Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında

05 Aprel 2017
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə şəkər çuğunduru istehsalının stimullaşdırılması məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4,0 (dörd) manat məbləğində subsidiya ödənilir;

1.2. kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 2017-ci ildən şəkər çuğunduru əkinlərinə şamil edilmir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etsin;

2.2. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu fərmanın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,  4 aprel 2017-ci il