Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

05 Aprel 2017
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi ilə əlaqədar Çin hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan Sizə və Sizin simanızda dost Azərbaycan xalqına və Azərbaycan hökumətinə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasından ötən 25 il ərzində Çin-Azərbaycan münasibətləri yüksək səviyyədə və sabit inkişaf edir. Qarşılıqlı siyasi etimad daim dərinləşir, əməkdaşlığın müxtəlif sahələrində səmərəli nəticələr əldə olunub, beynəlxalq və regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyət davam edir.

Bütün bunlar hər iki dövlətin və onların xalqlarının rifahı naminə real səmərə verir. Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm. Diplomatik münasibətlərimizin yaradılmasının 25 illiyi fürsətindən istifadə edərək Çin ilə Azərbaycan arasında dostcasına əməkdaşlığın təməlini daha da möhkəmlətmək üçün Sizinlə birlikdə səy göstərməyə, dövlətlərimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin və müxtəlif sahələrdə əməkdaşlığın tərəqqisinə nail olmaq üçün fasiləsiz çalışmağa hazıram.

Azərbaycana firavanlıq və inkişaf, onun xalqına səadət və əmin-amanlıq arzu edirəm.

Sizə möhkəm cansağlığı və uğurlar diləyirəm.

Hörmətlə,

 

Si Cinpin

Çin Xalq Respublikasının Sədri

Pekin şəhəri, 2 aprel 2017-ci il