Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib

11 Aprel 2017
Aprelin 11-də Milli Məclisin regional məsələlər komitəsinin iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qanun layihəsi barədə məlumat verib.

Dəyişikliyə əsasən qanunun 5.4-cü maddəsi dəyişdirilərək yeni redaksiyada veriləcək. Belə ki, təklif edilən dəyişikliyə əsasən bələdiyyələrə ödənilən fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə müvafiq bələdiyyənin təşkil edildiyi ərazi vahidləri hüdudlarında mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri, ünvanı, onların mülkiyyətçiləri olan fiziki şəxslər, habelə fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri və ünvanı barədə məlumatlar həmin bələdiyyə tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində ödənişsiz əldə edilir.

Komitə sədri qeyd edib ki, əvvəllər bələdiyyələr həmin sadalanan informasiyaları əldə etmək üçün müəyyən vəsait xərcləmək məcburiyyətində qalırdılarsa, yeni dəyişikliyə əsasən bələdiyyələr heç bir ödəniş etmədən daşınmaz əmlakları və onların sahələri haqqında məlumat əldə edə biləcəklər.

Bundan başqa, qanunun 5.3-cü maddəsi ləğv olunur.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.