Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı İslam həmrəyliyinin zəfər meydanı olacaq

11 Aprel 2017
 

Bəlkə də biz hiss etmədən Azərbaycan xalqının tarixində parlaq bir mərhələni yaşayırıq: bu, XXI əsrdə Azərbaycanın yeniləşməsi, daha dəqiq desək, möcüzə kimi davam edən intibah dövrüdür. 

Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdəki çıxışında bu fikri xüsusi vurğuladı: “Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etmişik. Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Hesab edirəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”.
Ölkəmiz son 25 ildə müstəqil xarici siyasət yürüdərək qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləmiş, bütün dünyada milli mənafelərini əzmlə qorumuşdur. Bu siyasətin mühüm tərkib hissəsi olaraq respublikamız həm də mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, habelə zəngin islami dəyərlərin təbliğinə sanballı töhfələr vermişdir. Ölkəmiz vicdan azadlığının qorunması, dini tolerantlığın və İslam həmrəyliyinin təmini məqsədinə xidmət edən ardıcıl dövlət siyasəti aparmaqla bütövlükdə müsəlman aləmində böyük nüfuz qazanmışdır. İndiyədək İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox mötəbər tədbirlərə imza atmışıq. İslam mədəniyyətini dünyada təbliğ etmək üçün müxtəlif layihələr, təqdimatlar, sərgilər keçirmişik.
Azərbaycan bu günlərdə yenidən dünyanın diqqət mərkəzindədir. Təxminən bir ay sonra Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları respublikamızın təkcə Avropada deyil, ümumən İslam dünyasında güclü iqtisadi potensiala, zəngin mədəniyyətə, özünəməxsus dəyərlərə malik olduğunu, fərqli sivilizasiyaların dialoqu üçün münbit multikultural məkana çevrildiyini bir daha nümayiş etdirəcək.
Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə bu ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı tarixi qərarın qəbulu bu mənada obyektiv reallıqlara söykənir. Sərəncamda qeyd olunduğu kimi, “Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir.
Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır”.
Bütün bunlar respublikamızın İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsindəki əzmkar fəaliyyətinin müsəlman dünyası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) səviyyəsində yüksək dəyərləndirildiyinə dəlalət edir. Son 25 ildə bu təşkilata daxil olan ölkələrlə çoxşaxəli və ikitərəfli əməkdaşlıq sahəsində əldə olunan pozitiv nəticələri xüsusi vurğulamaq lazımdır. Azərbaycan müstəqillik illərində dini, tarixi, siyasi və mənəvi dəyərləri ilə bir-birinə bağlı olan müsəlman ölkələrinin uğurlu birlik modeli kimi özünü təsdiqləyən, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İƏT ilə əməkdaşlıq istiqamətində ardıcıl dövlət siyasəti yürütmüşdür. Azərbaycan bu təşkilatla qarşılıqlı faydalı münasibətlər qurmaqla ümummilli maraqlarını daha geniş coğrafi arealda müdafiə etmək, üzləşdiyi bir sıra problemləri beynəlxalq birliyə çatdırmaq baxımından əlverişli tribuna qazanmışdır.
Hazırda biz ölkəmizdə və bütün dünyada böyük maraq və xoş bir həyəcanla gözlənilən mötəbər idman hadisəsinə - IV İslam Həmrəyliyi Oyunlarına günbəgün yaxınlaşırıq, artıq təşkilati istiqamətdə bütün tədbirlər həyata keçirilir. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları yarışlarının tarixində yeni mərhələ olacaq. Çünki Azərbaycan artıq dinamik inkişafına görə dünyada aparıcı idman ölkəsi kimi tanınır və qəbul edilir.
Respublikamız təkcə İslam aləmində deyil, ümumən bütün dünyada həmrəyliyin və əmin-amanlığın təntənəsinə xidmət edən bu idman tədbirini sülh, sabitlik və yüksək bayram ovqatında keçirməklə beynəlxalq ictimaiyyətə növbəti dəfə müasir şəhər infrastrukturunu, turizm imkanlarını, qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək əzmini, ən nəhayət, yüksək tolerantlığını və qonaqpərvərliyini əyani şəkildə göstərəcək. Bu qlobal idman tədbiri ümumən müasir Azərbaycanın dünyaya dolğun şəkildə təqdimatı, qazandığımız uğurların, habelə üzləşdiyimiz münaqişə ilə bağlı əsl gerçəkliklərin dünyaya çatdırılması baxımından da unikal təbliğat platformasıdır.
Xüsusi vurğulamaq lazımdır ki, respublikada təşkil olunan beynəlxalq tədbirlər ilk növbədə uzun illər ərzində formalaşmış ictimai-siyasi sabitlik və iqtisadi inkişaf amilləri ilə şərtlənir. Azərbaycanın siyasi baxımdan təhlükəsiz ölkə olmasını, ilbəil artan iqtisadi imkanlarını, demokratikləşmə xəttinə sadiqliyini nəzərə alan müxtəlif beynəlxalq təşkilatlar, habelə ölkələr qlobal tədbirlərin keçiriləcəyi məkanı müəyyənləşdirərkən Bakı şəhərinə xüsusi üstünlük verirlər. Biz buna sevinirik və dərk edirik ki, belə bir münasibət dünya ölkələrinin, o cümlədən İslam dövlətlərinin Azərbaycana olan hörmət və inamının təzahürüdür.
Belə tədbirlər ölkəmizin beynəlxalq səviyyədə təbliğinə xidmət etməklə respublikamızın müxtəlif mədəniyyət və sivilizasiyaların qovşağındakı unikal coğrafi mövqeyini, dözümlülük və icmalararası sülh ənənələrini, mədəni və etnik rəngarəngliyini bütün dünyaya nümayiş etdirmişdir. Son illər Azərbaycanla İƏT ölkələri arasında humanitar və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlar da məhz bu məqsədə xidmət etmişdir. Respublikamızın müsəlman dövləti kimi İslam dəyərlərinə hörmət və ehtiramla yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaratmışdır.
Hazırda Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz fəallığı və nüfuzu müsəlman dünyasında da yüksək dəyərləndirilir. İslami inanclara və milli-mənəvi dəyərlərə xüsusi həssaslıq nümayiş etdirən ölkənin birinci xanımının fəaliyyəti İƏT üzvü olan dövlətlər tərəfindən alqışlanır və təqdir edilir. Mehriban xanım Əliyevanın İslam Ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) xoşməramlı səfiri adına layiq görülməsi də bütövlükdə Azərbaycanın qazandığı yüksək nailiyyətdir. Qürur doğuran haldır ki, ISESCO-nun xoşməramlı səfiri adı qadınlar arasında ilk dəfə məhz Mehriban xanım Əliyevaya verilmişdir.
Birinci vitse-prezidentin humanitar sahədə fəaliyyəti və layihələri bu gün artıq ölkəmizdə yeni bir hərəkata çevrilib. Mehriban Əliyevanın “Eurovision” musiqi yarışmasının yüksək səviyyədə keçirilməsində xüsusi xidmətləri olub. I Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi geniş fəaliyyəti və nüfuzu dünya səviyyəli bu idman hadisəsinin təşkilində böyük rol oynayıb. Həmin yarışlar Avropa ideyasına güclü təkan və yeni Avrasiya meyarı verib. Gəlin unutmayaq ki, bu işlə sadəcə təyin edilmiş məmur deyil, fəal həyat mövqeyi, bitib-tükənməyən enerjisi və güclü xarizması olan mütərəqqi əqidəli bir insan məşğul olub. Azərbaycanın birinci xanımının inkişafa, tərəqqiyə doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılığa çevrilib. Mehriban xanım Əliyeva bu tarixi miqyaslı tədbirlərin həm də diplomatı olub. Şəksiz ki, onun izi diplomatiya dünyasında da qalacaq. Ölkəmizi Şərqin qədim mədəniyyətinin əsas ocaqlarından biri kimi tanıtmaq, musiqimizdən tutmuş idmana qədər bütün sahələrdə ənənələrimizi sevdirmək onun beynəlxalq miqyasdakı fəaliyyətinə xüsusi milli məna və çəki verib. Onun gördüyü işlər bəhrəli və nəticəlidir. Bu tədbirlərin ilkin nəticəsi Azərbaycanın dünyadakı dostlarının sayının artmasıdır. Həm də bu dostlar kimdir? Beynəlxalq aləmdə sözü keçən, səsi eşidilən, tanınan insanlar. Onlar ölkəmizə gəlib bizim yaşayışımızı, həqiqətlərimizi, xalqımızın nəcibliyini və tərəqqisini görür və dünyaya çatdırırlar. Namərd qonşularla ideoloji mübarizədə bunun əhəmiyyəti misilsizdir.
Digər tərəfdən, bu tədbirlər sayəsində biz də dünyanı daha yaxşı tanıyır, öyrənirik. Əbəs yerə demirlər ki, inteqrasiya ilk növbədə insan münasibətləri üzərində qurulur. Alimlərimiz, elmi qüvvələrimiz, fəal gənclərimiz də beynəlxalq yönümlü müxtəlif layihələrə qoşulur, onlardan faydalanırlar. Bütün bunlar dünyaya daxil olmağımıza, qaynayıb-qarışmağımıza böyük yollar açır.
Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə yenə də əzmlə rəhbərlik edir. Burada nə qədər böyük məsuliyyət var! Oyunlarla bağlı keçirilən iclaslarda o, dəfələrlə bildirib ki, indiyədək ölkəmiz bir çox irimiqyaslı beynəlxalq tədbirlərə imza atıb. O cümlədən uğurla keçirilən I Avropa Oyunları xüsusi qeyd edilməlidir: “Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları da eyni səviyyədə hazırlanıb keçiriləcək və müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq”.
