Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirə edilib

05 Aprel 2017
Aprelin 5-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda cari məsələlər müzakirə edilib.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək gündəlikdəki məsələlər haqqında məlumat verib. Bildirib ki, gündəliyə İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi və “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi daxildir.

Əvvəlcə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslərin təyin edilməsi məsələsinə baxılıb. Rafael Hüseynov bildirib ki, İTV-nin Yayım Şurasına üzv kimi iclasda Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi - Aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovun namizədliyi irəli sürülüb.

Sonra namizədlərin plenar iclasa tövsiyə olunması üçün səsvermə keçirilib.

Sonra “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirə edilib. Layihədə Azərbaycanda kabel şəbəkəsinin yayımı ilə bağlı yeni müddəalar əksini tapıb.

Komitə sədri qeyd edib ki, layihə 17 maddədən ibarət olsa da, kabel şəbəkəsi yayımı ilə bağlı ortaya çıxan bütün məsələləri əhatə edir. Qanun layihəsinin birinci məqsədi kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq, ikinci məqsədi isə ondan istifadə edənlərin marağının təmin edilməsidir. Həmin yayım üçün əlverişli mühit yaratmağın da məqsədlərdən biri olduğunu deyən R.Hüseynov bildirib ki, bu qanunda sahibkarların, abonentlərin marağını nəzərə almaqla yanaşı, dövlətin və xalqın marağı da nəzərə alınıb.

İclasda iştirak edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov bildirib ki, Azərbaycanda 17 kabel, 15 İP televiziya olmaqla ümumilikdə 32 bu tip televiziya kanalı fəaliyyət göstərir. O qeyd edib ki, 2002-ci ildə teleradio ilə bağlı qanun qəbul olunduqda kabel şəbəkəsi o qədər də inkişaf etməmişdi. Lakin zaman bu sahədə böyük dəyişikliklərin baş verməsinə gətirib çıxardı ki, bu da yeni qanuna ehtiyac yaratdı. Bu gün nəinki Bakı və Sumqayıt, Gəncə və Mingəçevir də bu şəbəkə ilə əhatə olunub. Əvvəllər bu xidmətdən istifadə edən insanlar 40-50 xarici kanala baxırdılarsa, hazırda 100-dən çox kanala baxa bilirlər. Son 1 ildə 15 hüquqi şəxs bu yayımla məşğul olmaq üçün MTRŞ-yə müraciət edərək lisenziya alıb. Xarici kanalların Azərbaycanda göstərilməsi ölkə televiziyalarının reklamlarına birbaşa ciddi zərbədir. Bu baxımdan xarici kanalların reklamları məhdudlaşdırılır. Bundan əlavə, xarici kanalların kabel şəbəkəsində yayımı ilə bağlı qeydiyyatdankeçmə məsələsi də var ki, yeni qanun layihəsində bu məsələlərə yer ayrılıb.

Nuşirəvan Məhərrəmov qeyd edib ki, Azərbaycan telekanallarında reklam olduqca aşağı səviyyədədir. Buna səbəb insanların qonşu Türkiyə və Rusiya kanallarına üstünlük vermələrindədir. İnsanlarımız həmin ölkələrin dillərini sərbəst bildiklərinə, o telekanallardakı proqramlar vətəndaşlara maraqlı gəldiyi üçün onlara baxırlar. Bu baxımdan həmin ölkələrin telekanallarının reklamları da çox rahat formada bizim ölkə bazarında yer tapır. Amma bunun da çarəsi var. Məsələn, kabel televiziyaları həmin ölkələrin kanallarını yayımlayarkən reklamlar zamanı hansısa vasitə ilə o hissəni dayandıra bilərlər. Ümumiyyətlə, yeni qanun layihəsi imkan verəcək ki, biz bunun da həllini tapaq. Təbii ki, ilk növbədə sərt tədbirlərə üstünlük verilməyəcək.

Qanun layihəsi plenar iclasa tövsiyə olunub.