Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

05 Aprel 2017
Aprelin 5-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov iclası açaraq gündəlik barədə məlumat verib.

Əvvəlcə komitə üzvləri “Vətəndaşların müraciətləri haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirə ediblər. Bildirilib ki, təklif edilən dəyişiklik “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli sənədə uyğunlaşdırmaq məqsədi daşıyır. Qeyd olunub ki, layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir.

İclasda “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsinə baxılıb. Sənədi şərh edən Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinə bəzi texniki düzəlişlərlə yanaşı, yeni 7.11-ci maddə əlavə edilib. Qeyd olunub ki, yeni maddəyə əsasən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyəti müəyyənləşdiriləcək. Vurğulanıb ki, təklif olunan dəyişikliklər korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi daşıyır.

Sonra “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə edilib. Komitə sədri bildirib ki, müzakirə edilən sənədlər mahiyyət baxımından bir-birləri ilə bənzərlik daşıyırlar. Bu sənədə edilən dəyişikliklər də korrupsiya ilə mübarizənin gücləndirilməsi və bu sahədə effektivliyinin artırılması məqsədi daşıyır. Belə ki, cinayət yolu ilə əldə edilmiş sərvətin, qeyri-leqal qazanılmış var-dövlətin sahiblərinə xəbərdarlıq edilmədən aktivləri dondurulacaq.

Müzakirələrdən sonra təqdim olunan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.