Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin sabahkı plenar iclasında 40 məsələ müzakirə ediləcək

06 Aprel 2017
Aprelin 7-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 40 məsələ müzakirə olunacaq.

Əvvəlcə İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinləniləcək.

Sonra “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında” və “Azərbaycan Respublikasının Hökuməti ilə Venesuela Bolivar Respublikasının Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” sazişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri, “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı”nın təsdiq edilməsi, 1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə”nin 5-ci maddəsinə dəyişiklik və əlavələrin edilməsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notalar Mübadiləsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin” Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.

Deputatlar “Meliorasiya və irriqasiya haqqında”, “Siyasi partiyalar haqqında”, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Veteranlar haqqında”, “Milli arxiv fondu haqqında”, “Təhsil haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Aviasiya haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Dövlət satınalmaları haqqında”, “Banklar haqqında”, “Dövlət borcu haqqında”, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar. “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası qanun layihəsi də müzakirə olunacaq.

Daha sonra “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət himni haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi nəzərdən keçiriləcək.

İclasda, həmçinin Vergi, Cinayət, İnzibati Xətalar, İnzibati Prosessual, Mülki Prosessual, Mülki, Cinayət, İnzibati Xətalar, Cinayət, Mülki, Seçki, Mülki Prosessual, Miqrasiya, Mülki Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılacaq.