarlıqlarını bildiriblər.