Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni İslam intibahı Bakıdan başlayacaq

12 Aprel 2017
 

Müsəlman dünyasının uğurlu gələcəyinə, səmimi həmrəyliyinə və mənəvi dirçəlişinə gedən yol Azərbaycan nümunəsindən keçir

 

Son onilliklərdə fərqli sivilizasiyaların dialoq məkanına, bəşəriyyətin gələcəyi ilə bağlı qlobal mövzuların müzakirə ünvanına, Yer üzündə sülhün, sabitliyin, rifahın təminatı məramı ilə faydalı təşəbbüslərin irəli sürüldüyü düşüncə mərkəzinə çevrilmiş Azərbaycan bu niyyətlərə xidmət edən daha bir möhtəşəm tədbir ərəfəsindədir.
Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları başlanacaq. Bu sətirlərin qələmə alındığı anlarda açılış tarixinə bir ay qalır.
Bəzən müəyyən bir yenilik barədə söhbət düşəndə onun mahiyyəti haqqında insanların yetərincə məlumatlı olmalarını nəzərə alıb, əlavə təfərrüatlara lüzum görmürsən.
Amma elə hadisələr də var, mahiyyətinə varanda, fərqinə də varırsan ki, cəmiyyət bu barədə nə qədər çox məlumatlansa, onun məğzi, təfsilatları haqqında nə qədər ətraflı bilgi alsa, bir o qədər faydalı olar.
IV İslam Həmrəyliyi Oyunları da belə mühüm hadisələrdəndir.
Hər il dünyanın müxtəlif səmtlərində, fərqli formatlarda saysız-hesabsız idman yarışları keçirilir. Ayrı-ayrı ölkələrdən gəlmiş idmançılar çeşidli növlərdə güclərini sınayır, biri qalib gəlir, o biri məğlub olub qələbə üçün növbəti yarışları gözləyir.
Dörd ildən bir keçirilən və bütün dünyanın marağını cəlb edən olimpiya oyunları, çempionatlar da var, hər biri insanlar üçün xoş bir mədəni hadisəyə, ruhun istirahəti imkanına çevrilir.
Bu mədəniyyət əlvanlığında, görəsən, İslam Həmrəyliyi Oyunlarının yeri necə görünür - sıradan bir idman tədbiri kimi, yoxsa bundan daha üstün?!.
Yazı boyu, düşüncə imkanlarımızın yetdiyi qədər bu suala cavab tapmağa çalışacağıq, ona qədər isə İslam Həmrəyliyi Oyunları ilə bağlı sadəcə müəyyən faktlara nəzər salmağımıza ehtiyac var.
Beynəlxalq idman leksikonunda daha çox İslamiada kimi sabitləşmiş bu Oyunlar dörd ildən bir düzənlənən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançıların iştirak etdiyi beynəlxalq idman tədbiridir. Özəlliyi ondadır ki, İslam Oyunları həm olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə keçirilir.
I İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında baş tutub. 2005-ci il aprelin 8-20-də Məkkə, Mədinə və Ciddə şəhərlərində təşkil edilən yarışlarda Azərbaycan yığması da 12 idman növü üzrə 103 idmançı ilə təmsil olunub. Yığmamız 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) 8-ci pillədə qərarlaşıb.
II İslam Həmrəyliyi Oyunları planlaşdırılırdı ki, 2009-cu ilin oktyabrında İranda təşkil olunsun, sonra bu tarix 2010-cu ilin aprelinə keçirilsə də, II İslamiada ümumiyyətlə baş tutmadı. Səbəb isə ev sahibi olan ölkə ilə ərəb dövlətlərinin “Fars körfəzi” ifadəsində razılığa gələ bilməməsi idi. İranla ərəb dövlətləri arasında körfəzin adı ilə bağlı mübahisələrin çoxdan mövcud olduğu məlumdur. Təşkilatçı ölkənin Oyunların loqotipinə “Fars körfəzi” ifadəsini daxil etməsi, ərəblərinsə “Ərəb körfəzi” adında israrlı olması onda idman tədbirinin ləğvi ilə nəticələndi.
