Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

08 Aprel 2017
 

Qərar № 2/4

 

2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 12 oktyabr tarixli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar “Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları”na 1 saylı Əlavənin “I mərhələ - Namizədliyin irəli sürülməsi” hissəsinin üçüncü abzasının b) bəndində “seçkilər günü 35 yaşı tamam olması və ya yaşının 35-dən yuxarı” sözləri “seçkilərdə iştirak etmək hüququna malik” sözləri ilə əvəz olunmalıdır.

Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliyin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci,  Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,   19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 iyul tarixli 6/23-7 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları”na 1 saylı Əlavənin “I mərhələ - Namizədliyin irəli sürülməsi” hissəsinin üçüncü abzasının b) bəndində “seçkilər günü 35 yaşı tamam olması və ya yaşının 35-dən yuxarı” sözləri “seçkilərdə iştirak etmək hüququna malik” sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

07.04.2017