Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mixail Korb: Estoniya Azərbaycanla iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldırmaq arzusundadır

06 Aprel 2017
Aprelin 6-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Estoniya Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, spiker qonağın Estoniya parlamentində fəaliyyətini xatırlayaraq, onun qanunverici orqanda Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri kimi gördüyü işləri yüksək qiymətləndirdi. Ümidvar olduğunu bildirdi ki, yeni vəzifədə o, münasibətlərimizin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcək.

Bildirildi ki, ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar xüsusi rol oynayıb. Siyasi dialoqun yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin həyata keçirilməsi həyatın müxtəlif sahələrində əməkdaşlığımızın gələcək inkişafı baxımından çox əhəmiyyətlidir.

Sədr parlamentlərarası əlaqələrin inkişafından söz açaraq, deputatlarımızın mütəmadi görüşlərini, beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparmalarını təqdir etdi.

Bildirildi ki, hər iki dövlət qısa zaman kəsiyində qarşıya qoyulmuş hədəflərə çatmaq üçün böyük yol qət edib. Bu yolun davam etdirilməsi, xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı vacib məsələlərdəndir. Biz etibarlı tərəfdaşlarla, dost ölkələrlə münasibətlərimizin daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk.

Oqtay Əsədov ölkəmizdə həyata keçirilən qlobal layihələrdən danışaraq, Azərbaycanın Şimal-Cənub, qədim İpək yolunun bərpası kimi nəqliyyat dəhlizlərinin reallaşmasındakı rolu, Avropanın enerji təhlükəsizliyinə töhfələri barədə qonağa məlumat verdi. Qeyd edildi ki, qarşı tərəfin də bu kimi layihələrə marağı xalqlarımızın ümumi mənafeləri baxımından başadüşüləndir.

Mixail Korb ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söylədi. Bildirildi ki, onun təmsil etdiyi ölkə Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi, mədəni əlaqələrin daha da inkişafında maraqlıdır. Siyasi münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi əlaqələrimizin iqtisadi gələcəyinə də böyük ümidlərlə baxmağa şərait yaradır.

Estoniyanın dövlət idarəçilik naziri ölkəsinin Azərbaycanın fəal iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq istəyini, poçt-rabitə sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətini dilə gətirdi. Bildirildi ki, təkcə bu il iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. Ancaq Estoniya Azərbaycanla iqtisadi münasibətlərini keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmaq arzusundadır. Bu baxımdan lazımi addımların atılması üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi çox əhəmiyyətlidir.

Görüşdə Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hacı Salayev, ölkəmizin Estoniyadakı səfiri Murad Nəcəfbəyli, Estoniyanın Azərbaycandakı səfiri xanım Marin Mitus və digər rəsmi şəxslər iştirak ediblər.