Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət İmtahan Mərkəzi: İlk sınaq imtahanı mayın 27-də keçiriləcək

11 Aprel 2017
Birinci-beşinci ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə mayın 27-də ilk sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, imtahan respublikanın 26 şəhər və rayonunda, 96 imtahan binasında təşkil olunacaq. Sınaq imtahanının keçirilməsi üçün həmin binalarda ümumilikdə 51 min 50 yer ayrılıb. İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

Mayın 27-də keçiriləcək sınaq imtahanına qeydiyyat aprelin 12-də saat 10:00-dan mayın 23-də saat 10:00-dək aparılacaq.

Sınaq imtahanlarında iştirak etmək istəyənlər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması” bölməsinə daxil olaraq “Sınaq imtahanı” ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində “yeni istifadəçi” kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədikləri vaxt yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilərin balanslarındakı vəsaitdən istifadə edərək sınaq imtahanlarına istənilən şəxsləri yazdırmaları mümkündür.