Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət İmtahan Mərkəzinin Bərdədə keçirdiyi imtahanda altı rayondan olan abituriyentlər iştirak edib

09 Aprel 2017
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da Bərdə şəhərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib.

DİM-nin Bərdə regional bölməsinin müdiri kimya üzrə fəlsəfə doktoru Samir Əliyev AZƏRTAC-a bildirib ki, Bərdə şəhər 5 nömrəli tam orta məktəbində təşkil olunan imtahanlarda bu rayondan, həmçinin Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və Yevlaxdan olan abituriyentlər iştirak edib. İmtahanların keçirilməsi üçün məktəb binasında 5 zal ayrılıb. Ümumilikdə 135 abituriyentin iştirakı nəzərdə tutulan imtahanın idarə olunmasına 1 imtahan rəhbəri və 10 nəzarətçi-müəllim cəlb edilib.

Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binaya polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.

Saat 13:00-da başlayan imtahan təlimata uyğun aparılıb və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.