Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin əlaqələndiricisi Bakı Ali Neft Məktəbində

11 Aprel 2017
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin əlaqələndiricisi Adəm Urfa, qurumun əlaqələndiricisinin müavini Mehmet Ali Yetiş və əməkdaşı Abbas Hümbətov ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağında keçirilən görüşdə TİKA haqqında məlumat verilib, fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Azərbaycan ilə Türkiyənin dost və qardaş dövlətlər olduğunu deyən E.Qasımov vurğulayıb ki, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində geniş əlaqələr mövcuddur. Rektor TİKA tərəfindən BANM-in əməkdaşları üçün menecment və universitetlərin idarə olunması sahəsində təlim imkanlarının araşdırılmasından danışıb. Diqqətə çatdırıb ki, bu kimi təlimlər BANM əməkdaşlarının inkişafina xidmət edəcək.

Adəm Urfa isə TİKA tərəfindən Azərbaycanda iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirilən müxtəlif layihələrdən söz açıb. Qeyd edilib ki, TİKA-nın Azərbaycan da daxil olmaqla dünyanın 54 ölkəsində yüzdən çox əməkdaşlıq ofisi fəaliyyət göstərir. TİKA-nın ilk proqram koordinatorluğu ofisi Türkmənistanda yaradılıb. Eyni zamanda, dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq qurulub. Agentliyin başlıca məqsədi türkdilli respublikaların sosial strukturunun qorunması, onların davamlılığının təmin edilməsi, texniki infrastrukturuna dəstək göstərmək olub. İndiyədək TİKA tərəfindən təhsil, səhiyyə, quruculuq, kənd təsərrüfatı, maliyyə, turizm və s. sahələrdə bir çox layihə və proqramlar həyata keçirilib.

Görüşdə BANM ilə TİKA arasında konkret əməkdaşlıq sahələri barədə razılıq əldə olunub. A.Urfa bu əməkdaşlığın inkişaf perspektivlərinin dərindən araşdırılacağını bildirib.