III İslam Həmrəyliyi Oyunları 2013-cü ilin 22 sentyabr - 2 oktyabrında İndoneziyanın Palembanq şəhərində təşkil olundu. Turnirdə Azərbaycanı 9 idman növü üzrə 53 idmançı təmsil edirdi. Turnirin yekununda idmançılarımız qazandıqları 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutdular.
***
Və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları...
Bu dəfə İslamiadanın Azərbaycanda keçirilməsi haqqında qərar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında 57 üzv ölkənin nümayəndələrinin səsverməsi yolu ilə təsdiq olunub.
2015-ci ilin aprel ayında isə IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın evsahibliyi etməsi barədə İHİF ilə müqavilə imzalanıb.
Yarışa “Həmrəylik bizim gücümüzdür” şüarı seçilib. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.
***
Bir neçə kəlmə də “Bakı-2017”nin proqramı haqqında.
Bu idman tədbirinin proqramı xeyli rəngarəngdir. Bura 22 idman növü - atletika və paraatletika, suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, futbol, bədii gimnastika, idman gimnastikası, uşu, tennis, stolüstü tennis, həndbol, cüdo və paracüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, voleybol, boks, zorxana, karate, taekvondo və ağır atletika daxildir.
Yarışlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Su Polosu Arenası, Basketbol Arenası, “Bayıl Arena”, “AZAL Arena”, Bakı İdman Sarayı, “Baku Crystall Hall-1”, “Baku Crystall Hall-2”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Sarayı, Sərhədçi İdman Kompleksi, Azərbaycan Ağır Atletika Akademiyası, “Dalğa Arena”, Bakı Atıcılıq Mərkəzi və Milli Gimnastika Arenasında keçiriləcək.
10 gün davam edəcək yarışlarda dünyanın 57 müsəlman ölkəsindən gəlmiş 3 min atlet gücünü sınayacaq.
***
Əlbəttə, bu yarışlarda hansı ölkələrin daha böyük üstünlük qazanması, idmançıların öz vətənlərinə neçə medalla dönmələri sadəcə bir azarkeş marağıdır. Bundan da əhəmiyyətli olanı adında, loqosunda “İslam həmrəyliyi” ifadəsi olan belə bir beynəlxalq idman tədbirinin təşkili və məkan kimi məhz paytaxtımızın seçilməsidir.
Bəşəriyyətin tarix boyu qazandığı bütün maddi və mənəvi nailiyyətləri özündə cəm edən mədəniyyətin çox müxtəlif qolları, fərqli istiqamətləri, sahələri var.
İdman da dünyanın ciddi mədəniyyət hadisələrindəndir. Digər mədəniyyət nümunələri kimi, idman da insanın mahiyyətini təşkil edən cisim və ruh arasındakı münasibətlərin harmoniyasına, ahənginə xidmət göstərir. İdman yarışlarının mövcudluğu sübuta yetirir ki, insanın mahiyyətindəki ən qorxulu meyilləri də humanizm duyğularının gücü ilə yaxşı tərəflərə yönəltmək mümkündür.
Bu, həyatın inkaredilməz həqiqətidir, dünyadakı bütün canlılar yeri düşəndə bir-biri ilə vuruşur, bir-birinə müqavimət göstərir, bir-birinin qismətini əlindən almaq üçün ona fiziki təzyiq göstərməyə çalışır.
İnsan təbiətindəki şeytani hislər baş qaldıranda bütün bunların eynisini bəşər övladları arasında da izləyirik.
Amma insan yeganə varlıqdır ki, şüurunun gücü ilə hətta bunu da mədəniyyət elementinə çevirə bilib. Yüz illərdən bəri dünyanın irili-xırdalı bütün idman arenalarında keçirilən yarışların mahiyyətində məhz bu məram dayanır. Bütün bunlar insanın fiziki təzyiq, fiziki müqavimət, başqaları üzərində zorakı üstünlük hissinin döyüş meydanlarından idman arenalarına daşınmasıdır, insanların döyüş meydanlarında qarşılaşmalarının müharibələrdən sülhə, faciələrdən parlaq mədəniyyət hadisələrinə çevrilməsidir.
Rəqiblərin qarşılaşdığı idman yarışlarının qalib elan olunan ən son epizoduna, yəqin ki, hər kəs diqqət yetirib. Çox cüzi istisnaları nəzərə almasaq, həmin epizodda qaliblə məğlub, adətən, əl tutub qucaqlaşırlar. Bu, o ana qədər meydanda aparıcı olan, qarşısındakına güc gəlmək istəyən sağlam bədənin o məqamdan sonra öz yerini sağlam ruha verməsidir, bədənin gücü, enerjisi ilə bir-birinə qənim kəsilənlərin yenidən sağlam ruhda birləşərək həyatlarına bu birgəlik içində davam etməsidir.
Bəşəriyyəti ayaqda saxlayan, inkişafa yönəldən qüvvə də elə budur - ruhun birgəliyi.
***
Tarixi soraqlara görə, qədim Elladada olimpiya oyunları keçirilən zaman bütün hərbi münaqişələrə son qoyulurdu. Fikrimcə, bu, “sağlam bədəndə sağlam ruh” həqiqətinin ən parlaq ifadəsidir.
İdmanı bir mədəniyyət hadisəsi kimi formalaşdıran, öz heyrətamiz yaradıcılıqları ilə cəmiyyətin mədəni, humanist minilliyə qədəm qoymasının göstəricisi kimi olimpiya oyunlarını düşünən qədim insanlar sülhün, humanizmin, döyüş meydanlarındakı qanlı çarpışmaların idman yarışlarına daşınmasının nə qədər vacibliyini öz sağlam ruhları ilə dərk edir, duyurdular. Bu nailiyyətdə çox qədim idman ənənələrinə malik Azərbaycanın da böyük payı var.
Qədim dastanlarımızda bəzən hətta bir-birinə qarşı vuruşan iki düşmən ordunun və ya dəstənin taleyini iki pəhləvanın görüşü həll edirdi. Sərkərdələr nəticələrlə razılaşıb ləşkərlərini geri çəkirdilər, beləliklə, qarşıdurma qansız-qadasız başa çatırdı.
Xalqımız minilliklərdən üzü bəri yol gələn bu missiyanı indi bütün bəşəriyyətin gələcəyi naminə davam etdirməkdədir.
Azərbaycan bu gün bütün dünyada idman dövləti kimi tanınır. Ölkəmizdə bir sıra beynəlxalq idman tədbirləri keçirilib. Azərbaycan 2015-ci ildə dünyanın idman tarixində bir ilk olan I Avropa Oyunlarına evsahibliyi edib, bütün dünyanın böyük maraqla izlədiyi bu möhtəşəm yarışların meyarlarını müəyyənləşdirib.
Hər il müxtəlif idman növləri üzrə keçirilən beynəlxalq yarışlar, 2015-2016-cı illərdə Bakıda təşkil olunmuş Şahmat üzrə Dünya Kuboku və Ümumdünya Şahmat Çempionatı, Bakı baharının xoş bir ənənəsinə çevrilməkdə olan “Formula-1” yürüşləri çağdaş mədəniyyət tariximizin fərəh doğuran hadisələridir.
Ölkəmiz bu cür beynəlxalq idman tədbirlərinə evsahibliyini, yəqin, gələcəkdə də davam etdirəcək, Azərbaycan cəmiyyətimizdə mövcud olan ictimai-siyasi sabitlik mühiti, inkişafa, tərəqqiyə açıqlığı, sosial-iqtisadi imkanları, müasir idman və turizm infrastrukturu ilə bu cür tədbirlərin yüksək səviyyədə keçirilməsinə, beləliklə, dünyada idman mədəniyyəti ənənələrinin inkişafına öz misilsiz töhfələrini verəcək.
