Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beş milyon insan kütləvi pulsuz tibbi müayinədən keçəcək

11 Aprel 2017
Ölkə ərazisində keçirilən kütləvi pulsuz tibbi müayinə aksiyasında respublika üzrə beş milyon insan iştirak edəcək. Fevralın 15-dən başlayan və mayın 15-dək davam edəcək tibbi müayinələr vətəndaşların sağlamlıqlarının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına və müalicəsinə yönəlib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışarkən deyib: “Sosial proqramlardan biri də əhalinin tibbi müayinədənkeçmə layihəsidir. Builki layihə gələn ay başa çatacaq. Beş milyon insan tibbi müayinədən pulsuz keçəcək. Əgər əvvəlki illərdə daha çox təbliğat işi aparılırdı ki, insanlar getsinlər, bu müayinədən keçsinlər, indi biz görürük, buna ehtiyac yoxdur. İndi vətəndaşlar da görürlər, bilirlər ki, bu, onlar üçün, onların sağlamlığı üçün lazımdır. Biz son illər ərzində bütün rayonlarda müasir tibb müəssisələri yaratdıq, ən müasir laboratoriyalar var. Burada ən müasir avadanlıq quraşdırılıb və indi istənilən analizi, müayinəni hətta kiçik rayonlarda da aparmaq mümkündür”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2014-cü ildən əhali pulsuz tibbi müayinədən keçirilir. Hər il respublikanın 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti tibbi müayinədən keçirilir, ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər.