Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Ali Neft Məktəbi ilə Kuala Lumpur Universiteti arasında müqavilə imzalanıb

12 Aprel 2017
Bakı Ali Neft Məktəbi (BANM) ilə Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, müqaviləyə əsasən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

BANM-də bu münasibətlə keçirilən tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov və müəllimlər, Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rəhman, UniKL-in prorektoru, professor Azanam Şah Haşim və Sənaye Texnologiyası İnstitutunun dekanı, professor Sairul İzvan Safie və başqaları iştirak ediblər.

Tədbirdə E.Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışıb, müqavilənin həm tələbə və müəllimlər, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğulayıb. Tərəflər tələbə mübadiləsi, o cümlədən elektrik mühəndisliyi və elektronika ixtisası üzrə birgə proqramın həyata keçirilməsi barədə razılığa gəliblər.

Azanam Şah Haşim diqqətə çatdırıb ki, UniKL-in Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrdən biri ilə əlaqələr qurması hər iki ölkənin maraqlarına cavab verir. Bu əlaqələr hər iki tərəf üçün perspektiv imkanlar yaradır.