“Həmrəylik bizim gücümüzdür” devizi altında təşkil olunan İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın evsahibliyi isə təkcə bu böyük idman tədbirinin təşkilati zəhmətini çəkmək deyil, eyni zamanda müasir dünyamızda İslam aləmi üçün yeni bir dəyər yaratmaq, İslam adında birləşən böyük bir toplumun mənəvi vəhdətinə nail olmaq, bu toplumun problemlərinin həllinə, gələcəyinin aydınlığına çalışmaqdır.
***
İslam dünyası bu gün çətin sınaqlar qarşısındadır...
Əslində, bu sınaqlar zaman-zaman heç bitməyib, islami dəyərlərin gözdən salınmasına, bu dinin işığına toplaşan xalqların müxtəlif təxribatlarla bir-birindən ayrı düşməsinə, İslam ölkələri arasında təfriqələrin yaradılmasına cəhdlər hər zaman davam edib. Bu günsə bu cəhdlər daha güclü və daha açıq şəkildədir. Elmi ədəbiyyatlarda sivilizasiyaların toqquşması kimi yozulan qarşıdurmanın, əslində, Qərblə Şərqin, siyasi mənada xristian dünyası ilə İslam mədəniyyətinin münaqişəsindən ibarət olduğu kimsəyə sirr deyil.
Bunu toqquşmadan daha çox İslama qarşı səlib yürüşlərinin davamı kimi nəzərdən keçirmək, bəlkə, daha ədalətli yanaşma olardı. Çünki indiki durumda əsl islami dəyərlər, müsəlman aləminin mütərəqqi qüvvələri toqquşmadan çox müdafiə mövqeyindədir. Orta əsrlərin səlibçiləri funksiyasını yerinə yetirən Qərb institutları isə son dərəcə hiyləgər bir yürüş taktikası seçib. Bu dəfə səlib yürüşləri, islami dəyərlərə zərbələr bu dinin adından çıxış edib öz mənfur fəaliyyətləri ilə İslam dininin zorakı, terrorçu, cahil, nadan obrazını formalaşdırmağa çalışan təxribatçıların əli ilə həyata keçirilir və nə qədər ağrılı da olsa, kifayət qədər istədikləri nəticələr əldə olunur.
Cəmiyyət həyatının hansı sahəsinə üz tutsan, bu təxribatların izlərini görərsən.
Belə bir zamanda əsl islami dəyərlərin bu dəyərlərə sahib çıxanlara, onları müasir inkişafın tərkib elementinə çevirməyə can atanlara, dinlə elmin ahənginə nail olmağı bacaranlara, dini mövhumatdan qoruyub çağdaş texnologiyalarla uzlaşdırmaq qayğısına qalanlara çox böyük ehtiyacı var.
Qərb açıq da olmasa, gizli fəndlərlə buna mane olur, etiraf edək, amma onunla da razılaşaq ki, İslam dünyasına qarşı təxribatların öz məqsədinə çatmasında əksər müsəlman ölkələrinin fəaliyyətsizliyinin, öz aralarında həmrəyliyə nail ola bilməməsinin, uzun illər boyu elmdən-kitabdan uzaq düşməsinin, dini dəyərlərə münasibətdə müasir dövrün çağırışlarını eşidə bilməməsinin də böyük rolu var.
Bir çox İslam ölkələrinin ortaq dərdlərə biganəliyini Azərbaycanın üzləşdiyi hərbi təcavüz faktına münasibətdə bütün ağrısı ilə biz də hiss etmişik. Ermənistan xristian dünyasındakı havadarlarının əli ilə torpaqlarımızın 20 faizini işğal edib soydaşlarımızı yurd-yuvalarından didərgin salanda, Azərbaycan ərazilərini illərdən bəri işğal altında saxlayanda, bir-iki istisnanı nəzərə almasaq, İslam ölkələri səsimizə səs vermədi. Hətta, bunu xatırlamaq nə qədər acı olsa belə, aralarında işğalçıya müəyyən vasitələrlə kömək edənlər də tapıldı.
