Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tələbələrlə görüş

12 Aprel 2017
 

Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatı Hüquq Klubunun təşkilatçılığı ilə növbəti görüşün qonağı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) hakimi, hüquq elmləri doktoru, professor Lətif Hüseynov olub.

DİA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın humanitar və sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev görüşün tələbələr üçün praktik əhəmiyyətindən danışıb. Vurğulanıb ki, tədbirin keçirilməsinin əsas məqsədi DİA-da təhsil alan tələbə gənclərin bu sahədəki biliklərinin artırılması, insan hüquqları üzrə ölkəmizdə aparılan uğurlu islahatların və müvafiq istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsidir.

Görüşdə L.Hüseynov Avropa məhkəməsinin fəaliyyəti, beynəlxalq münasibətlərlə bağlı yeni çağırışlar barədə fikirlərini bildirib, bu sahədə olan təcrübəni bölüşüb, qarşıda duran mühüm vəzifələrdən danışıb. AİHM-nin yaranması, fəaliyyəti, müraciətlərə baxılma prosedurları barədə məlumat verən qonaq həqiqətlərin müdafiəsi baxımından bu ali tribunanın ölkəmiz üçün əhəmiyyətini qeyd edib. O, gənclərin təşəbbüsünün həmişə yüksək dəyərləndirildiyini, dövlət başçısının gənclərə böyük diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb.

Diskussiya şəklində davam edən görüşdə tələbələrin sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

Görüşdə DİA-nın Hüquq kafedrasının müəllimləri iştirak ediblər.