Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi qapılarını ziyarətçilərin üzünə açıb

06 Aprel 2017
Aprelin 6-də Bakı Ekspo Mərkəzində turizm biznesinin peşəkarları üçün nəzərdə tutulmuş aparıcı tədbir olan XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2017) sərgisi öz qapılarını ziyarətçilərin üzünə açıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi, həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir. Dünya Turizm Təşkilatı (“UNWTO”) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (“PATA”) “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Sərginin açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev “AITF-2017”nın əhəmiyyətindən danışıb. Bildirib ki, keçirildiyi illər ərzində “AITF” sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilib. Son illər ölkəmizin turizm sahəsində qazandığı uğurlardan söz açan nazir qeyri-neft sektoru sahəsi olan turizmin inkişafına göstərilən dövlət qayğısından bəhs edib.

Tədbirdə çıxış edən digər natiqlər də ənənəvi olaraq keçirilən sərginin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Bildirilib ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Aprelin 8-dək davam edəcək sərgidə ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilindəki istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur. Milli stendlər arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın stendləri, eləcə də “Roqaşka Slatina” (Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən stendlər yer alıb. Bu il ilk dəfə sərgidə Kolumbiya və Kuba da iştirak edir.