Əlbəttə, hər bir ölkənin dövlət maraqları var və bir çox məsələlərə münasibətdə bu maraqların əsas götürülməsi təbiidir. Amma onu da nəzərə almaq lazımdır ki, İslam ölkələri arasında ümumi vəhdətin təmin olunması, bir çox taleyüklü məsələlərdə çəkicin eyni zindana vurulması ayrı-ayrılıqda bu ölkələrin hər birinin mövqeyinin güclənməsinə və belədə dövlət maraqlarının da daha güvənli şəkildə müdafiə olunmasına zəmin yaradardı.
***
Daha başqa bir yol görünmür...
Qloballaşan dünyamızda islami dəyərlərin qorunması və inkişafı müsəlman ölkələrinin də, avropalı qonşularımız kimi, tərəqqi tapması, ortaq mənəvi dəyərlərdə birləşən İslam ümmətinin təxribatlardan, süni münaqişələrdən qorunması, bu dəyərlərə bağlı cəmiyyətlərin həmrəyliyindən keçir.
Bu gün dünyadakı bir çox problemlərin həlli İslam həmrəyliyindən asılıdır.
İslam həmrəyliyi bugünün mövzusu deyil əslində. Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində Cəmaləddin Əfqani, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi mütəfəkkirlərimiz bu həmrəyliyin ideoloji əsaslarını yaratmağa çalışırdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin sonradan müstəqil Azərbaycan Respublikasının əsas dövlət atributlarından biri kimi qəbul olunacaq üçrəngi bayrağında bir rəngin məhz islami dəyərləri ifadə etməsi də elə bu fəaliyyətin nəticəsi idi.
İslam həmrəyliyi sadəcə bir şüar, çağırış deyil. Bu həmrəyliyin təməlində dayanan mədəniyyət birgəliyidir, İslam mədəniyyətinin inkişafı üçün müştərək çalışmaqdır, dinimizin elmə-təhsilə verdiyi önəmə, bir vaxtlar İslamın malik olduğu böyük elmi ənənələrə, Fərabi, Buxari, İbn Sina, Qəzali, Nizami, Füzuli və başqaları kimi İslam dühalarının zəngin irsinə əsaslanaraq yenidən bütün dünyanı təəccübləndirən birgə dünyəvi fəaliyyətlər ərsəyə gətirməkdir. İslamın nuru ilə cəmiyyətlərin tərəqqisinə kömək göstərməkdir, bəşəriyyətin qoluna güc, gözünə işıq, fikrinə açıqlıq verməkdir. Bu müqəddəs dəyəri şeytan yosunlu təxribatçıların əllərində siyasi alətə çevrilməyə qoymayıb, əxlaq, bəsirət, irfan qaynağı kimi yenidən dünyanın inkişafına yönəltməkdir. Bir sözlə, İslamın üzərindəki qara pərdələri götürüb, xurafat dumanlarını aydınladıb dünyanı dinimizin nur simasının işığına qərq etməkdir.
Bu, o qədər də asan məsələ deyil. Həsən bəy Zərdabinin yazdıqlarını xatırlasaq, monqol istilasından və geniş xalq kütlələri dünyəvi elmlərdən uzaqlaşdırılandan sonra 500 il sərasər üzü tənəzzülə doğru getmiş İslam aləmini yenidən özünün intibah dövrünə qaytarmaq indi böyük hünər istər.
Amma bu, mümkünsüz də deyil.
Və belə bir şərəfli missiyanı yerinə yetirmək işi yenə də ötən əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik cümhuriyyətini qurmuş, bu gün də o cümhuriyyətin müqəddəs bayrağı altında milli dövlətçilik tarixinin ən qüdrətli dönəmini yaşayan Azərbaycana düşər.
***
İslam Həmrəyliyi Oyunlarına evsahibliyi Azərbaycanın illərdən bəri bu yöndə gördüyü işlərin davamı və indi bu işin daha fəal, daha məqsədyönlü bir mərhələyə adlamasıdır.
Son illər Azərbaycanda bir sıra qlobal problemlərin müzakirəsi ilə bağlı humanitar forumlar, başqa beynəlxalq tədbirlər keçirilir. Qərblə Şərqin təmas nöqtəsi kimi Azərbaycan irəli sürdüyü faydalı dialoq təşəbbüsləri ilə mədəniyyətlər arasında körpü yaradır, multikulturalizm ideyasını aktuallaşdıraraq fərqli mədəniyyətlərə hörmət hissi aşılamağa çalışır.
Bütün bunların bir əsas məqsədi də islami dəyərlərə sahib çıxmaq, əsl İslamın mahiyyətini dünyaya göstərmək, zəngin Şərq mədəniyyətini başqa sivilizasiyaların hücumlarından qorumaq, eyni zamanda İslam ölkələrinin aydınlarını bir araya gətirərək İslam dünyasının düşüncə həmrəyliyinə nail olmaqdır.
Bu həmrəyliyə nail olmaqdan ötrü Azərbaycan dövləti bütün mümkün vasitələrdən istifadə edərək məqsədinə addım-addım nail olur. Ona görə ki, ölkəmiz bu niyyətində tam səmimidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam həmrəyliyinə dair bəyanatları hər hansı qısamüddətli maraqlara, yaxud pafosa deyil, İslam dünyasının həqiqi həmrəyliyi və inkişafını nəzərdə tutan strateji fəaliyyətə əsaslanır.
Bu fəaliyyət təkcə bir istiqamətlə məhdudlaşmır, hər hansı bir idman, mədəniyyət tədbirinin təşkili çərçivəsində qapanıb qalmır, İslam həmrəyliyi məqamı ilə eyni vaxtda bir-birinə paralel şəkildə həyata keçirilən aydın, məqsədyönlü, ardıcıl proqrama əsaslanır.
2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilib.
Bütün müsəlman ölkələrini bir-biri ilə daha sıx birləşdirmək məqsədi daşıyan bu son dərəcə önəmli təşəbbüsün müəllifi cənab İlham Əliyevdir. Fevralın son günlərindən başlayaraq Azərbaycan Prezidentinin cəmi bir həftə ərzində 3 İslam ölkəsinə səfər etməsi, aparılan danışıqlar, cənab İlham Əliyevin bir sıra Avropa ölkələrində islamofobiya, ksenofobiya hallarına qarşı daim kəskin bəyanatlarla çıxış etməsi, Qərb dövlətlərinə səfərlərində, Qərb rəsmiləri ilə görüşlərində bu məsələləri, İslam dünyasının mütərəqqi maraqlarını zaman-zaman dilə gətirməsi də göstərir ki, İslam həmrəyliyi Azərbaycan Prezidenti üçün hər hansı vasitə, siyasi dividend elementi deyil, bütün bunların fövqündə dayanan yüksək mənəvi dəyərdir, tarixi missiyadır.
Bu yanaşma, bu yöndə məqsədyönlü fəaliyyət, belə bir səmimi niyyət bu gün Azərbaycanı bütün dünyada İslam həmrəyliyinin mərkəzinə çevirib.
Və bir çox amilləri nəzərə alsaq, məhz Azərbaycan bu həmrəyliyə nail olmaq gücündədir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü və bu gün uğurla davam etdirilən milli dövlətçilik kursuna uyğun olaraq Azərbaycan cəmiyyətində dini dəyərlərə çox aydın bir münasibət var. Cəmiyyətimiz bu münasibətlərin dinin dövlət institutlarından kənarda, dövlətin işinə qarışmadan sadəcə insanın mənəvi dünyasının ərazisi kimi formalaşmasına nail ola bilib.
Dövlətimizin bir çox pozucu cəhdlərdən, bəd əməllərdən əzmlə qoruduğu bu münasibətlə Azərbaycan bütün İslam dünyası üçün xoş bir örnəkdir. Eyni zamanda ölkəmizdə dini dözümlülük mühiti də çox yüksək səviyyədədir. Çoxmillətli Azərbaycan dövləti tariximizin bizlərə ən qiymətli ərməğanlarından olan tolerantlıq mühitini qoruyaraq daha da inkişaf etdirir. Dinindən, dilindən asılı olmayaraq hər kəsin qanunların gücü ilə özünü güvəndə hiss etdiyi, dövlətin diqqət və qayğısı ilə əhatələndiyi belə bir cəmiyyət modeli bütün dünyada xoş təəssürat yaradır və İslam həmrəyliyinin mərkəzi rolunda belə bir cəmiyyətin çıxış etməsi bəri başdan bu ideyanın uğurunu təmin edir.
Üstəlik, Azərbaycanın İslam ölkələri arasında həmrəyliyə nail olmaqdan ötrü seçdiyi, təlqin etdiyi yol da bunun ən düzgün, alternativsiz, bir vaxtlar Azərbaycan mütəfəkkirlərinin irəli sürdükləri prinsiplərə əsaslanan yoludur.
Xoş niyyətlərə əsaslanan istənilən həmrəyliyin qayəsi inkişafdır, tərəqqidir, bu həmrəyliklə bəşər mədəniyyətinin yüksəlişinə azdan-çoxdan nəsə töhfələr verməkdir.
İslam zəngin bir mədəniyyətdir, İslam ölkələri ancaq mədəniyyət işığında birləşə bilər. Ona görə Azərbaycan mədəniyyət birliyinə xitab edir, İslam ölkələri arasında mədəni bağların möhkəmlənməsinə can atır.
İdman da toplumlar arasında ən mühüm mədəniyyət bağlarından biridir. İdman böyük birləşdirici gücə malikdir. Təsəvvür edək ki, düz 10 gün Azərbaycan paytaxtında 50-dən çox müsəlman ölkəsi bir araya gəlir. Bu ölkələrin iştirakı ilə İslam aləminin tam bir mədəni rəsmi cızılır. Bir çoxlarına bəlkə də mücərrəd görünən İslam dünyası anlayışı irreal təsəvvürlərdən aydın bir şəklə çevrilir.
Azərbaycan Prezidenti bu xüsusda demişdir: “Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.
Hələ bu 10 gün ərzində sərgilənən İslam mədəniyyəti nümunələrinə, yarışan idmançılara dünyanın müsəlman tamaşaçılarının marağı, eyni mənəvi dəyərlərə aidlik duyğusunun insanlarda yaratdığı emosional hislər və bu hislərin mərkəzində Azərbaycan kimi abad, inkişaf etmiş, füsunkar bir ölkənin dayanması...
Bütün bunların pozitiv təsir gücünü sözlə ifadə etmək çətindir.
***
IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri artıq başa çatmaq üzrədir.
Azərbaycan yenə dünyanı yaxşı mənada heyrətləndirəcək. İslam Həmrəyliyi Oyunlarının illər sonrakı növbəti silsilələri üçün yeni meyarlar, daha üstün səviyyələr müəyyənləşdirəcək.
Hamılıqla buna əminik.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilati-hazırlıq işlərinin nəticəsini, zatən, başqa cür təsəvvür etmək mümkün deyil.
Yaxın tariximiz bu həqiqəti, misilsiz təşkilati qabiliyyətin, görülən işə məsuliyyətli münasibətin, intizamın, komanda qurma bacarığının heyrətamiz bəhrələrini zaman-zaman ortaya qoyub. 2012-ci ilin “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi, 2015-ci ilin I Avropa Oyunları kimi hər biri insan iradəsinin, əzminin, el birliyinin hüdudsuzluğunu, xalqımızın böyük potensialını göstərən möhtəşəm nümunələr yaradıb.
Hazırlıq üçün müəyyən edilmiş vaxtın da, təcrübənin də azlığına rəğmən Azərbaycan təşkilati səviyyəsi ilə “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsini də, I Avropa Oyunlarını da dünyanın mədəniyyət tarixinə qızıl hərflərlə yazmağa müvəffəq olub.
...Və 2017-ci ilin mayından sonra bu tarixdə IV İslam Həmrəyliyi Oyunlarının xoş xatirələri, işıqlı təəssüratları da parlaq şəkildə öz əksini tapacaq.
***
Bütün cəmiyyətlərdə hər işə dodaq büzənlər tapıldığı kimi, mətbuatda, sosial şəbəkələrdə, elarası söhbətlərdə hərdən Azərbaycanın bu cür möhtəşəm beynəlxalq tədbirlərə evsahibliyindən giley-güzar edənlərə, bu cür yarışların niyə, məsələn, başqa inkişaf etmiş ölkələrdə deyil, bizdə keçirilməsini o qədər düzgün anlamayan az sayda dovtələblərə də rast gəlirsən.
Hökumətin bütün işlərinə qara yaxıb, ictimai rəyi çaşdırmağa çalışan destruktiv qruplarla bağlı məsələ bəllidir. Nə qədər əsaslandırmağa çalışsan da, belələrinə kar etməz, onlar Azərbaycan dövlətinə qarşı pozucu fəaliyyətlərindən əl götürməzlər.
Bu təxribatçı ünsürlərin yazdıqlarını, söylədiklərini ciddiyə alan bəzi vətəndaşlarımızın isə bilməsində fayda var ki, bu cür tədbirlərin yazı boyu söhbət açdığımız siyasi-mənəvi əhəmiyyəti hələ bir yana, müasir dünyamızda əmtəə və xidmətlər kimi, bütövlükdə ölkələrin də reklam və marketinqi prosesi gedir. Əgər ölkəni dünyada tanıtmaq, onun potensialını sərgiləmək və milli iqtisadiyyatın müxtəlif sahələrinə investorlar, xarici müştərilər cəlb etmək, bununla əhalinin imkanlarını daha da yaxşılaşdırmaq istəyirsənsə, ölkə marketinqi üsullarından faydalanmalısan. Böyük izləyici marağı ilə müşayiət olunan idman tədbirləri, beynəlxalq müsabiqələrə evsahibliyi bunun ən səmərəli üsullarındandır.
Diqqət edək, “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsindən, I Avropa Oyunlarından heç iki-üç il keçməmiş Azərbaycana kütləvi turist axını başladı. Xüsusilə ərəb ölkələrindən, qonşu İrandan böyük turist qruplarının gəlişi, onların sayının getdikcə artması Azərbaycanın iqtisadi həyatında özünü göstərən xoş bir trenddir. Onlar öz ölkələrində qazandıqları pulları burada istirahətlərinə, alış-verişlərinə xərcləməyə, müxtəlif sahələrdə çalışan insanlarımıza xeyir verməyə gəlirlər.
Beləliklə, ölkənin tanıtımına sərf edilmiş əmək insanlarımızın əlindən tutur, bu tədbirlərə xərclənən vəsaitlər dolayı yolla Azərbaycan insanının çörək təknəsinə qayıdır. Hələ bunlar ilkin nailiyyətlərdir, arzuladığımız turist axını, qeyri-neft sektorunu ayağa qaldıracaq böyük sərmayələr, “Made in Azerbaijan” brendini dünyada tanıdacaq tərəfdaşlıqlar hələ qabaqdadır.
İqtisadiyyat belə qurular, iş belə görülər. Yoxsa hər şeyə ağız büzməklə bir nəticə hasil olmaz.
İslam Həmrəyliyi Oyunlarının rəmzi mənəvi dünyamızda böyük mahiyyət daşıyır. İslamiadanın rəmzi olaraq su seçilib.
Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi.
Su həyatdır, duruluqdur, aydınlıqdır.
“Su qədər ömrün olsun”, - birinə alqış edəndə belə deyib ulularımız.
Yola çıxanların ardınca su atıblar ki, uğuru xeyir olsun.
İndi Azərbaycandan da İslam dünyasının gələcəyinə doğru böyük bir yol başlanır.
Sabahımıza, həmrəyliyimizə, intibahımıza sarı yola çıxırıq.
Qoy Xəzərin ardımızca səpdiyi zümrüd sular yolumuzu, ömrümüzü aydın və uğurlu etsin...

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist