Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xalq artisti Yaqub Məmmədov unudulmur

13 Aprel 2017
 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Azərbaycan Milli Konservatoriyasının “Sirlər xəzinəsi” ədəbi-bədii musiqi məclisləri layihəsi çərçivəsində reallaşan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, musiqisevərlər iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan, ölkəmizdə muğamın inkişafına göstərilən dövlət qayğısından söhbət açılıb. Bildirilib ki, Qarabağın bir hissəsi olan Ağcabədi Azərbaycan elminə, incəsənətinə, ədəbiyyatına, mədəniyyətinə onlarca görkəmli şəxsiyyət bəxş edib. Milli musiqi sənətimizin görkəmli nümayəndələri Üzeyir bəy Hacıbəyli, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Yaqub Məmmədov bu torpağın yetirmələridir.

Xalq artisti Arif Babayev, Beynəlxalq Muğam Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı görkəmli ustad sənətkarın Qarabağ xanəndəlik məktəbinin yetirməsi olduğunu, onun Seyid Şuşinskidən muğam dəstgahlarının, xanəndəlik sənətinin sirlərini öyrəndiyini, sənətdə öz ənənələrini yaratdığını, bütün muğam dəstgahlarının gözəl ifaçısı olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bildiyini söylədilər.

Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri Ənvər Əhməd, ziyalı Əbülfət Tapdıqov, rayon ağsaqqalı Seyid Rasim xanəndə haqqında xoş xatirələrini danışdılar.

Məclis boyu xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Zabit Nəbizadə, əməkdar artistlər İlkin Əhmədov və Sevinc Sarıyeva sənətkarın repertuarından muğamlar və təsniflər ifa etdilər. Görkəmli xanəndənin lent yazıları səsləndirildi.

Tədbir iştirakçıları Milli Kitabxananın qızıl fondunda qorunan muğam haqqında, eləcə də Yaqub Məmmədovun həyat və yaradıcılığına dair kitablar, məqalələr və disklərdən ibarət sərgi ilə tanış oldular.

 

Lazım QULİYEV,

“Azərbaycan”