İki il ərzində çox böyük iki idman yarışının təşkilatçısı olmaq sevincini heç də hər ölkə yaşamır. Belə bir etimadı yalnız ən layiqlilər qazanır. IV İslam Həmrəyliyi Oyunlarının iştirakçısı olan ölkələrin nümayəndələri 2015-ci ildə Bakıda keçirilmiş
I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinin bütün dünyada necə böyük rəğbətlə qarşılandığını yaxşı bilirlər. Onda, 2015-ci ilin iyun günlərində bütün yollar Avropanı Azərbaycana gətirmişdi və hamı da qitəmizin idman hərəkatında yeni mərhələyə start verən avropalı gənclərin bu yarışların ən yüksək səviyyədə təşkilini, onlara göstərilən Azərbaycan qonaqpərvərliyini yekdilliklə etiraf etmişdi. Çünki Bakı I Avropa Oyunlarının paytaxtı, Azərbaycan isə bu yarışların vətəni kimi öz missiyasını yerinə yetirmiş, etimadı layiqincə doğrultmuşdur.
Standartları olmayan mötəbər idman tədbirinə yüksək təşkilatçılıqla hazırlaşmaq, infrastrukturdan tutmuş texniki məsələlərə, viza rejiminə qədər bütün işləri yüksək səviyyədə həyata keçirmək təkcə layiqli təşkilatçılığın deyil, həm də həqiqi vətənpərvərliyin, Azərbaycan sevgisinin təcəssümü idi. Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva I Avropa Oyunlarına hazırlığı yüksək vətənpərvərliklə, xalqa və dövlətə sonsuz sevgi hissi ilə həyata keçirdilər. Cəmi iki il müddətində ölkədə yeni idman qurğuları inşa edildi, mövcud idman mərkəzləri təmir olundu. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Vaterpol Arenası, Dağ velosipedi parkı, Bakı Atıcılıq Mərkəzi, Bakı Kristal Zalı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi və digər idman obyektləri mötəbər yarış üçün hazır vəziyyətə gətirildi. Bakıya gələn nümayəndə heyətlərinin, jurnalistlərin yerləşməsi üçün Atletlər və Media kəndlərinin yaradılması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, viza rejiminin sadələşdirilməsi və digər tədbirlər görülən işlərin yalnız cüzi qismi idi. “Bakı-2015” qitəmizin idman hərəkatında yeni bir dövrə inamla start verdi və əsl təşkilatçılıq nümunəsi göstərib Avropa Olimpiya Komitəsinin etimadını şərəflə doğrultdu, ölkəmizin ən yaxşı idmançılarının 50 dövlət arasında yalnız Rusiyadan geri qalıb komanda hesabında ikinci yeri tutmaları isə möhtəşəm idman bayramına xüsusi gözəllik verdi, fantastik nailiyyət kimi qarşılandı.
Yüksək komanda işinə, vətən, torpaq, yurd sevgisinə görə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın I Avropa Oyunlarından sonra - 2015-ci il iyunun 29-da ölkə başçısı tərəfindən “Heydər Əliyev ordeni” ilə təltif olunması da həmin əzmkar fəaliyyətə verilən adekvat qiymət idi. Ümumilikdə ilk Avropa Oyunları zamanı bir daha təsdiqləndi ki, Heydər Əliyev Fondunun prezidenti ulu öndərin ideyalarına tapınaraq Azərbaycanın dünyada tanıdılması istiqamətində fəal, ardıcıl, sistemli iş aparır.
Artıq aprelin 5-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib. Bu dəfə də bütün yollar İslam dövlətlərini Azərbaycana istiqamətləndirəcək. Oyunlarda 57 ölkənin 3 mindən çox idmançısı iştirak edəcək. Bu isə Oyunların tarixində rekord bir göstərici olacaq. O da şübhəsizdir ki, idman yarışları təkcə qələbə və rekordlar uğrunda gərgin mübarizə meydanı deyil. Bütün yarışlar ilk növbədə müxtəlif ölkələrin insanları ilə yaxından ünsiyyətdə olmaq, dostluq münasibətləri yaratmaq, qarşılıqlı anlaşma əlaqələri qurmaq, sonralar onları daha da inkişaf etdirib möhkəmləndirmək imkanı verir. Prezident İlham Əliyevin çıxışlarında dediyi kimi, İslam Həmrəyliyi Oyunları böyük siyasi, mədəni tədbirdir, böyük ictimai hadisədir: “Biz istəyirik ki, bütün dünya bilsin və görsün ki, İslam sülh dinidir, mərhəmət dinidir. Bizim qədim mədəniyyətimiz var və biz mədəniyyətimizlə fəxr edirik”.
IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında qarşılıqlı hörmət və anlaşma əlaqələrinin, birliyin möhkəmləndirilməsinin və inkişaf etdirilməsinin parlaq təntənəsinə çevriləcək.

İradə ƏLİYEVA,
“Azərbaycan”